1960-cı illərin əvvəllərində SSRİ Nazirlər Sovetində müzakirə olunan məsələlərdən biri də ölkənin ticarət, poçt, ictimai iaşə və bu kimi müəssisələrinə xidmət göstərən avtomobillərlə bağlı olub. Hesabatlardan məlum olub ki, bu sahələrə verilən böyük tonajlı yük maşınlarının yanacaq sərfiyyatı böyük itkilərə səbəb olur. Yəni, köşklərə qəzet-jurnal, mağazalara, yaxud da restoran və kafelərə ərzaq daşımaq üçün böyük yük maşınlarından istifadə etmək əlverişli deyil. Belə qərara alınıb ki, göstərilən sahələrə kiçik yük maşınlarının ayrılması daha sərfəli olar. Bu məqsədlə mikroavtobuslar istehsal edən Riqa Avtobus Fabrikində (RAF) “RAF-977K” yük furqonunun modeli layihələndirilib. Layihə SSRİ Nazirlər Sovetində təsdiqlənib. Amma yeni kiçik yük avtomobillərinin Riqada istehsalı mümkün olmayıb. Belə ki, “RAF”ın istehsal müəssisələrinin kiçik olması buna imkan verməyib.
Növbəti müzakirələrdə yeni qərarlar qəbul edilib, yeni avtomobil zavodunun tikilməsi planlaşdırılıb. Zavodun tikilməsi üçün SSRİ-nin bir neçə böyük şəhərinin adı çəkilsə də, bu məsələdə ermənilər çevik tərpəniblər. Başda həmin dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləyən Anastas Mikoyan olmaqla Moskvada ittifaq miqyaslı qurumlarda yüksək vəzifə tutan ermənilər hərəkətə keçiblər. Ermənilərin canfəşanlığı hədər getməyib. Hakimiyyətinin son aylarında Nikita Xruşov yeni avtomobil zavodunun Ermənitanda tikilməsinə razılıq verib.
Beləliklə, 1964-cü ildə Yerevan Avtomobil Zavodunun tikintisi başlayıb. 1966-cı ilin mayın 1-də ilk “YerAZ” avtomobili istismara buraxılıb.
Ermənilər avtomobil zavodunun Ermənistanda tikintisinə nail olsalar da istehsal etdikləri maşınlar SSRİ avtomobil sənayesinin ən keyfiyyətsiz maşınları sayılıb, “YerAZ” sözün əsl mənasında üz qarasına çevrilib.
Təsadüfi deyil ki, sovet dövrünün sürücüləri, elə erməni sürücülərinin özləri də “YerAZ” haqqında yekdil fikirdə olublar: “5 il sür və zibilliyə at”.
Amma məsələ ondadır ki, heç beş il ərzində də bu maşının sükanı arxasında olanlar rahatlıq tapa bilməyiblər.
“YerAZ” avtomobillərinin problemləri nədən ibarət olub? Ermənilər “RAF” kimi rahat bir maşının əsasında yığılan “YerAZ”ı nəyə işgəncə maşınına, SSRİ-nin avtomobil vitrininin ən “hörmətsiz” nümunəsinə çeviriblər?
Əvvəlcə onu qeyd edək ki, maşının mühərriki salonun ön hissəsində sürücü və onun yanındakı oturacağın ortasında çox qabarıq formada yerləşdirilib. Məhz bu sahədə elə bir darısqallıq yaranıb ki, ortaboylu və ortaçəkili olan sürücü öz yerində rahat əyləşə bilməyib. Mühərrikin salonun içərisində olması onun təmirinə də ciddi problemlər yaradıb. Mühərrik əsaslı şəkildə təmirə ehtiyac duyduqda isə onu salondan çıxarmaq əsl müşkülə çevrilib.
“YerAZ” istehsal ediləndə 1 tona qədər yük götürmək üçün nəzərdə tutulub. Amma nə mühərrik, nə də sürət qutusu bu yükü daşımaq imkanında olmayıb. Yəni nəzərdə tutulanlarla real imkanlar uyğun gəlməyib.
Maşının ən böyük problemlərindən biri kuzasının tez deformasiyaya uğraması olub. Ən kiçik bir qəza zamanı, yaxud da maşını yüngülvari harasa toxundurduqdan sonra zədələnmiş hissənin əvvəlki vəziyyətə gətirilməsi mümkün olmayıb.
Maşınlar zavodda o dərəcədə keyfiyyətsiz yığılıb ki, onlar təyinatları üzrə öz yerlərinə çatanda sürücülərin yeni avtomobillərə əl gəzdirməsi zəruri sayılıb. Ümumiyyətlə, bu avtomobilləri normal işlək vəziyyətdə saxlamaq üçün hər gün onların kiçik təmirinə 1-2 saat vaxt sərf edilib. Yəqin elə bu səbəbdən də sovet dövründə müəssisə rəhbərləri hansısa bir sürücünü cəzalandırmaq istəyəndə, onu “YerAZ”la qorxudub: “Səni “YerAZ”a əyləşdirərəm, ağlın başına gələr…”
Komfort və rahatlıq terminləri “YerAZ” avtomobilləri üçün yad sözlər sayılıb. Bu maşında şüşə qabların, tez dağılan qutuların mənzil başına normal vəziyyətdə çatdırılması isə sürücülərdən böyük peşəkarlıq tələb edib.
“YerAZ” sürücüləri yeni “kəşflər” etməyə də məcbur edib. Maşın hərəkətdə olarkən arxa hissəsi o qədər atılıb düşüb ki, sürücülər bu problemi aradan qaldırmaq üçün maşında əlavə yük daşıyıblar, arxa hissəyə qum kisəsi, yaxud da bir-iki kubik qoyublar.
“YerAZ” avtomobillərinin bu vəziyyətdə olmasına baxmayaraq, Moskvada SSRİ-nin ayrı-ayrı bölgələrinə avtomobil bölgüsü aparılanda Ermənistan rəhbərliyi yuxarıdakı havadarları hesabına zavod üçün böyük sifarişlər əldə edə biliblər ki, bu da zavodun ömrünü uzadıb.
Ancaq buna baxmayaraq “YerAZ”ın ömrü SSRİ-nin ömrünü keçə bilməyib. SSRİ-nin süqutundan sonra zavoda sifarişlərin sayı minimuma enib, 1992-ci ildə isə SSRİ-nin avtomobil sənayesi tarixinə ən uğursuz zavod kimi düşən “YerAZ”ın qapıları birdəfəlik bağlanıb. Zavod özəlləşdirilib, ermənilər yeni bir avtomobil istehsal etmək sevdasına düşsələr də bütün cəhdləri boşa çıxıb.
Kənan Kələntərli
Medianews.az