Şahmat hər şeydən əvvəl hüquq bərabərliyini bəyan edir. Bu, ilk olaraq Beynəlxalq Şahmat Federasiyasının (FIDE-nin) “Gens Una Sumus” (“biz bir ailəyik”) şüarı ilə simvollaşdırılmışdır.
Vlad Vainberg deyirdi ki, “şahmatda rəqiblərim gənc və yaşlı, ağ və qara, kişi və qadın, şahmat taxtasında ayrı-seçkilik yoxdur”.
Məlumdur ki, şahmat oyununda başlanğıcda hər iki tərəf bərabər imkanlara malikdir. Bunu şahmat taxtasına nəzər salmaqla aydın görmək olar: hər iki tərəfin eyni sayda piyadalara və fiqurlara malik olması, hər iki tərəfin piyadaları və fiqurlarının şahmat taxtasında eyni cür yerləşdirilməsi.
Hətta on birinci şahmat dünya çempionu olmuş Bobby Fischer söyləyirdi ki, “demək olar ki, qəti olaraq, oyun nəzəri baxımdan bərabərədir”.
Hüquqi baxımdan da bu, belə deyilmi?! Beynəlxalq müqavilələrdə və dünya dövlətlərinin konstitusiyalarında və qanunlarında da birmənalı olaraq təsbit edilmişdir ki, dövlətlər irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir.
Şahmatla iqtisadiyyat elminin də ortaq cəhətləri həddindən artıq çoxdur. Təkcə bir fakta nəzər salsaq aydın görmək olar ki, həm şahmat, həm də iqtisadiyyatda eyni terminlərdən istifadə olunur. “Mübadilə”, “dəyər”, “keyfiyyət”, “rəqabət”, “planlaşdırma”, “praqnoz”, “mənfəət”, “qazanc”, “fayda”, “razılaşma”, “zərər” kimi terminlər bunlardan sadəcə bir neçəsidir. Keçmiş şahmat dünya çempionu olmuş Harri Kasparov yazır ki, “şahmatın öz dilini çox fərqli sahələrə mənimsətmiş olması heç də təəccüblü deyil. Əgər hər hansı bir danışıq əsnasında “açılış gedişi”, “strateji planlama” və ya “taktiki tətbiqetmə” kimi ifadələr eşitsəniz, bir şirkət satışından bəhs edildiyini düşünə bilərsiniz. Amma eyni zamanda bunlar hər hansı bir həftə sonu şahmat turnirində istifadə olunan sözlərdir”.
Şahmat və iqtisadiyyatın ortaq cəhətlərindən bəhs edərkən maraqlı bir məsələni də diqqətə çatdıraq. Belə ki, İsveç Elmlər Akademiyası tərəfindən 1994-cü ildə iqtisadiyyat sahəsində Nobel mükafatı oyun nəzəriyyəsinə dair araşdırmalarına görə, üç elm xadiminə – Macarıstandan John Harsanji (Berkeley Universiteti), ABŞ-dən John Nash (Princeton Universteti) ve Almaniyadan Reinhard Seltenə (Rheinische Friedrich-Wilhelms Universiteti) verilmişdir. Qeyd edək ki, məhz şahmat oyununun qaydalarından təsirlənərək meydana çıxan həmin nəzəriyyə hazırda iqtisadiyyatla yanaşı, riyaziyyat, biologiya, fəlsəfə, kompüter və digər sahələrdə də böyük fayda verməkdədir.
Beləliklə, qədim və sirli şahmat oyununun qaydalarına dərindən bələd olan biri hüquq və iqtisadiyyat sahəsində böyük nailiyyətlər qazana bilər.
Yunis Xəlilov
Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının baş müəllimi