“Azərbaycanda televiziya sahəsində AzTV məktəbi var, hazırda o məktəbi AzTV İTV ilə birgə inkişaf etdirir. Sonradan öz dövrünün reallıqlarında növbəti məktəbi ANS formalaşdırdı, REAL TV o yolu indi də gedir”.
Medianews.az xəbər verir ki, bu barədə Baku TV-nin Qərbi Azərbaycan Departamentinin rəhbəri Turan İbrahimov sosial şəbəkə hesabında bildirib.
O qeyd edib ki, ikimininci illərin əvvəlində Sara TV, ABA və ANS-in təcrübəsi əsasında Space TV yeni bir nəfəs olub.
Departament rəhbərinin sözlərinə görə, sonradan “hind qripi” onu yox eləyib: “Lider TV də ABA və ANS yolunu sintez edib şaha qalxmışdı. Lakin səhv idarəçilik onu müflis etdi. Space TV və Lider TV-nin yolunu azca fərqlə hazırda ATV, Xəzər TV və ARB davam etdirir. ARB24 isə özünə əla yol açıb. Türkiyə xəbər telekanallarının təcrübəsini Rusiya xəbər televizuyalarının üslubuna tətbiq edib. Əla da alınıb”.
T.İbrahimov deyib ki, hazırda Azərbaycanın üçüncü televiziya məktəbi Baku TV-dir: “Televiziyadan və müasir media reallıqlarından az da olsa anlayışı olanlar inkar eeməzlər ki, artıq son illərdə tamamilə yeni bir televiziya məktəbi də Baku TV bazasında formalaşır. Bəli, Azərbaycanın üçüncü televiziya məktəbi”.
Departament rəhbəri Baku TV məktəbinə və üslubuna ən gözəl nümunələrdən birini də paylaşıb.
Alpər TURAN