Ukrayna Azərbaycanı Zelenskinin sülh formulasına qoşulmağa dəvət edib. Bu barədə Ali Radanın sədr müavini Yelena Kondratyuk “Facebook”da yazıb. “Ukrayna adından mən də Azərbaycanı İsveçrədə keçiriləcək Sülh Sammitində iştirak etməyə və məsələn, enerji təhlükəsizliyi və ya minalardan təmizləmə məsələlərində Prezident Volodimir Zelenskinin Ukrayna sülh düsturunun bir və ya bir neçə bəndinə qoşulmağa dəvət etdim”, – deyə o, qeyd edib.
Məlum olduğu kimi, Azərbaycanın Rusiya ilə anlaşmasından sonra rus sülhməramlı kontingenti ölkəmizdən çıxarılıb. Bununla yanaşı, Azərbaycan digər qonşu ölkələrlə, o cümlədən İran, hətta Ermənistanla da münasibətləri nizamlayır. Bu kontekstdə Rusiyanın əleyhinə olan sözügedən Forumda Azərbaycanın iştirakı mövcud geosiyasi, xüsusən də regional vəziyyətdə ölkəmiz üçün nə vəd edir?
Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Natiq Cəfərli bildirib ki, Azərbaycan ölkə başçısının və dövlətinin rəsmi mövqeyi hər zaman Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsi çərçivəsində olub.
Onun sözlərinə görə, Ukraynaya ən çox humanitar yardım göndərən ölkələrdən biri məhz Azərbaycandır: “Prezident İlham Əliyev müharibə şəraitində postsovet məkanı liderləri arasında Zelenski ilə iki dəfə təkbətək görüş keçirən yeganə ölkə başçısıdır. Ukraynaya humanitar və siyasi dəstək indiyədək yüksək səviyyədə həyata keçirilib”.
N.Cəfərli deyib ki, İsveçrədə keçiriləcək Sülh Forumunda iştirakla bağlı dəvət bir qədər fərqli xarakter daşıyır: “Öncədən hansı nəticələr doğuracağı bəlli deyil. Orada Rusiya tərəfinin iştirak edib-etməyəcəyi aktiv müzakirə mövzusudur. Aydındır ki, Rusiyasız da sülh mümkün deyil. İşğalçı bir dövlət kimi Ukrayna ərazisində hansı planlarının olması, sülhün hansı yolla əldə edilməsi ilə bağlı rəsmi Moskvanın mövqeyi önəmlidir. Ukrayna bunun əleyhinə olsa da İsveçrə tərəfindən verilən açıqlama zamanı Forumda Rusiya nümayəndə heyətinin də iştirakının vacibliyi vurğulanıb. Ola bilsin ki, iştirak Xarici İşlər Nazirliyi səviyyəsində olsun. Bu proses dayanıqlı sülhün qorunması üçün kifayət qədər önəmli hadisə sayıla bilər. Əgər Çin, Hindistan hətta Rusiya və başqa qlobal oyunçuların iştirakı təmin ediləcəksə, sülhə aparan yol olacaqsa, o zaman bu Forumda Azərbaycan Prezidentinin də iştirakı mümkündür. Olmadığı təqdirdə isə zatən qardaş Türkiyənin iştirakı hər iki ölkənin birgə xarici siyasət və təhlükəsizlik konsepsiyasının təzahürüdür. Son illər ərzində bu amillər bir-birilə uzlaşdırılıb. Bu nöqteyi-nəzərdən Türkiyənin iştirakı, Azərbaycanın humanitar və digər məsələlərdə Ukraynaya dəstəyi kifayətdir”.
Ərtürk İSMAYIL