Şəkillərdəki şəxsi tanıdınızmı? Nə cavan, nə də yaşlı vaxtının fotosundan tanış gəlmədi sizə?
1929 -2018-ci illərdə yaşamış bu şəxs ingilis nevropatoloqu olub. Hər insanda olduğu kimi, onun da bir xəyalı var idi. Xeyr, xeyr, qətiyyən onun həkimlik sahəsində böyük uğurlara imza atan 1 nömrəli dünya nevropatoloqu olma kimi bir istəyinin olduğunu ağlınıza gətirməyin.
Onun xəyalı həyatda bilirsinizmi nə idi? Bir mil məsafəlik qaçışda dünyanın ən sürətli insanı olmaq! (“Nə əlaqə?” deyəcəksiniz. Mətləbdən uzaqlaşmayaq) Bəli, bu qədər sadə! Daha doğrusu, bizə bu arzu indi sadə görünür. Çünki o dövrdə bir mil məsafənin dörd dəqiqədən az bir müddətdə qaçmağın mümkünsüz olduğunu düşünürdülər. Hətta ayrı-ayrı mütəxəssislər insan bədəninin belə bir qaçış rekordunu qırmağa hazır olmadığını tərəddüdsüz şəkildə dilə gətirirdilər.
Bütün bu qətiyyətli hakim mövqeyə baxmayaraq, Roger Bannister 1954-cü ildə bir millik məsafəni dörd dəqiqədən tez bir zamanda qaçaraq inanılmaz kimi görünən bir işi gerçəkləşdirdi.
İşin daha da maraqlı tərəfi bu rekord göstəricidən sonrakı iki il ərzində nə az, nə çox, düz 213 qaçışçı – bir mili dörd dəqiqədən tez bir zamanda qaça bildi.
Sual olunur: Nə dəyişmişdi? Beyinlərdə yaradılmış əsası olmayan əngəl xaricində…
Yunis XƏLİLOV
Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının baş müəllimi, hüquqşünas
Xüsusi olaraq Medianews.az saytı üçün