Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin (Azərbaycan dövləti) birinci hissəsində deyilir: “Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır”.
Göründüyü kimi sözü gedən müddəa Azərbaycan Respublikasının əlamətlərini əks etdirir və bu cür müddəalar konstitusiya hüququ nəzəriyyəsində norma-tərif adlanır.
Zənn edirik ki, konstitusiyanın son dərəcə mühüm siyasi-hüquqi əhəmiyyət malik olan bu müddəası terminoloji nöqteyi-nəzərdən qüsurludur. Lakin xoşbəxtlikdən bu qüsurlu məqam ciddi təcrübi məsələlərə mənfi təsir göstərə bilməz və bu hal, sadəcə linqvistik xarakterlidir.
Fikrimizə aydınlıq gətirək. Məlum olduğu kimi “demokratiklik”, “hüquqilik”, “dünyəvilik” və “unitarlıq” respublikaya deyil, dövlətə xas olan əlamətlərdir. “Respublika” özü də dövlətə xas olan əlamət olub idarəetmə formasının bir növü hesab edilir. Bu baxımdan həmin müddəanın “Azərbaycan Respublikası demokratik, hüquqi, dünyəvi, unitar dövlətdir” redaksiyasında verilməsi hesab edirik ki, daha düzgün və dolğun olardı. Təsadüfi deyil ki, 18 oktyabr 1991-ci il tarixli “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının 12-ci maddəsinin birinci abzasına əsaslanan bu müddəa ilə bağlı orada deyilir: “Azərbaycan xalqı müstəqil, dünyəvi, demokratik, unitar dövlət yaradır…”. Özü də adı çəkilən Konstitusiya Aktına sadiq olmağımız Azərbaycan Respublikası Konstitusiyasının giriş hissəsindən (preambulasından) də aydın olur.
Müqayisə üçün qeyd edək ki, dünya dövlətlərinin konstitusiyalarında da bu cür analoji konstitusion norma-təriflərə rast gəlinir. Məsələn, Türkiyə Konstitusiyasının 2-ci maddəsində deyilir ki, “Türkiyə Cumhuriyyəti, cəmiyyətin rifahını, milli həmrəylik və ədalət anlayışı içində, insan haqlarına hörmət edən, Atatürk milliyyətçiliyinə bağlı, başlanğıcda (preambula nəzərdə tutulur – Yunis Xəlilov) öz əksini tapan prinsiplərə söykənən, demokratik, dünyəvi və sosial bir hüquq dövlətidir”. Macarıstan Konstitusiyasının “B” maddəsinin birinci hissəsinə əsasən isə “Macarıstan müstəqil, demokratik hüquqi dövlətdir”.
Rusiya Konstitusiyasının 1-ci maddəsinin birinci hissəsinə görə “Rusiya Federasiyası – Rusiya respublika idarəçilik forması olan demokratik, federativ hüquqi dövlətdir”.
Rumıniya Konstitusiyasının 1-ci maddəsinin üçüncü hissəsində qeyd olunur ki, “Rumıniya insan ləyaqətinin, vətəndaş hüquq və azadlıqlarının, insan şəxsiyyətinin azad inkişaf etməsinin, ədalət və siyasi plüralizmin ali dəyərlər kimi təmin olunduğu sosial, demokratik hüquq dövlətidir”.
Nümunələrin sayını çoxaltmaq da olar. Deyilənlərdən aydın olduğu kimi istər nəzəri baxımdan, istərsə də ölkədaxili Konstitusiya Aktı və xarici ölkələrin konstitusiyalarının müddəaları fikrimizi təsdiq edir.
Konstitusiyamızın haqqında söhbət açdığımız müddəasının mətninin təkmilləşdirilməsinə ehtiyac zərurətdən qaynaqlansa da, təəssüf ki, bu terminoloji xarakterli texniki yanlışlığı aradan qaldırmaq müşkül məsələdir. Çünki Azərbaycan Respublikasının Konstitusiyasının “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər təklif edilməsi təşəbbüsünün məhdudlaşdırılması” adlı 155-ci maddəsi bu məsələni həll etməyə imkan vermir. Belə ki, maddəyə görə “Bu Konstitusiyanın 1-ci, 2-ci, 6-cı, 7-ci, 8-ci və 21-ci maddələrində dəyişikliklər və ya onların ləğv edilməsi haqqında, III fəslində nəzərdə tutulmuş insan və vətəndaş hüquqları və azadlıqlarının ləğvi və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğundan daha artıq dərəcədə məhdudlaşdırılması haqqında təkliflər referenduma çıxarıla bilməz”.
Maddədə 7-ci maddəyə dəyişikliyə dair təklifin referenduma çıxarılması birmənalı olaraq qadağan edilmişdir. Bu isə, qeyd etdiyimiz kimi konstitusiyanın bəhs etdiyimiz maddəsindəki texnoloji xarakterli terminoloji dolaşıqlığı aradan qaldırmağa imkan vermir.
Onu da nəzərinizə çatdıraq ki, dəyişdirilmə üsuluna görə konstitusiyalar nəzəriyyədə iki qrupa ayrılır:
a) “Çevik” konstitusiyalar – başqa qanunlar üçün müəyyən edilmiş sadə qaydada dəyişdirilə bilir;
b) “Möhkəm” konstitusiyalar – Onlara dəyişikliklər edilməsinin mürəkkəb və çətin qaydaları vardır (ixtisaslı səs çoxluğu, ikiqat qərar, referendumda təsdiq, bəzi maddələrin referendumla dəyişdirilməsinin qadağan edilməsi və s.);
Hazırda dünyada “çevik” konstitusiyaya malik olan dövlət tapmaq demək olar ki, mümkün deyil. Çünki konstitusiyanı ölkədə qüvvədə olan digər qanunlardan fərqləndirlən ən başlıca xüsusiyyət ona dəyişikliklər edilməsinin asanlıqla olmamasıdır. Bu nöqteyi-nəzərdən Əsas Qanunumuzun 155-ci maddəsi nəzəri olaraq Azərbaycan Respublikası Konstitusiyasının “möhkəm” konstitusiyalar sırasına aid etməyə əsas verir və bu da çox təbii haldır.
Yunis Xəlilov
Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının baş müəllimi