Onun film kimi kəşməkəşli həyatı təlatümlü hadisələrlə zəngindir. Atası tərəfindən 15 yaşına qədər döyülüb, 12 yaşı olarkən ana nənəsinin ölümündən özünü günahkar hiss etdiyindən hətta intihara belə cəhd edib.
Haqqında söhbət açdığımız bu şəxs 1955-ci ildən 1968-ci ildə baş vermiş qətlinə qədərki dövrdə afroamerikan insan haqları hərəkatının liderlərindən olan Martin Lüter Kinqdir.
O, dünyada xristian inancından və Mahatma Qandinin fəaliyyətindən ilhamlanaraq həyata keçirdiyi dinc itaətsizlik və zorakılığa baş vurmama yolları ilə insan haqları uğrunda apardığı mübarizəyə görə tanınır.
Uzun illər ABŞ-də Federal Təhqiqat Bürosu tərəfindən izlənilən və təzyiqlərə məruz qalan Martin Lüter Kinq həyatının müəyyən dövrlərində SSRİ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin də nəzarətində olub. Onun 1963-cü il tarixli Vaşinqtonda söylədiyi “Mənim bir arzum var” nitqi çox məşhurdur.
14 oktyabr 1964-cü ildə irqi ayrı-seçkiliyə qarşı apardığı mübarizəyə görə Nobel Sülh mükafatını qazanan Martin Lüter Kinq bu mükafata layiq görülmüş ən gənc şəxs kimi tarixə düşüb.
50-dən çox universitet və kollecdən fəxri dərəcələrlə mükafatlandırılmış bu böyük şəxsiyyət 1965-ci ildə ABŞ Yəhudi Komitəsi tərəfindən Amerikan Azadlıq Medalyonu ilə mükafatlandırılarkən demişdir: “Azadlıq bir bütövdür. Ya sən hamısına sahibsən, ya da azad deyilsən”.
2000-ci ilin 17 yanvar tarixində Martin Lüter Kinq Günü tarixdə ilk dəfə ABŞ-nin bütün ştatlarında rəsmi formada qeyd edilib. Bu günü bayram kimi qəbul edən son 3 ştata gəlincə, bunlar aşağıdakılardır: Arizona 1992-ci ildə, Nyu-Hempşir 1999-cu ildə və Yuta 2000-ci ildə. Yuta bu günü digər ştatlarla eyni vaxtda qeyd etsə də, günü “Martin Lüter Kinq Günü” deyil, “İnsan Haqları Günü” adlandırmışdır.
Fenomenal şəxsiyyət Martin Lüter Kinq və onun insanlıq üçün etdiyi misilsiz xidmətlər barədə saatlarla danışmaq olar. Lakin biz, mətləbdən uzaqlaşmadan saysız-hesabsız mükafatlara layiq görülmüş Martin Lüter Kinqin dillər əzbərinə çevrilən məşhur aforizmlərini sizlərə təqdim etməyi məqsədəmüvafiq hesab edirik:
Ayı nişan al, qaçırsan, ulduzları vuracaqsan.
Bəzi şeylər doğru, bəzi şeylər isə yanlışdır. Əbədi belə olub və mütləq belə olacaq. Nifrət pisdir. Həmişə səhv olub və həmişə də səhv olacaq.
Bir problemi həll etməyin ən yaxşı yolu onun səbəbini aradan qaldırmaqdır.
Biz göydə quş kimi uçmağı, suda balıq kimi üzməyi öyrəndik, indi bizim çatışmayan yeganə cəhətimiz qalıb, yerdə insan kimi yaşamağı öyrənmək.
Doğru olanı etmək üçün hər an doğru zamandır.
Dünyada səmimi cəhalət və vicdanlı axmaqlıqdan daha təhlükəli heç nə yoxdur.
Əgər bir insanın uğrunda öləcəyi bir şey yoxdursa, deməli, yaşamağa da haqqı yoxdur.
Əgər sizdən küçələri süpürməyiniz istənilirsə, Mikelancelonun rəsm çəkdiyi, Bethovenin musiqi bəstələdiyi və ya Şekspirin şeir yazdığı kimi küçələri süpürün. Qoy o qədər gözəl süpürülsün ki, göydə və yerdə olanların hamısı dayanıb desinlər ki, burada dünyanın ən yaxşı süpürgəçisi yaşayır.
Hamımız qardaş kimi yaşamağı öyrənməliyik, yaxud da axmaq kimi çürüməyi.
Hər şey bitdikdən sonra düşmənlərimizin sözlərini deyil, dostlarımızın səssizliyini xatırlayacağıq.
Həyatımız vacib şeylər haqqında susduğumuz gündən etibarən sona çatmağa başlayır.
Həyatın ən israrlı və zəruri sualı budur: Başqaları üçün nə edirsiniz?
İlk adımınızı inancla atın. Bütün nərdivanı görmək məcburiyyətində deyilsiniz, yetər ki, siz ilk addımı atın.
İnsanı alçaldan hər qanun ədalətsizdir.
İnsanlar çox vaxt bir-birlərinə nifrət edərlər, çünki bir-birlərindən qorxarlar; bir-birlərindən qorxarlar, çünki bir-birlərini tanımazlar; bir-birlərini tanımazlar, çünki bir-birləri ilə ünsiyyət qurmazlar; bir-birləri ilə ünsiyyət qurmazlar, çünki siniflərə bölünmüşdür.
İnsanoğlu qisas, təcavüz və kin-küdurəti rədd edən insanlar arasında bütün münaqişələrin həlli üsulunu inkişaf etdirməlidir.
Qaranlıq qaranlığı qova bilməz: bunu yalnız işıq edə bilər. Nifrət nifrətdən qaça bilməz: bunu yalnız sevgi edə bilər.
Qorxu “bu iş təhlükəsizdirmi?” – deyə soruşar; mənfəət “bu işin içində gəlir vardırmı?” – deyə soruşar; nümayiş “bu iş məşhurdurmu?” – deyə soruşar. Sadəcə vicdan “bu iş doğrudurmu?” – deyə soruşar. Sırf vicdanımız doğru olduğunu söylədiyi üçün təhlükəsizliyi, gəliri və məşhurluğu olmayan yolu seçməyiniz çox vacibdir.
Mən sevgiyə sadiq qalmağa qərar verdim … Nifrət daşına bilməyəcək qədər böyük yükdür.
Məni qorxudan pislərin zülmü deyil, yaxşıların biganəliyidir.
Niyə yaşadığını anlamağın üçün nə uğrunda ölə biləcəyini bilməlisən.
Sonda düşmənlərimizin sözlərini deyil, dostlarımızın susqunluğunu xatırlayacağıq.
Uça bilmirsənsə qaç, qaça bilmirsənsə yeri, yeriyə bilmirsənsə sürün, amma nə edirsənsə et, irəli getməlisən.
Üç vacib və böyük problem vardır ki, biz onlarla yalnız ABŞ-də yox, bütün dünyada qarşılaşırıq. Bu irqçilik, kasıblıq və müharibə problemidir.
Üsyan eşidilməyənlərin dilidir.
Yalan qartopu kimidir, diyirləndikcə artıb böyüyər.
Zorakılığa müraciət etmədən dünya sülhünə nail olmaq nə absurd, nə də əlçatmaz deyildir. Bütün digər metodlar uğursuzluğa məruz qalıb. Beləliklə, biz yenidən başlamalıyıq. Zorakısızlıq yaxşı başlanğıc nöqtəsidir. Bu metoda inananlar, şiddət, nifrət və duyğu səsləri arasında ağıl, mühakimə və rasionallıq səsləri ola bilərlər. Biz sülh şəraitini qoruya biləcək sülh şəraiti inşa edə bilərik.
Tərtib etdi: Yunis Xəlilov
Naxçıvan Dövlət Universiteti Hüquq fənləri kafedrasının baş müəllimi
Xüsusi olaraq Medianews.az saytı üçün