ABŞ-də yaranmış ərəb ədəbiyyatının ən görkəmli nümayəndəsi olmuş Xəlil Cübran eyni zamanda rəssam, şair və filosof olub.
Məzarının başdaşında “Mən də sizin kimi sağam. Qarşınızdayam. Gözlərinizi yumun və ətrafınıza baxın. Məni qarşınızda görəcəksiniz” kimi düşündürücü və təsirli bir kəlam həkk olunmuş bu görkəmli şəxsiyyətin qələmə aldığı “Peyğəmbər” (1923) adlı əsər yaradıcıllığının zirvəsi hesab olunur. Həmin əsər 100-dən çox dilə tərcümə edilib.
Bəli, söhbət böyük bir dünyanı 48 il ömrə sığdırmış livanlı yazıçı Xəlil Cübrandan (1883-1931) gedir. Onun haqqında ən dolğun məlumatı yaxın dostu və silahdaşı, livanlı yazıçı və tənqidçi Mixail Nüeymənin “Cübran Xəlil Cübran: Həyatuhu, mautuhu, ədəbuhu va fənnuhu” (“Cübran Xəlil Cübran: həyatı, vəfatı, ədəbiyyatı və sənəti”) kitabından almaq olar.
Xəlil Cübranın əsərləri dünyanın iyirmiyə qədər dilinə tərcümə edilib. Rəssam kimi isə bir çox əsərləri indi də dünya ölkələrinin sərgilərində nümayiş olunmaqdadır. Ömrünün son iyirmi ilini ABŞ-də yaşayan Xəlil Cübran əsərlərini ingiliscə yazmağa başlayıb. Yazıçının “Xəbərçi”, “Dünya tanrıları”, “İnsanoğlu İsa”, “Asi ruhlar”, “Dəli”, “Sözlər” və digər kitabları bu gün də sevilərək oxunulur.
Bu tanınmış şəxsiyyət 1895-ci ildə anası, qardaşı və bacıları ilə birlikdə ABŞ-yə miqrasiya edərək dünyasını dəyişdiyi günədək orada, daha dəqiq desək Nyu-York və Boston şəhərlərində yaşayıb və yaradıb. 1908-ci ildə Parisə gedərək rəssamlığı dərindən öyrənən Xəlil Cübran 1910-cu ildə yenidən ABŞ-yə geri qayıdıb.
Onun maraqlı dini görüşləri özünəməxsusluğu ilə fərqlənir. Belə ki, xristian adət-ənənələri ilə böyüsə də, onun düşüncələrində islam dinin, xüsusilə də sufi fəlsəfəsinin dərin izləri olub. Bu isə təsadüfi deyil. Çünki uşaq yaşlarında evlərində müxtəlif dinlərdən olan insanların qonaq olması onun dünya görüşünə təsirsiz ötüşməyib. Buna görə də Xəlil Cübran həyatı boyu xristianlıq, islam, iudaizm, sufizmdən təsirlənərək universal məhəbbət, həyata tam fərqli və yeni baxış, insanlara olan sevgidən ibarət olan janrda yazıb yaradıb. O, deyirdi: “Sən mənim qardaşımsan və mən səni sevirəm. Sən məsciddə səcdədə olanda da, kilsədə diz çökəndə də, sinaqoqda ibadət edərkdən də səni sevirəm. Sən və mən inamın – Allahın övladıyıq”.
Xəlil Cübranın rəsm əsərləri öz-özlüyündə ayrıca bir dünyadır. Onun yaradıcılığı ilə səthi maraqlanan insanlara belə məlumdur ki, o, çəkdiyi rəsm əsərlərində əsasən çılpaqlıq elementindən istifadə edir. Müşahidələr göstərir ki, onun rəsmlərindəki qadınların sifətləri əsasən anasının sifətinin əksdir. Bizim dünyaya çılpaq gəlişimiz və çılpaq gedişimiz fəlsəfəsinə əsaslanan filosof fərqli və təsirli əsərlər yaratmağa nail ola bilib.
İslam, xristianlıq, iudaizm və sufizmin təsiri ilə yetişən Xəlil Cübranın bu gün də öz əhəmiyyətini itirməyən fikirləri haqda oxucuları tanış etmək istərdik:
Ağrıya fikir vermə! Ayağına batan tikanlar, axtardığın gülün xəbərçisidir.
Arxanı günəşə çevirsən, kölgəndən başqa bir şey görməzsən.
Bəşəriyyət əzəliyyətdən əbədiyyətə axan nur çayıdır.
Bəzi insanları görməmək üçün gözlərimi yumduqda onlara göz vurduğumu zənn edirlər.
Bir-birinizi sevin, lakin möhkəm bağlanmayın, daha çox ruhlarınızın sahilləri arasında hərəkət edən bir dəniz kimi olun. Bir-birinizin badələrini doldurun, lakin bir badədən içməyin. Yeməyininizi paylaşın, lakin bir-birinizinkini yeməyin. Birlikdə mahnı oxuyun, rəqs edin, coşun, lakin bir-birinizin yalnızlığına da icazə verin. Eyni ilə bir qitaranın tellərinin ayrı-ayrı olub, yenə də eyni musiqi sədaları altında titrəmələri kimi. Və yan-yana ayaqda durun, lakin çox yaxın deyil. Çünki bir tikilinin sütunları arasında məsafə olmalıdır.
Çox danışana ancaq lal həsəd aparar.
Dəlilərin yerinə ağıllılar üçün ağıl xəstəxanaları olsa idi, daha ekonomik olmazıdımı?
Dostum, yollar yerimək üçündür, lakin bu həqiqəti heç zaman unutma ki, yeriməklə çatmaya bilərsən, lakin çatanlar hər zaman yeriyənlər olmuşdur.
Düşüncə kainatın bir quşudur, sözlərdən hazırlanmış bir qəfəsə qoyulduqda bəlkə də qanadlarını aça bilər, lakin uça bilməz.
Düzdür, marallar və dovşanlar tısbağalara çevikliyi öyrədə bilməzlər, lakin tısbağalar da yollar haqqında onlardan çox şey bilərlər.
Gənçlərin böyük əksirəyyəti həzzi axtarır, sanki ən gözəl şeymiş kimi. Toxunmayın onlara, buraxın axtarsınlar. Çünki onlar axtardıqda yalnız həzzi tapmayacaqlar. Həzzin yeddi bacısı vardır və ən kiçiyi belə həzdən daha möhtəşəmdir.
İnsanlar yolxucu xəstəliklərdən və epidemiyalardan qorxu və dəhşət içərisində, amma İsgəndər və Napoleon kimi yox edicilərdən heyranlıqla danışarlar.
Qəribədir ki, ağlı yavaş olana deyil, ayağı yavaş olana, qəlbi kor olana deyil, gözü kor olana yazığımız gəlir.
Mən işığa çıxan zaman bədənimin kölgəsi arxamca sürünür.
Onlara günəşi işarə etdim, barmağıma baxdılar.
Ruhlarımız və ürəklərimiz heç vaxt müharibə etməz, sadəcə düşüncələrimiz savaşar ki, onlar da sonradan əldə olunandır.
Sevgi ilə çalışmaq nədir, bilirsinizmi? Parçanı ürəyinizdən qopardığınız iplə toxumaqdır, sevgiliniz geyinəcəkmiş kimi.
Sənə açıqladıqlarında deyil, açıqlamadıqlarındadır insanın həqiqəti. Buna görə də onu tanımaq istədikdə söylədiklərinə deyil, söyləmədiklərinə qulaq ver.
Sinənizə ürəyinizdən başqa göz muncuğu taxmayın.
Susqunluğu gəvəzədən, dözümlülüyü səbrsizdən, mədəniliyi qabadan öyrəndim. Qəribədir ki, müəllimlərimə qarşı hələ də nankoram.
Tanrım, düşmənim yoxdur. Amma əgər hər bir halda düşmənim olacaqdırsa, gücü mənim gücümə bərabər olsun ki, yalnız hüquq üstün gəlsin.
Uşaqlarınız sizin övladlarınız deyil, onlar öz yolunu izləyən həyatın oğulları və qızlarıdır. Sizin vasitənizlə gəldilər, amma sizdən gəlmədilər. Sizinlə birlikdə olsalar da, sizin deyildirlər. Onlara sevginizi verə bilərsiniz, düşüncələrinizi deyil. Çünki onların da öz düşüncələri vardır. Bədənlərini tuta bilərsiniz, ruhlarını deyil. Çünki ruhları sabahdadır. Siz isə sabahı xəyallarınızda belə görə bilməzsiniz. Siz onlar kimi olmağa çalışa bilərsiniz, amma qətiyyən onları özünüz kimi olmağa məcbur etməyin. Çünki həyat geriyə dönməz və dünənlə heç bir alış-verişi yoxdur. Siz yaysınız, övladlarınız isə sizdən çox irəliyə atılmış oxlar.
Vadiləri görmək istəyirsənsə, dağın zirvəsinə qalx. Dağın zirvəsini görmək istəyirsənsə, buludlara qalx. Buludları anlamaq istəyirsənsə, gözlərini yum və düşün.
Yola çıxıb yol boyunca yeriyə bilməyənləri, yolda oturub gələn-gedənlərin ayağına badalaq atanları, tikanlı məftillərlə ətrafını çevrələyib dairə boyu hərəkət etməklə həyatı özünə zindan edənləri, marafona yüz metr qaçışçısı kimi başlayıb əllinci metrdə yola yatanları, yolun uzun və zəhmətli olduğunu görüb yolçuluq səfərini yarımçıq saxlayanları, ağ atlı qurtarıcısını gözləyib yolda duranları, düzgün olmayan uzun yollar qət edərək buna təəssüflənənləri görəcəksən. Fikir vermə bunlara, sən yeriməyə davam et!
Yunis Xəlilov,
Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının baş müəllimi
Xüsusi olaraq Medianews.az saytı üçün