Azərbaycan milli istiqlal hərəkatının təməl daşını qoyan Məmməd Əmin Rəsulzadənin “Əsrimizin Səyavuşu” adlı əsərindən bəzi nüansları oxucuların diqqətinə çatdırırıq:
– Azərbaycanlılar türklərdir;
– … ilk türk dramaturqu azərbaycanlı, ilk türk (opera – Y.X.) bəstəkarı azərbaycanlı, Rusiya türkləri arasında ilk qəzet yaradıcısı azərbaycanlı, məzhəb uzlaşmazlığını ilk olaraq ortadan qaldıran yenə azərbaycanlı, (köhnə – Y.X.) əlifba islahatını ilk düşünən azərbaycanlı, nəhayət islam aləmində ilk dəfə cumhuriyyət elan edən də azərbaycanlıdır;
– Millətsevər Azərbaycan türkçülərinin vaxtilə kimsəyə sözlə inandıra bilmədikləri həqiqətləri bolşeviklər işləri ilə isbat etdilər;
– Rus istilasının xeyri bu oldu ki, azərbaycanlılar özlərini ictimai bir vücud, xüsusi mədəniyyət toxumlarını daşıyan bir cəmiyyət, yəni ruslardan ayrı bir millət olduqlarını hiss etməyə başladılar.
Rus süzgəcindən keçsə də, özlərinə keçən Avropa elm və texnikasının təsiri ilə Azərbaycan şərqin qorxu və dedi-qodularından silkələnərək yaxşı bir həyat əsəri göstərir, doğru yolu tapır, böyüyüb inkişaf edirdi;
– Bakının hərarətli torpağında kök salmış müqəddəs atəşi Quzğun dənizin (Xəzər dənizi) dalğaları daimi olaraq söndürməyə aciz olduğu kimi, Azərbaycan türklərinin ağlına girən fikir və qəlbinə yerləşmiş istiqlal hissini öldürməyə də bolşevik cəlladları o dərəcədə acizdirlər: Bir quzey ruzgarının zərbəsi ilə dalğalanan Xəzər, Bayıl burnundakı mavi atəşi söndürsə də, rüzgar keçib dəniz düzgün bir hal alanda, sadə bir qığılcım kiafəydir ki, bu müqəddəs atəş təkrar yansın, təkrar Bayıl burnunu aydınlatsın;
– Ey gələcək nəsil, ey gənclik!
Ey əsrimizin Siyavuşunun böyümüş oğlu!
Sənin öhdəndə böyük bir vəzifə var.
Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı.
Onu min müşkülatla ucaldaraq dedi ki: Bir kərə yüksələn bayraq bir daha enməz!
Bunu deyərkən o, bu günkü öksüzanə mənzərəni hesaba almamış deyildi.
Bu onun tərəfindən təsəvvür olunmuşdu.
O, sənin o zaman bu bayrağı gənc çiyinlərinə alıb məsumanə bir tərzdə küçə-küçə dolaşaraq: “irəli, irəli Azərbaycan əsgəri” – deyə əsgər kimi addım atmağını görmüşdü və bu sözü cəsarətlə söyləmişdi.
Əlbəttə ki, sən onun bu ümidini qırmayacaq, bu gün parlament binası üzərindən Azərbaycan türklərinin yanıqlı türkülərinə mövzu olmuş, ürəklərinə enmiş bu bayrağı təkrar o bina üzərinə dikəcək, Böyük Dəmirçinin geri dönüşünü görüncə onun tərəfinə keçəcək, bu yolda ya qazi, ya şəhid olacaqsan;
– … millət bu günkü məfhumu ilə bir qan irq tərəfindən ziyadə müştərək bir birlikdən ibarətdir…;
– Əski zaman qəhrəmanları üzərində qanın gördüyü işi, indiki millətlər üzərində mədəniyyətlərlə ideologiyalar görməkdədir. Dili, dini, əxlaqı, adəti, tarixi və ənənəsi bir olan xalq milli bir mədəiyyət yaradır: dinləri, dilləri və yaxud tarixi müqəddəratı, hətta bəzən coğrafi mövqeləri bir olan millətlər müştərək bir mədəniyyət yaradırlar. Bəzən iki ayrı soydan olan mədəniyyətlərin iştirakı o qədər sıx olur ki, xətti-zatında iki mədəniyyətdən bir mədəniyyət, iki millətdən bir millət nümunəsi meydana gəlir.
Türklük, ərəblik, farslıq müştərək bir mədəniyyət küməsi meydana gətirmişdir. İslamlıq bu millətlər arasında müştərək bir mədəniyyət vücuda gətirmişdir. Necə ki, bir xristian mədəniyyəti var – buna Avropa mədəniyyəti də deyirlər. Necə ki, islam mədəniyyətinə şərq mədəniyyəti deyilir;
– Bir qüvvə insanları bir arada toplayıb bir mərkəzə tabe tutaraq, fərdi cəmiyyətə məhkum edən bir şəkildə istibdad, mərkəziyyət, digər şəkildə – cəmiyyətçilik, kollektivizm adını alır. Digər qüvvə də hürriyyətdir. Şəxsiyyəti hər şeyin üstündə görərək, fərdi cəmiyyətin əsarətindən qurtarıcı bir şəkildə özünüidarə, digər şəkildə də istiqlal və ya muxtariyyət (avtonomiya) adını alır.
Çərxi-fələk hərbə-zorba və səlahiyyətlə dönmədiyi kimi, insan toplusu nə sırf cəmiyyətçiliklə mərkəziyyət, nə də sırf yalnızlıq və muxtariyyətlə idarə olunur.
Nə mərkəziyyət, nə də özünüidarə, nə cəmiyyətçilik, nə fərdiyyətçilik – bəlkə ikisi arasında bir şey: Federasyon, ittifaq
Bu surətlə gül ilə göz muncuğu kimi cəmiyyətlə fərdin çeşidli şəxsinin, hökumətlə millətin vəzifələri konkret olub, biri digərini əksildici deyil, bilavasitə bir-birlərini tamamlayıcıdır;
– Turançılıq, türkçülük ədəbi məsləki Türkiyə ilə Azərbaycanı bir-birinə bağlayan ən davamlı bir bağ, mətanətli bir ip idi. Turançılıq məfkurəsi doğulunca millət beynəlmiləl islamiyyətçilik və federasiyan formullarını çıxarmış, sosiologiyada da “Türkləşmək, İslamlaşmaq və Müasirləşmək” kimi üç ayaqlı bir şüar ortaya atmışdı. İstanbul yurdçuları bu şüarı nəzəri şəkildə yaymaqda ikən, Azərbaycan Turançıları bunu siyasi bir fəlsəfə kimi qəbul edərək qurduqları milli siyasi partiyanın prinsipi elan etdilər.
Adı çəkilən siyasi məsləkin yoluna görə, insanlıq millətin sayı nisbətində hökumətlərə bölünərək, bundan sonra Dünya Federasyonu vücuda gətirməlidir. Fəqət bunun oluşmasında əvvəl müştərək din və mədəniyyət sahibi olan millətlər arasında dolayısı ilə müsəlmanlar arşında bütün müsəlmanları bir məkanda birləşdirən “İttihadi-islam” ola bilməz. “İttihadi-islam” (“İslam birliyi”) mümkün olmayacaq bir xəyal, bir utopiyadır. Biləks – bütün türklərin, bütün farsların, bütün ərəblərin ictimai bir vücud kimi birləşmələri həm mümkün, həm də istənilən bir haldır. Müsəlman olan millətlər bir millət və bir hökumət halına gəldikdən sonra ittihad deyil, islam ittifaqı ola bilər. Fəqət belə siyasi bir ittifaq mövcud olmasa da, mədəni əlaqələr vardır, ola bilməlidir.
Bütün türklər öz aralarında böyük dünya federasyonuna qədəm qoymaq üzrə bir federasyon yapmalıdır. Yəni Turan, mədəni birlik üzərində təsis edilib ancaq gələcək birər Türk hökumətlərinin federasyonu şəklində təsəvvür oluna bilər.
Azərbaycan da bu gələcək Turan silsiləsinin mühüm bir halqasıdır!;
– XX əsr demokratik fikirlər dövrüdür. Şəxsi fərq qoyulan və cəngavər olan, sayılan aristokratiyanın yerini indi mütəfəkkir və texniki bilik sahibi, sadə xalq demokratiyası tutmağa başladı. Köhnə əsrdə xalqın fövqündə təsəvvür olunan despot firon qəhrəmanlarının taxtında indi xalqın ümumi idrakının daşıyıcısı fikir sahibi insanlar oturmağa başladı. Daha sadəsi – hakimiyyət imperatorlardan, sultanlardan, şahlardan xalqa; bilgi kahinlər, sehrbazlar və ilahilərdən alimlərə, texniki elm sahibləri və yazarlara keçdi.
… Hakimiyyət xalqa keçdikdə … Hakimlər xalq üçün, xalq da hakimlərdən ötrü məsuldur. Bunun üçündür ki, yalnız hakimlər daha demokratik yolla xidmət edənlər deyil, bütün xalq, yaradılışına, ruh və tərbiyəsinə görə ayırıcı və ya inqilabçı, savaşçı və ya barışçı olur.
Tərtib etdi: Yunis Xəlilov
Naxçıvan Dövlət Universiteti Hüquq fənləri kafedrasının baş müəllimi