“31 mart Azərbaycanlıların soyqırımı Şimali Azərbaycanla yanaşı, Cənubi Azərbaycanda da həyata keçirilib. Demək olar ki, bu plan Stepan Şaumyan tərəfindən hazırlanmışdı və bunu çoxları bu gün bilmir. Lakin bu gün əldə etdiyimiz faktlar, sənədlər göstərir ki, hadisə əslinə qalsa, 3 yerdə baş tutmalı idi. Birincisi, Bakı başda olmaqla Azərbaycanın müxtəlif rayonlarında. Bakıdan tutmuş Naxçıvana qədər olan ərazidə. İkincisi, Cənubi Azərbaycanda- Urmiya gölü ətrafında. Üçüncüsü, Tiflisdə azərbaycanlıların yaşadığı ərazilərdə. Şaumyan Tiflisə gedir, amma orada görür ki, bunu etmək mümkün deyil. Çünki o vaxt Stalin, Orcenikidze, Caparidze belə bir hadisənin olmasına icazə vermirlər. O, bundan sonra Bakıya qayıdır və bu hadisələrin Bakıda və Urmiyada törədilməsinin bünövrəsini qoyur”.
Bu sözləri Medianews.az-a açıqlamasında tarixçi-alim Zaur Əliyev deyib.
O bildirib ki, 31 mart soyqırımı 1918-ci ilin yanvar ayından başlayıb: “Artıq yerlər müəyyən olunmuşdu ki, harada və necə, həyata keçiriləcək. Hətta Şaumyan tərəfindən komandirlər də təyin olunmuşdu. Bunlar Lələyan, Tetos Əmiryan və Əmir Xanyan idi. Onlar elə bir plan qurmuşdular ki, 1 gündə başlanacaq hadisə bütün Azərbaycanı və Cənubi Azərbaycanı əhatə etməli idi. Nə vaxt olacağı ilə bağlı əmr gözlənilirdi. Əslində bu, Novruz bayramı ərəfəsində olmalı idi. Bu ərəfədə azərbaycanlılar daha çox kütləvi bir yerə toplaşırdılar. Lakin bir tutarlı səbəb tapa bilmirdilər. Səbəb isə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmməd bəyin nəşinin gətirilməsi oldu. Onun nəşinin gətirilməsi zamanı belə bir şayiə yayıldı ki, guya azərbaycanlılar meyiti gəmidən düşürən zaman ermənini öldürüblər və bu bir an içərisində qığılcım oldu”.
Tarixçi-alimin sözlərinə görə, bu dəfndən sonra 3-4 gün içərisində ermənilər silahlanaraq azərbaycanlıların yaşadığı evlərə hücum etməyə başlayıblar: “İlk atışma Bakıda baş verdi. Məhəmməd bəyin məzarının başında 3-cü gün üçün ziyarətə gələn azərbaycanlılarla ermənilər arasında mübahisə düşdü. Güclü atışmalar başladı və Azərbaycan bəyləri, qoçuları da bunu görüb əhaliyə silah paylamağa çalışdılar. Silah ermənilərə nisbətdə çox az idi. Çünki ermənilərin silahları Rusiyadan, İrandan gəlmişdi və yanvar ayında artıq Bakıdakı erməni kilsəsində yerləşdirilmişdi”.
Z.Əliyev qeyd edib ki, o zaman Azərbaycanda yaşayan bütün xalqların məhv edilməsi üçün tapşırıq verilmişdi: “Cənubi Azərbaycanın Urmiya bölgəsi ətrafında minlərlə azərbaycanlı qətlə yetirilmişdi. Sonralar digər Cənubi Azərbaycanın şəhərlərində də ermənilər yerli azərbaycanlıların, türklərin yaşadığı ərazilərə hücum edirdilər. Maraqlısı odur ki, bu günə qədər ermənilər mart soyqırımını sırf Azərbaycan və müsəlman türklərə qarşı olduğunu deyirdilər. Amma sənədlər göstərir ki, ermənilərin Azərbaycanda yaşayan bütün xalqları, o cümlədən talışları, kürdləri, ləzgiləri, tatları, padarları, saxurları, avarları və yəhudiləri öldürmək barədə göstərişləri, planları olub. Hədəf burada ermənilərin özünə dövlət yaratmaq istəyidir. Erməni kilsəsinin mifoloji uydurması olan “böyük Ermənistan” yaratmaq istəyidir. Onlar düşünürdülər ki, qırğınlarla azərbaycanlılar qorxub torpaqları tərk edəcək və onların planları həyata keçəcək”.
Ayşən