1973-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin birinci kursunun tələbəsi olduq. Sentyabrın birinci həftəsinin dərslərini – Azərbaycan tarixindən dosent Şamil Məmmədbəyli, Arxeologiyadan professor Məmmədəli Hüseynov, Etnoqrafiyadan professor Həvil Həvilov, Qədim dünya tarixindən professor Qüdrət İsmayılzadə keçdilər. (Allah onların hamısını rəhmət eləsin). Şamil müəllim nisbətən yaşlı, eyni zamanda təcrübəli və qayğıkeş bir müəllim idi. Məmmədəli müəllim ilk nəzərdən sərt görünürdü, amma bu sərtlik aldadıcı idi, səmimiyyəti daha çox idi. Həvil müəllim imtahanda çox ədalətli idi.
Qüdrət müəllim tarix fakültəsinə yenicə gəlmişdi. Qədim dünyadan dərsliklər rus dilində idi. Qüdrət müəllim mühazirələrini kənddən gələn uşaqların arzu və istəklərinə uyğun qururdu. Yəni mühazirəni aramla deyirdi ki, hamı yaza bilsin. Dilində kobud ifadə yox idi, səbirli idi, özündən çıxan deyildi, geyiminə fikir verən idi, tələbələrlə səmimi münasibət qurmağı sevərdi, tapılmayan kitabları evindən gətirirdi. Bir sözlə, Qüdrət müəllim haqqında ancaq xoş sözlər demək olar. Tələbə ilə prinsipi olmazdı, çətinliyə düşən tələbə Qüdrət müəllimə yaxınlaşıb ondan kömək istəyə bilərdi. İmtahanda demək olar ki, heç kimə qeyri-kafi yazmırdı desəm, doğru olar. Ümumiyyətlə ürəyi təmiz, xətrə dəyməyən, tələbə dostları olan nadir müəllimlərdən idi.
…Qədim dünyadan götürdüyüm kurs işi Spartakın başçılığı altında qullar üsyanına həsr olunmuşdu. Tanımaza-bilməzə kurs işi ilə bağlı bütün kitabları mənə verdi. İllər keçəndən sonra başa düşdüm ki, belə xeyirxahlığı hamı etmir, çünki müəllimin borcu tələbəyə kitab daşımaq deyil. Sonralar uzun illər Qüdrət müəllimlə universitetdə həmkar olduq, çiyin-çiyinə çalışdıq, onun böyüklüyünə qibtə etdim.
Qüdrət müəllim kafedra müdirliyindən könüllü istefa verdi. Bu hadisə bu günə kimi rast gəldiyim nadir hallardan biridir.
Professor Qüdrət İsmayılov bütün qanı və canı ilə azərbaycanlı idi, əsl müəllim və böyük ziyalı idi.
Qüdrət müəllim 1934-cü ildə Bakıda doğulmuşdu, ancaq bütün arxeoloji tədqiqatları Qarabağla bağlı idi. Ən sevdiyi rayon Füzuli idi, çünki arxeoloq kimi bu rayondakı tapıntılar ona şöhrət gətirmişdi. İnsafən Füzuli camaatı da Qüdrət müəllimi çox istəyirdi, onu Füzulidən olan ziyalı kimi qəbul edirdilər. Qarabağ, o cümlədən Füzuli işğaldan azad ediləndə ən çox sevinənlərdən biri Qüdrət müəllim oldu.
Qüdrət müəllimin gözəl qələmi var idi. Yazdıqları ona böyük alim şöhrəti gətirdi.
Bu gün Qüdrət müəllim haqq dünyasına qovuşdu, aramızdan ayrıldı, amma onu tanıyanların xatirəsində unudulmaz bir iz qoydu. Müəllimə böyük nüfuz qazandıran ƏDALƏT, ƏXLAQ və NƏFSİN toxluğudur. Professor Qüdrət İsmayılzadə müəllim olaraq bu üç prinsipi bizə əmanət qoydu.
Ruhunuz şad olsun, əziz müəllimim!
Anar İSGƏNDƏROV
Millət vəkili, tarix elmləri doktoru, professor