“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatında təqsirsizlik prezumpsiyası tətbiq edilə bilərmi? Bəlkə də bu sual bəzi hüquqşünaslar üçün qəribə görünə bilər. Lakin sual adi sual deyil. Fikrimcə, bəzi hüquq ədəbiyyatında qeyd olunan “konstitusiya icraatında təqsirsizlik prezumpsiyası institutunun tətbiq olunmaması” fikri mübahisələndirilə bilər”.
Medianews.az xəbər verir ki, bu barədə Naxçıvan Dövlət Universiteti Hüquq fənləri kafedrasının baş müəllimi Yunis Xəlilov bildirib.
O qeyd edib ki, Konstitusiyanın 127-ci maddəsinin doqquzuncu hissəsinə əsasən, “ədalət mühakiməsi təqsirsizlik prezumpsiyasına əsaslanır”.
Hüquqşünasın sözlərinə görə, 8 yanvar 2004-cü il tarixli “Konstitusiya Məhkəməsi haqqında” Qanuna əsasən konstitusiya məhkəmə icraatı və xüsusi konstitusiya icraatı üsulları ilə həyata keçirilən icraat məhz Konstitusiya Məhkəməsi tərəfindən aparılır: “Sözügedən qanunun 1-ci maddəsinə görə, Konstitusiya Məhkəməsi Konstitusiya ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanıdır. Buradan isə aydın olur ki, konstitusiya icraatı zamanı ədalət mühakiməsi həyata keçirilir. Ədalət mühakiməsinin isə təqsirsizlik prezumpsiyasına əsaslandığını nəzərə alsaq, o zaman qəbul etməliyik ki, konstitusiya icraatında da təqsirsizlik prezumpsiyası tətbiq olunmalıdır. Əks təqdirdə, təqsirsizlik prezumpsiyası olmayan ədalət mühakiməsi ola bilərmi, sualı meydana çıxar. Yaxud da sual oluna bilər ki, təqsirsizlik prezumpsiyası olmadan ədalət mühakiməsinin həyata keçirilməsi mümkündürsə, konstitusiyanın “ədalət mühakiməsi təqsirsizlik prezumpsiyasına əsaslanır” müddəasını necə izah edək?”
Y.Xəlilov deyib ki, qanunun “Konstitusiya Məhkəməsində həyata keçirilən icraatın prinsipləri” adlı dördüncü fəslində qərəzsizlik və ədalət, hər kəsin qanun və Konstitusiya Məhkəməsi qarşısında bərabərliyi, açıqlıq, tərəflərin hüquq bərabərliyi və çəkişmə, icraatın aparıldığı dil, kollegiallıq prinsipləri təsbit edilsə də, təqsirsizlik prezumpsiyasına yer verilməyib: “Mən, konstitusiya icraatında təqsirsizlik prezumpsiyasının tətbiq olunub-olunmaması məsələsinə ciddi elmi araşdırmalar aparmadan cavab verməyin hələ tez olduğu qənaətindəyəm. Bunun da bir sıra səbəbləri vardır. Ən başlıca səbəbi isə konstitusiya icraatının hüquqi təbiəti ilə əlaqələndirirəm. Məsələyə dar deyil, bir az geniş diapazondan baxmaq lazımdır. Dünya təcrübəsinə nəzər saldıqda bəzi dövlətlərdə konstitusiya məhkəmələrinin ali konstitusion orqan rəhbərlərini cinayət təqibinə məruz qoyma və ibtidai istintaq səlahiyyətlərinə xas funksiyalar həyata keçirdiyini görmək olar. Təbii ki, bu cür ölkələrdə konstitusiya məhkəmələrinin icraatında təqsirsizlik prezumpsiyasının birmənalı olaraq tətbiq olunduğu aşkardır”.
Hüquqşünas söyləyib ki, Azərbaycanda Konstitusiya Məhkəməsi cinayət təqibi funksiyasını yerinə yetirmir: “Buna baxmayaraq, düşünürəm ki, təqsirsizlik prezumpsiyasının konstitusiya icraatında tətbiq edilib-edilməməsi mövzusu ətraflı şəkildə hələ araşdırılmayıbdır. Bu problemin həlli üçün ayrıca elmi araşdırmaların aparılmasına ehtiyac vardır”.
Vüqar MƏMMƏDOV