“Avropa İttifaqının Azərbaycana olan ehtiyacı neft, qaz, o cümlədən alternativ enerjinin nəqli ilə yanaşı, “Orta dəhliz”in və Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (TBND) reallaşması ilə bağlıdır. Bir neçə gündən sonra Özbəkistan paytaxtı Daşkənddə “Avropa İttifaqı-Mərkəzi Asiya” sammiti keçiriləcək. Sammitə Avropa İttifaqı rəhbərliyi və Mərkəzi Asiya ölkələrinin liderləri qatılacaqlar. Avropa İttifaqı (Aİ) Mərkəzi Asiya ölkələrinə 10 milyard avroluq yatırım paketi təklif edəcək”.
Medianews.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, bu məbləğin böyük hissəsi Mərkəzi Asiyanı “qoca qitə” ilə birləşdirəcək “Orta dəhliz”in, yəni TBND-nin reallaşmasına xərclənəcək.
Politoloq vurğulayıb ki, sözügedən layihənin əsas ölkələrindən biri Azərbaycandır: “Çin məhsulları Mərkəzi Asiyaya, oradan da Xəzər dənizi və Azərbaycan üzərindən Avropaya daşınacaq. Avropa İttifaqı-Mərkəzi Asiya sammitinə hazırlıq işləri ötən il Lüksemburqda “5+27” formatında xarici işlər nazirlərinin iştirakı ilə başlayıb. “Orta dəhliz”in reallaşması Avropa üçün əhəmiyyətlidir. Çünki Avropa ölkələri Çin məhsullarını Rusiya ərazisi üzərindən əldə etmək istəmir. Pekin də anlayır ki, Rusiya dəmiryollarından istifadə Çinin Avropaya ixracatına əngəldir. Ukrayna müharibəsinə görə, Rusiyaya qarşı sanksiyalar davam edəcək. Ona görə də “Orta dəhliz” ideyası Pekinin də diqqət mərkəzindədir. Avropa İttifaqı “Orta dəhliz” və Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə yatırımlar qoyduqdan sonra Pekin də bu layihənin reallaşmasını sürətləndirməyə çalışacaq”.
E.Şahinoğlu diqqətə çatdırıb ki, Qazaxıstan və Özbəkistan prezidentləri Kasım-Jomart Tokayev və Şavkat Mirziyoyev görüşərək ikitərəfli əlaqələrin inkişafını da müzakirə ediblər: “Qazaxıstan prezidenti bu ittifaqı həyati əhəmiyyətli adlandırıb. Həqiqətən, Mərkəzi Asiyanın iki böyük dövləti arasında münasibətlər nə qədər yaxın olarsa, bu “Orta dəhliz” layihəsinin cazibəsini artıracaq”.
Politoloqun qənaətincə, Aİ Azərbaycanın “Orta dəhliz” və TBND-nin reallaşması vacibliyini nəzərə alaraq, rəsmi Bakı ilə dialoqu genişləndirməlidir: “Bu ilin yanvarında Brüsseldə Avropa Komissiyasının təşkilatçılığı ilə Avropa və Mərkəzi Asiya arasında dayanıqlı nəqliyyat bağlantıları üzrə keçirilən foruma Azərbaycan da dəvətli idi. “Orta dəhliz” Ələt limanı üzərindən Bakı-Tbilisi-Qars dəmiryoluna birləşəcək. Zəngəzur dəhlizinin reallaşması “Orta dəhliz” yolunu daha da qısaldacaq. Bunun üçün Bakı və Ankara kimi Brüssel də İrəvana Zəngəzur dəhlizinin reallaşması əhəmiyyətini anlatmalıdır”.
Turan ORUC