Görəsən, insan rahatlıq bölgəsindən çıxdığı üçünmü içindəki “div”i ortaya çıxarır və potensialını ortaya qoyur? Yoxsa əzmkarlıqla və səbirlə istədiyinə nail olmaq arzusunda olan biri üçün məkanın heç bir əhəmiyyəti yoxdur? Nə səbəb olursa-olsun, hər halda həyat üçün ən dəyərli nemət olan azadlıq hüququ əlindən alınmış birinin dəmir barmaqlıqlar arxasında belə olsa, yaradıcılıq qabiliyyətindən məharətlə istifadə edə bilməsi qibtə ediləsi bir haldır. Bu cür çətin şərtlər altında insanlıq üçün böyük sərvət sayılacaq ölməz əsərlərin ərsəyə gətirilməsi azadlıqda ola-ola heç bir iş görməyən insanlar üçün bir ibrət dərsi olmalıdır.
Dəyərli oxucu, bəli, artıq düşündüyünüz kimi sizlər üçün cəzaçəkmə müəssisələrində yazılan əsərlər haqda məlumat vermək istəyirəm. Düzdür, bu siyahı tam deyil, bəlkə də siyahı hazırlamağa cəhd göstərsək, dəmir barmaqlıqlar arasında yazılmış yüzlərlə belə əsər müəyyən etmək olar. Bizim burada məqsədimiz, sözügedən məsələyə dair tam siyahını sizlərə təqdim etmək deyil. Bizim amalımız, iyirmi nümunə müstəvisində insanın yaradıcılıq qabiliyyətindən ən çətin şərtlərdə belə istifadə edə bilməsinin mümkünlüyünü göstərməkdir. Beləliklə, keçək mətləbə…
Daniel Defo – “Robinzon Kruzo”
Adam yaşamayan adaya düşən insanın təbiət qüvvələrinə qarşı mübarizə əzmini, iradə möhkəmliyini, dözümlülüyüni, yaradıcı əməyini təsvir edən “Robinzon Kruzo” romanı ingilis yazıçı Daniel Defo tərəfindən Madriddə cəzaçəkmə müəssisəsində olarkən yazılıb.
Con Banyon Bedford – “Piliqrimin yolu”
İngilis yazıçısı Con Banyon Bedford məşhur olan bu əsərini dini ayinlərin keçirilməsini qadağan edən qaydaları pozduğuna görə həbsxanaya salındığı vaxtlarda qələmə alıb.
Migel de Servantes – “Don Kixot”
Bir nəfəri dueldə yaraladığına görə 15 sentyabr 1569-cu il tarixdə həbs edilən Servantes dəmir barmaqlıqlar arxasında bu günə də sevilərək oxunan məşhur romanlardan biri olan “Don Kixot”u yazmışdır.
Martin Lüter Kinq – “Birmingem həbsxanasından məktub”
Həyatı boyunca 29 dəfə həbs edilmiş olan afroamerikan insan haqları hərəkatının liderlərindən biri, dini rəhbər və aktivist olan Martin Lüter Kinq məhbus həyatı yaşadığı bu həbslərin birində birlik, bərabərlik və kömək üçün din adamlarına müraciət formasında olan “Birmingem həbsxanasından məktub” adlı əsərini ərsəyə gətirmişdir.
Markiz de Sad – “Sadomun 120 günü”
Təxminən ömrünün 29 ilini həbsxanada, 13 ilini isə ağıl xəstəxanasında keçirmiş fransız yazıçısı Markiz de Sad bir çox əsərini, o cümlədən “Sadomun 120 günü” adlı romanını məhz 1785-ci ildə Bastiliyada həbsdə olarkən yazmağa başlayıb. Nə qədər təəccübünüzə gəlsə də, o, 12 metrlik tualet kağızına yazmış olduğu bu romanı 37 günə tamamlayıb. Qeyd edək ki, bu əsər hazırda da olduqca mübahisəli bir əsər olaraq qəbul edilir. Məşhur rejissor Pasolini əsərin müasir dövrümüzə uyğunlaşdırılması olan “Salo və ya Sodomun 120 Günü” filmini çəkib. Bir sıra mütəxəssislərin fikrincə, sadizmin mənşəyi Markiz de Sadın sözü gedən əsərinə əsaslanır.
Sabahattin Əli – “Aldırma Gönül”
Türkiyə şairi və yazıçısı Sabahattin Əlinin 1932-1933-cü illər ərzində Sinop həbsxanasında olarkən yazdığı əsər hər kəs tərəfindən bəyənilib. Bu bəstələnmiş şeirin kədərli sözləri indi muzeyə çevrilən həbsxanaya gələnləri “qarşılayır”. Qeyd edək ki, bu şeir onun “Həbsxana mahnısı” adlı beş şeirindən sonuncusu və ən məşhur olanıdır. Aldırma Gönül adı ilə məşhur olan şeir cəmi beş dördlükdən ibarətdir.
Vladimir Lenin – “Rusiyada kapitalizmin inkişafı”
SSRİ-in qurucusu Vladimir Lenin “Rusiyada kapitalizmin inkişafı” adlı monoqrafiyaya cəzaçəkmə müəssisəsinə düşdüyü vaxt, yəni 1896-cı ildə başlayıb. Rus inqilabçısı bu kitabı nə az, nə çox, düz üç ilə tamamlayıb.
Yolter Reyli – “Dünya tarixi”
O, bu kitabını həbsxanada cəza çəkərkən yazıb.
Adolf Hitler – “Mein Kampf” (“Mənim mübarizəm”)
İkinci dünya müharibəsinin “baş memarı”, hərbi cani Adolf Hitler Landsberq həbsxanasında olarkən dostu Rudolf Hesslə birlikdə “Mein Kampf” (“Mənim mübarizəm”) adlı ikicildlik kitabını qələmə alıb. Kitabda öz həyatından, siyasi baxışlarının dəyişilməsində rol oynayan təsirlərdən, yəhudilər haqqındakı görüşlərindən, müharibə xatirələrindən və digər mühüm məsələlərdən bəhs olunur. Uzun illər insanları təsirə salan 10 kitabdan biri hesab edilən “Mein Kampf” (“Mənim mübarizəm”) əsəri haqqında sonralar Böyük Britaniyanın sabiq baş naziri olmuş Vinston Leonard Spenser Çörçill bu etirafı etmişdi: “Vaxtında bu əsəri ciddiyə alıb oxusaydıq, ikinci dünya müharibəsinin baş verməsinə əngəl olardıq”.
Mahatma Qandi – “Mənim həyatım”
Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri Mahatma Qandinin dəmir barmaqlıqlar arasında qələmə aldığı “Mənim həyatım” əsəri təkcə avtobioqrafik səciyyə daşımır. O, bu kitabda həmçinin insan azadlığı, müstəqillik, dinc mübarizə yolları ilə bağlı düşüncələrini də dilə gətirir.
O Henri – “Hekayələr”
Əsl adı Uilyam Sidney Porter olan amerikan yazıçısı O. Henri Texas banklarının birində kassir işləyirdi. İşlədiyi bankdan pul mənimsəməkdə günahlandırıldığından bir müddət polislərdən qaçıb gizlənsə də, bir gün onu tuturlar və üç il azadlıqdan məhrum etmə cəzasına məhkum edirlər. Bundan sonra cəzaçəkmə müəssisəsində dünya ədəbiyyatının peşəkar bir hekayə yazıçısı “doğulmuş” olur. Belə ki, Uilyam Sidney Porter O Henri adlı şəxsə çevrilir. İlk hekayəsini də məhz burada yazır: “Dika Svistunun doğum günü hədiyyəsi”.
Marco Polo – “Marco Polonun səyahətləri”
Həbsxanada olan 44 yaşlı tacir Marco Polo Çinə səyahətindən və Monqol hökmdarı Xubilay xanın xidmətində keçirdiyi illərdən danışaraq digər məhbusları əyləndirməyə başlayıb. Polonun hekayələri onun həbsxana yoldaşları olan yazıçı Pizalı Rustichello və məhbus yoldaşının diqqətini çəkdi. Daha sonra Polo və dostları “Səyahətlər” kimi tanınan kitabı yazmağa qərar verdilər. Bu epik səyahətnamə Polonu dünyanın ən məşhur şəxsiyyətlərindən birinə çevirdi.
Nazim Hikmət – “Yatar Bursa qalasında”
Kommunist əqidəsinə görə vətənində mühakimə olunan böyük türk şairi Nazim Nikmət “Yatar Bursa qalasında” adlı şeirini ona yazığı gələn Cahit Sıtkı kimi şairlərə cavab olaraq yazıb. Sonralar isə həmin şeir şairin poetik toplularından birinin adına çevrilib.
Harri Qrey – “Quldurlar”
Amerika yazıçısı Harri Qreyin həbsxanada qələmə aldığı “Quldurlar” adlı əsərinin motivləri əsasında məşhur “Bir zamanlar Amerikada” filmi çəkilmişdi. O, bu avtobioqrafik romanda real quldurları qələmə aldığını etiraf edib.
Ezra Paund – “Pisan Cantos”
Amerikalı sürgün edilmiş şair, tənqidçi və ilk modernist hərəkatının böyük şəxsiyyətlərindən olan Ezra Paund Mussolini rejimini dəstəkləyirdi. Mussolinin qətlindən iki gün sonra o, amerikalı əsgərlərə təslim olmağa cəhd etsə də, italyalı partizanlar tərəfindən əsir götürülmüşdür. Daha sonra o, Vaşinqtona aparılmış və 1943-cü ildə isə dövlətə xəyanət itihamı ilə mühakimə edilərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhz cəzaçəkmə müəssisəsində olarkən o, “Pisan Cantos” adlı əsərini meydana gətirmişdir.
Qreqori Devid Roberts – “Şantaram”
Avstraliya yazıçısının bu avtobioqrafik romanı özünün Hindistandakı həyatından bəhs edir. Kitabın bir hissəsi müəllifin olduğu hind həbsxanasının geniş təsviridir. Məhz Roberts həmin həbsxanada olarkən bu əsəri qələmə almağa başlayıb. Romanın əsas hərəkəti 1980-ci illərdə Hindistanda, Bombeydə (Mumbay) baş verir. Maraqlıdır ki, bu kitab çap olunandan sonra milyon tirajla satılıb. Belə ki, əsər ilk dəfə 2003-cü ildə Avstraliyada nəşr olundu və bir sürətlə bir çox dillərə tərcümə edildi. 2022-ci ilin oktyabrında romanın televiziya adaptasiyasının premyerası oldu.
Jan Qenet – “Çiçəklərin Məryəm anası”
1910-cu ildə uşaqlar evinə qoyulan körpə Jan yeddi yaşında zərgər ailəsi tərəfindən övladlığa götürülür. 10 yaşından oğurluğa başlayan gələcəyin məşhur fransız filosofu, yazıçısı və siyasi fəalı olacaq Jan 1926-cı ildə həbs olunur. 3 ay davam edən ilk məhbusluğunu yaşayanda 15 yaşında idi. Bu məşhur romanını da məhz həbsxanada olanda yazdı. Qeyd edək ki, Jan Qenetin öz məhkum yoldaşlarından kağız-qələm ala-ala yazdığı cəmiyyət tərəfindən qəbul olunmayan fahişələrin və digər əxlaqsız adamların həyatından bəhs edən bu roman sonralar bütöv bir nəslə təsir göstərmişdir.
Boetius – “Fəlsəfənin təsəllisi”
Roma dövlət xadimi, xristian ilahiyyatçısı və müqəddəsi Boetius müxalif fikirlərinə görə mühakimə olunub və zindana salınıb. Ona məhkəmədə hətta özünü müdafiə etməsinə belə imkan verməyiblər. Filosof düşüncələrini həbsxana divarları arasında qələmə almağa məcbur olub. Yazdığı qeydlərin mükəmməl fəlsəfi əsər olduğu türmədə işgəncələrə məruz qalaraq öləndən sonra aydınlaşıb. “Fəlsəfənin təsəllisi” adlı əsərini o, zindanda, öz edamından bir qədər öncə yazmışdı.
Bu əsərdə qadın obrazını almış və simalaşdırılmış Fəlsəfə ilə Boetiusin arasında dialoq baş verir. Öz edamını gözləyən Boesi artıq ədalətə inamını itirib, özü üçün ölüm arzulayır. Bu anda onun qarşısına bir əzəmətli xanımın simasında Fəlsəfə gəlir və onunla dərin mənalı söhbətlər apararaq ona təsəlli verir. Fəlsəfə Boesiyə onun dünyanın ədalətsiz olması və hər yerdə şərin hökm sürdüyü haqqında fikirlərinin yanlış olduğunu bildirir. Məsələ bundadır ki, bu dünya ədalətli olan Tanrı tərəfindən yaradılıb, idarə edilir. Tanrı isə, insanı ölməzlik üçün yaradıb. Onun əsl vətəni yer deyil, göylərdir. Bu cür fikirlərlə təsəlli tapmış Boetius ölümünü laqeydliklə qarşılamağa hazır olduğunu bildirir. Əsərin ikinci, üçüncü və dördüncü hissələri vardır.
Oskar Uayld – “Dərindən gələn sözlər”
Görkəmli irland yazıçısı Oskar Uayld 1895-ci ildə yeniyetmə lord Alfred Duqlasla sevgi münasibətinə görə “Ridinq” həbsxanasına düşmüşdür. Onun həmin həbsxanadan Alfredə yazdığı məktub sahibinə çatmasa da, sonradan kitab şəklində çap olunmuşdu. “Dərindən gələn sözlər” adlı bu məktub, əslində, bədii əsərdir.
Erich von Däniken – “Ulduzlara qayıdış”
Özünü sivilizasiyadan kənar varlıqlara və astronomiyaya həsr etmiş, Tanrı adlandırdıqlarımızın, əslində, Ay adamları olduğu iddiası ilə tədqiqatlar aparmış isveçrəli yazar Erich von Däniken “Ulduzlara qayıdış” adlı ikinci kitabını dələduzluqda təqsirləndirilərək məhkəmənin hökmü ilə azadlıqdan məhrum etmə cəzası verilərək göndərildiyi cəzaçəkmə müəsisisəsində olarkən yazmışdır.
Tərtib etdi: Yunis Xəlilov
Naxçıvan Dövlət Universitetinin (NDU) Hüquq fənləri kafedrasının baş müəllimi