Aparteid əleyhinə mübarizə apardığı üçün 27 il (1963-1990-cı illərdə) həbsxanada yatmış bu şəxs 1993-cü il Nobel Sülh mükafatına layiq görüldü.
Onun haqqında çox sözlər deyildi, barəsində filmlər çəkildi. O, mübarizələrlə keçən ibrət dolu həyatı ilə tarixə silinməz damğasını vurdu.
Söhbət Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti (1994-1999) olmuş əfsanəvi şəxsiyyət Nelson Mandeladan gedir.
Şiddətdən mülayimliyə, savaşdan barışa, dağıtmaqdan düzəltməyə doğru fikirlərini dəyişən və təkamül keçən düşüncələrini real həyatda gerçəkləşdirən bu dahi insana həbsxana həyatında çox mənəvi iztirablar və fiziki əziyyətlər verildi. Onun anası öldü və böyük oğlu avtomobil qəzasında öldürüldü. Amma Mandelaya onların dəfn mərasiminə getməyə icazə verilmədi. Ömürlük azadlıqdan məhrumetmə cəzasını çəkdiyi Robben Adasında əhəng daşı karxanalarında işlədildi. Amma nə etsələr də onun insan haqları uğrunda mübarizə ruhunu sarsıda bilmədilər.
Dünya irsinə misilsiz töhfələr vermiş bu fenomenal şəxsiyyətin aforizmə çevrilmiş fikirlərini sizlərə təqdim edirik:
Ağıllı insanlar susduqca, axmaqların sayı artmağa başlayır.
Azadlıq üçün göy üzünü satın almanıza ehtiyac yoxdur. Ruhunuzu satmayın yetər.
Bir çox işlər yalnız görülənə qədər qeyri-mümkün görünür.
Biz vaxtdan müdrik istifadə etməliyik. Düzgün işə hər dəqiqə başlamaq olar.
Bizi ən çox qorxudan kölgəmiz deyil, işığımızdır.
Bizi zəifliklərimiz qorxutmur, sahib olduğumuz güc qorxudur.
Bizim övladlarımıza və istənilən cəmiyyətin ən zəif vətəndaşlarına borcumuz var: zorakılıq və qorxudan azad gələcək həyat.
Dünyanı daha yaxşı bir vəziyyətə gətirmək sizin əlinizdədir.
Dünyanı dəyişdirmək üçün istifadə edə biləcəyiniz ən güclü silah təhsildir.
Edam cəzası barbar bir davranışdır. Bu hələ də insanların içində yaşayan heyvani instinktlərinin əksidir.
Edilənə qədər hər şey hər zaman imkansızdır.
Əfv etdik, lakin unutmadıq.
Əgər sizin hər hansı bir arzunuz vardırsa, onu həyata keçirməyə sizə heç kim maneçilik yarada bilməz. Yetər ki imtina etməyəsiniz.
Ən çətin işlərdən biri cəmiyyəti dəyişdirmək deyil, özünü dəyişdirməkdir.
Ən yaxşı silah eyni masa arxasında oturub danışmaqdır.
Haradan qalxmağınız haraya oturduğunuza bağlıdır.
Heç kim doğulanda başqasına dərisinin rənginə, irqinə və ya dininə görə nifrət hissi ilə doğulmur. İnsanlar nifrət etməyi sonra öyrənirlər. Əgər onlar nifrət etməyi öyrənə bilirlərsə, onları sevməyi öyrətmək lazımdır, çünki sevgi insanın ürəyinə daha yaxındır.
Heç vaxt uduzmadım. Ya qazandım, ya da öyrəndim.
Həyatını kimsə səni izləyirmiş kimi yaşa, hər kəs səni dinləyirmiş kimi danış.
Xarici görünüş önəmlidir, gülümsəməyi unutmayın.
İnandığı həyatı yaşama haqqından məhrum edilən birinin cinayətkara çevrilməkdən başqa çarəsi qalmaz.
İncimək və hiddət hissi ilə yaşamaq, özünün zəhər içib düşmənlərinin ölməsini gözləmək kimidir.
İnsanla onun başa düşdüyü dildə danışanda onun başı ilə danışırsan. Əgər onun dogma dilində danışırsansa, onun ürəyi ilə danışırsan.
İnsanlar nifrət etməyi öyrənə bilirlər. Əgər nifrəti öyrənə biliriksə, sevməyi də öyrənə bilərik. Çünki insan qəlbinə sevmək nifrətdən daha çox yaxındır.
Keçmişdə baş verənləri günahlandırmaq onları düzəltmək üçün iş yaramaz.
Kitab oxuyanda bir çox yerlərə səyahət edə, çox insanla tanış ola, dünyanı anlaya bilərik.
Qalib gələn heç vaxt imtina etməyən bir xəyalpərəstdir.
Qəzəbinizin ağlınızı idarə etməyinə imkan verməkdənsə, ağlınızın qəzəbinizi idarə etməyinə icazə verin.
Lider bir çoban kimidir. Sürüsünün arxasında qalar. Ən çevik və cəld olanın sürüyə istiqamət verməsinə icazə verər. Lakin sürünün yönləndirilməsinin fərqinə varılmasına imkan verməz. Xüsusilə işlər yaxşı gedərkən, təbriklər gələrkən arxa planda qalın. Buraxın, başqaları öndə olduqlarını zənn etsinlər.
Mən həbsxanada keçirdiyim 27 ilə minnətdaram, çünki bu mənə fikirlərimi cəmləşdirməyə fürsət verdi. Azadlığa çıxandan bəri, mən bu fürsəti itirmişəm.
Mən tam dərk etmişəm ki, cəsurluq-qorxunun olmaması deyil, ona qalib gəlməkdir. Cəsur insan qorxusuz deyil, qorxuyla mübarizə aparandır.
Məni uğurlarıma görə qiymətləndirməyin, məni neçə dəfə yıxılıb təkrar ayağa qalxa bilməyimə görə qiymətləndirin.
Mübarizə mənim həyatımdır. Ömrümün sonuna qədər azadlıq uğrunda mübarizəmi davam edəcəyəm.
Nə edilməsi lazım olduğunu bilirik, çatışmayan yeganə şey onu etmək üçün lazım olan iradədir.
Ruhumun kapitanı mənəm.
Seçimləriniz qorxularınızı deyil, ümidlərinizi əks etdirməlidir.
Silahlanmağa qərar verdik, çünki geriyə qalan tək seçimimiz köləliyə boyun əyib təslim olmaqdı.
Su qaynadıqdan sonra odu söndürmək axmaqlıq olar.
Tarixi yazanlar krallar və generallar deyil, xalq kütlələridir.
Təhsil dünyanı dəyişdirmək üçün istifadə edə biləcəyiniz ən güclü silahdır.
Uca bir dağa qalxdığınız zaman qarşınızda hələ qalxmadığınız çoxlu sayda dağlar açılır.
Uğur üçün önəmli olan başladığınız yer deyil, hədəfə aldığınız yüksəklikdir.
Yalnız azad kişilər danışıqlar apara bilər; məhbuslar müqavilə bağlaya bilməzlər. Sənin azadlığınla mənim azadlığımı ayırmaq olmaz.
Yaşamağın ən böyük nailiyyəti heç vaxt yıxılmamaqda deyil, hər dəfə yıxılanda ayağa qalxmaqdadır.
Yoxsulluq təbii deyil, insan əsəridir.
Medianews.az üçün tərtib etdi:
Yunis Xəlilov,
Naxçıvan Dövlət Universiteti Hüquq fənləri kafedrasının baş müəllimi