Ha deyirəm danışmayım, olmur axı! Yaxşı, bu dəfə çox danışmayacağam, söz verirəm!
Birbaşa mövzuya daxil oluram.
Sizcə, Əmir Teymur Əlincə qalasını ələ keçirməyi istəməkdə nə məqsəd güdüb? Düşünün, saysız-hesabsız böyük işlərlə məşğul olan bir dünya fatehindən bəhs edirik. Əlincə qala onun üçün nəyə görə bu qədər önəmli olub ki, qala uğrunda 14 illik bir mübarizə aparıb?
Tarix kitablarından çəkməyə hazır olduğumuz aldadıcı şablon məlumatları kənara qoyaq, qurban olum!
Nə bilim, Atabəylər dövlətindən qalan xəzinə axtarılırmış guya, ya da bunun kimi anormal izahlar… Buraxaq bu və bunun kimi gülünc yanaşma tərzlərini! Dünya fatehi o qədər kasıblamamışdı ki, bir-iki sandıq qızıla möhtac olsun.
Yaxud, bunun kimi başqa səbəblərin də açıqlanmasına cəhd göstərilməsi və sair…
Mənə deyəcəksiniz ki, buyur “akademik”, sən anlat, dinləyək?
Deyim: Məncə, Makedoniyalı İsgəndər Çində, Napoleon Misirdə, Hitler Tibetdə nə axtarırdısa, Əmir Teymur da Əlincə qalasında həmin şeyi axtarırdı! Tapdımı-tapmadımı onu deyə bilmərəm, ancaq eyni məqsədlə də Çinə səfər etməyinə qətiyyən şübhə etmirəm! Nə kəramətdirsə, bu böyük insanlar hər zaman iz üstündə olarkən “xəstələnib” ölüblər. Nə isə! Bu qədər sadə, dostlar!
Kimsə mənə Makedoniyalı İsgəndərin Çin səfərinin, Əmir Teymurun Əlincə qala mühasirəsinin, ya da Nopaleonun Misir yürüşünün ardındakı siyasi səbəbləri sadalamasın. Bunu onsuz da hamı bilir. Məsələ batini olan əsl səbəblərdən gedir. Bunu görmək lazımdır.
Danılmaz faktdır ki, böyük hökmdarların, liderlərin yanında hər zaman gizli ezoterik sirlərdən xəbərdar olan din xadimləri, keşişlər, medyumlar, filosoflar olub. İzah etməyə ehtiyac yoxdur ki, hökmdarlara pərdəarxasını açıb göstərmək, necə deyərlər, onların bəsirət gözünü açmaq tarix boyu zərurətdən qaynaqlanıb. Bu, hər zaman belə olub və belə də olacaq.
Dünyanın sürətlə inkişaf etdiyi, tarixi faktlara baxışların kəskin dəyişdiyi bir dövrdə yaşayırıq, deyilmi?!
– Napoleonun 1799-cu ilin 22 avqust tarixində Böyük Qiza piramidasında keçirdiyi bir günlük əsrarəngiz gecə haqqında məlumat artıq tarix kitablarına belə düşüb. Həmin gecə gördükləri ona necə silinməz təsir göstərmişdisə, ölüm ayağında belə piramidada gördüyünü dilinə gətirmə cəsarəti nümayiş etdirə bilməmişdi, bu böyük qorxmaz dünya fatehi!
– Atatürkün qeyb olmuş Mu mədəniyyəti ilə maraqlanması artıq dövlət sirri deyil. Hətta bunun üçün Tahsin Mayatepeki Meksikaya səfir təyin edib ona xüsusi gizli missiya verməsi belə, gün işığına çıxarılmış qan donduran sirləri ortaya qoyub artıq. Bu haqda çox yazıb-pozublar.
– Hitlerin yeraltı bunkeri bombardman edildikdən sonra dağıntılar altından çıxarılan 12 tibetlinin cəsədi haqda məlumatlar artıq bilinən gerçəklərdir. “Tibetlilərin bunkerdə nə iş var idi?” sualının cavabı artıq tədqiq olunub və bilinir.
– Böyük dövlət xadimlərinin məşhur bolqar görücü Vanqa ilə əlaqələri təfərrüatı ilə araşdırılıb və lazımi həddə ictimaiyyətə açıqlanıb.
Bəs, Əmir Teymurun Əlincə qalasındakı axtarışının əsl sirr pərdəsi götürülübmü? Yaxud məsələyə bu rakursdan yanaşıb bir kəlmə yazan olubmu?
Bunlar sayıqlama deyil! Bu dediklərim və bundan çoxu araşdırılmadan tədqiqini gözləyən ciddi məsələlərdir.
Görəsən, nə zaman çeynənmiş və bəsit yanaşmaları kənara TULLAYIB gerçək səbəbləri gün işığına çıxaran elmi araşdırmalara üz tutulacaq? Nə olar, bu haqda düşünək artıq! Ən azı bu haqda düşünənləri lağ obyekti etməyək! Özümüz araşdırmırıqsa, heç olmasa araşdıranların elmi yeniliklərinə dəstək olaq!
Gülmək, istehza etmək çox asandır, dostlar! Bu dediklərimi söylədiyim rakursdan bəyənmədiyiniz Avropa artıq 100 ilə yaxındır ki, tədqiq edir.
Demirəm, araşdırmalar edilmir. Əlbəttə, ən azı son on ildə çox sanballı tədqiqat işləri meydana çıxıb. Bunlar elmimizə yeni nəfəs gətirir və gətirəcək.
Surəti artırmaq, monotonluqdan çıxmaq lazımdır məncə!
Yunis Xəlilov
Naxçıvan Dövlət Universiteti Hüquq fənləri kafedrasının baş müəllimi