Müasir dövrümüzdə müxtəlif ölkələrdə həftə ərzində iş günlərinin sayı və iş saatı ilə bağlı fərqli yanaşmalar var. Bəzi dövlətlərdə yeddi saatlıq iş rejiminə keçilib. Bir sıra ölkələr dörd günlük iş həftəsi təcrübəsini sınaqdan keçirirlər. Azərbaycanda isə mövcud qanunvericiliyə görə, səkkiz saatlıq iş rejimi tətbiq olunur.
Dünyadakı proseslər, bu sahədə atılan addımlar nəzərə alınaraq, Azərbaycanda da perspektivdə səkkiz saatlıq iş rejimi dəyişə bilərmi? İş rejiminin dəyişməsi, iş günlərinin və saatlarının azaldılması sosial-iqtisadi baxımdan nə dərəcədə əlverişlidir? Bunun vətəndaşlara, o cümlədən işləyənlərə və işəgötürənlərə, xüsusən də dövlətə təsiri nədən ibarətdir? Ümumən bu rejimlər bütün tərəflər üçün faydalıdırmı?
“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov Medianews.az-a bildirib ki, iş saat və iş günlərinin sayının azaldılması qlobal müstəvidə müzakirə mövzusudur.
Onun sözlərinə görə, bu istiqamətdə praktiki addımlar yalnız eksperiment səviyyəsində həyata keçirilir: “Burada başqa bir məsələ var: iş saatlarının qısaldılması, iş günlərinin qısaldılması və məsafədən işləmək. Bu üç məsələ əmək bazarında qlobal gündəliyə daxil olub. Bəzi ölkələr bunu eksperiment səviyyədə tətbiq etməkdədir. Lakin bizim qanunvericiyə görə, müəyyən kateqoriya işçiləri üçün natamam iş vaxtı müəyyən olunub. Yəni, həmin işçilər istəsələr natamam işləyərlər. Lakin, o zaman onların əmək haqqı işləmədiyi saatlara əsasən azaldılacaq. Burada söhbət iş saatının, iş günün azaldılmasına baxmayaraq, əmək haqqının saxlanılmasından gedir. Azərbaycanda bizim biznes buna getməyə tələsmir. Dvlət sektorunda da bu, mümkün deyil. Bunun üçün gərək qanunvericiliyə dəyişiklik edilsin. Dövlət orqanlarında, büdcə təşkilatlarında əmək haqqı saxlanılmaqla saatların azaldılması qanunvericiliklə tənzimlənsin”.
S.Məmmədov deyib ki, kommersiya qurumları iş gününün və iş saatının azaldılması öz istəyinə uyğun olaraq tənzimləyə bilər: “Kommersiya qurumları üçün heç bir problem yoxdur. Kim istəsə bunu tətbiq edə bilər, kim istəsə yox. İstəsə, iş saatlarını və ya iş günlərini azalda bilər, istəsə məsafədən iş tətbiq edə bilər. Lakin bu zaman əmək haqqı azalmamalıdır. Bunu adətən xarici ölkələrdə iş gününün, iş saatının azalması nəticəsində ziyan görməməsi ilə yanaşı, fayda əldə edən biznesmenlər edir. Bu halda o, işçisinin əvvəlki maaşını öz səviyyəsində saxlayır. Bu, qabaqcıl texnologiyanın tətbiqi nəticəsində baş verir. Məsələn, bir şəxs əl əməyi ilə səkkiz saata hasil etdiyini, müasir avadanlıqlar vasitəsi ilə daha tez, tutaq ki, altı saata hasil edə bilirsə, o zaman onu səkkiz saat işdə saxlamaq biznesə ziyandır. Çünki, işçi elektrik enerjisindən, ofisdən, digər resurslardan istifadə edir və bu maddi itkiyə gətirib çıxarır. Ona görə də bəzi biznes sahələri çalışır ki, bu üsulla da getsinlər”.
Hüquqşünas deyib ki, Azərbaycanda işçini 10-12 saat işlədib 8 saatın əmək haqqını verməyən qurumlar var: “Bəlkə Azərbaycanda da belə bir biznes sahəsi var, amma biz bilmirik. Lakin, bunu biznes heç bir halda itkiyə hesablanıb etməyəcək. Yəni qazanc olmasa buna gedəsi deyil. Bunun üçün bizim qanunvericilikdə özəl sahibkarlıq, biznes sahəsinə dair hər hansı dəyişikliyə ehtiyac yoxdur. Bizdə təcrübədə vətəndaşın 10-12 saat işlədilməsi halları var. 10-12 saat işlədirlər, amma heç 8 saatın da pulunu düz-əməlli vermirlər. 8 saat üçün verdiklərini də ikili mühasibat əsasında verirlər. Bizim üçün bu gün aktual problem budur. İş saatının azaldılması, iş günlərinin qısaldılması, məsafədən işin təşkili kimi məsələlər hələ bizim üçün aktual deyil. Bizim əmək bazarında buna çatana qədər tənzimlənməli xeyli məsələlər var. Bir daha vurğulamaq istərdim ki, iş günlərinin və iş saatının azaldılmasının dövlət sektorunda tətbiqi gözlənilən deyil. Lakin hər hansı bir özəl sektor bunu tətbiq edib işçilərinin maaşlarını azaltmırsa, bu artıq məqbul bir addım sayıla bilər”.
Lamiyə MİRZƏYEVA