Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra – AR CPM) 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır:
1. Cinayət hadisəsi olmadıqda;
2. Əməldə cinayət tərkibi olmadıqda;
3. Cinayətin törədilməsinə aidiyyəti olmadıqda;
4. Təqsirliliyi sübuta yetirilmədikdə.
Qeyd edək ki, bəraət almış şəxs günahsız insan hesab edilir. Təsadüfi deyil ki, AR CPM-in 55-ci maddəsinə görə “Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir” (birinci hissə). “Haqqında məhkəmənin bəraət hökmü çıxarılmış və ya məhkəməyədək icraat zamanı cinayət təqibinə bəraətverici əsasla xitam verilmiş hər hansı şəxs təqsirsiz sayılır” (ikinci hissə). “Haqqında bəraət hökmü çıxarılmış və ya hər hansı əsaslarla cinayət təqibinə xitam verilmiş şəxsin mənzil, mülkiyyət, əmək və digər hüquqlarına hər hansı məhdudiyyət qoyula bilməz” (üçüncü hissə).
Bu zaman təbii ki, artıq günahsız hesab edilən şəxsi cinayət təqibinə məruz qoymuş vəzifəli şəxsin məsuliyyət məsələsi və günahsız insana qarşı vurduğu ziyana görə cavabdehlik öhdəlikləri meydana çıxır.
Söz yox ki, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində istənilən halda cinayət təqibinə məruz qalmış şəxsə fiziki, mənəvi və ya maddi ziyan dəyir. Bu zaman hər bir halda şəxsin dəymiş zərərə görə kompensasiya almaq hüququ yaranır.
AR CPM-in V fəsli “Bəraət qazanma (reabilitasiya). Vurulmuş ziyanın ödənilməsi” adlanır və həmin fəsil daxilində olan 58-ci maddədə vurulmuş ziyana görə kompensasiya məsələsi hüquqi baxımdan tənzimlənir. Sözügedən maddənin 1-ci hissəsinə görə “cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir”.
Maddənin ikinci hissəsində isə deyilir ki, “Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir”.
Qeyd edək ki, qanunvericiliyə görə kompensasiya aşağıdakılara görə verilir:
– məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər;
– müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı;
– ödənilmiş məhkəmə xərcləri;
– müdafiəçiyə ödənilmiş pul məbləği;
– hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə.
AR CPM-in tələblərinə görə “Həbsdə saxlanılmasına, məhkəmə məsrəflərinə, həbsdə saxlanılarkən gördüyü məcburi işlərə görə haqqın verilməsinə sərf olunmuş məbləğlər cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş ziyanın ödənilməsi üçün nəzərdə tutulmuş məbləğdən çıxıla bilməz”.
Ümumiyyətlə, günahsız insanlara vurulmuş ziyanın ödənilməsi ilə bağlı həmin şəxslərin əgər pozulubsa, digər hüquqları da bərpa olunmalıdır. Təsadüfi deyil ki, AR CPM-in 59-cu maddəsində vurulmuş ziyanın ödənilməsi ilə bağlı şəxslərin digər hüquqlarının bərpasından da söhbət gedir. Belə ki, bu hüquqlar aşağıdakılardır:
– əvvəlki vəzifəsinə bərpa olunmaq, bu mümkün olmadıqda isə ona bərabər vəzifəyə təyin olunmaq və ya əvvəlki vəzifəsini itirməsi ilə əlaqədar vurulmuş ziyana görə pul kompensasiyasını almaq;
– azadlıqdan məhrum edildiyi və ya azadlığının məhdudlaşdırıldığı vaxtı iş stajına daxil etdirmək;
– əvvəl yaşadığı evini (mənzilini) qaytarmaq, bu mümkün olmadıqda isə ona bərabər tutulan, o cümlədən sahəsinə və yerləşdiyi yerə uyğun yaşayış evinə (mənzilə) köçürülmək;
– məhrum olunduğu xüsusi və ya hərbi rütbəni bərpa etdirmək;
– məhrum olunduğu fəxri adını və ya dövlət təltiflərini qaytarmaq.
AR CPM-in 59.2-ci maddəsində bildirilir ki, məhkəmə tərəfindən bəraət verilmiş, həmçinin barəsində cinayət təqibinə xitam verilmiş şəxsin tələbi ilə:
– məhkəmə və ya istintaq orqanı iki həftə müddətində bu barədə həmin şəxsin əvvəlki və ya hazırkı iş yerinə, təhsil aldığı yerə, yaşayış yerinə məlumat verməlidir;
– şübhəli və ya təqsirləndirilən şəxsi ləkələyən cinayət təqibi haqqında məlumatlar dərc edən media subyekti vətəndaşın təqsirsizliyini şübhə altına almadan bir ay müddətində iş üzrə yekun qərarı haqqında məlumat verməlidir.
Onu da qeyd edək ki, cinayət prosessual qanunvericiliyin tələbinə görə cinayət prosesini həyata keçirən orqan onun səhvi və ya sui-istifadəsi nəticəsində həbsdə saxlanılmış, yaxud təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxsdən yazılı surətdə üzr istəməlidir.
Bəzən elə ola bilər ki, müəyyən obyektiv və ya subyektiv səbəbdən bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmaz. Belə olarsa, nə etməli? Bu suala da AR CPM-in 61.2-ci maddəsi cavab verir. Belə ki, bu halda bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir.
Onu da qeyd etmək yerinə düşər ki, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir.
Adı çəkilən qanunda təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə, eləcə də onların əmlakına vurulmuş ziyanın ödənilməsi, şəxsin işdən (vəzifədən) azad edilməsi və ya kənarlaşdırılması ilə əlaqədar vurulmuş ziyanın ödənilməsi, eləcə də işdən (vəzifədən) azad edilmiş və ya kənarlaşdırılmış şəxsin əmək stajının hesablanması, habelə qanunsuz məhkum etmə ilə əlaqədar rütbələrin və fəxri adların qaytarılması qaydaları bütün təfərrüatı ilə tənzimlənmişdir.
Yunis Xəlilov,
Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının baş müəllimi
Xüsusi olaraq Medianews.az saytı üçün