“Buna vaxtım var?” – deyirsiniz, hə? Zamanınız yoxdur, eləmi? Tarixdən ibrət dərslərini dinləyək.
Elihu Burritt (1810-1879) kimdir? Tələffüzü çətin bu qəribə adın sahibini az adam tanıyar bəlkə də. 1846-cı ildə Ümumdünya Qardaşlıq Liqası sülh təşkilatını qurmuş bu şəxs ABŞ diplomatı, xeyriyyəçi, ictimai fəal, jurnalist və yazıçı olub.
Elihu Burritt dəmirçi kimi də fəaliyyət göstərib. Bəli, doğru oxudunuz – dəmirçi! Gələk, onun vaxtdan səmərəli faydalana bilməsi məsələsinə. 18 dili və 22 Avropa ləhcəsini dəmirçi olduğu dövrlərdə əziyyətli işinə arada dincəlmək üçün fasilə verdiyi qısa zaman fasilələrində öyrənib.
Mason Good (1764-1827) tibbi, dini və klassik mövzularda əsərlər yazmış ingilis yazıçısı olub. Bu şəxs həmçinin 1794-cü ildə Britaniya Əczaçılıq Cəmiyyətinin üzvü seçilib. O, “Tibb tarixi” (1795) adlı əsərinin nəşri ilə əczaçılıq peşəsi sahəsində misilsiz faydalı xidmətlər göstərib. 1795-ci ildə London Tibb Cəmiyyəti onu Fothergillian qızıl medalı ilə təltif edib.
Maraqlısı bilirsiniz nədir? Zamandan ustalıqla faydalana bilən Mason Good Roma epikürçülüyünün ən tanınmış təmsilçisi Lukretsi Karın müəllifi olduğu “Əşyaların təbiəti” adlı əsərinin tərcüməsini avtomobillə Londonda xəstələrini ziyarətə gedərkən atılıb-düşdüyü yollarda edib.
Çarlz Burney (1726-1814) ingilis musiqi tarixçisi, bəstəkarı və musiqiçisi olub. Təəssüf ki, ölümündən sonra Burneyin qızı Frensis onun jurnalları da daxil olmaqla, bir çox əlyazmalarını məhv edib.
Oksford Universiteti tərəfindən 23 iyun 1769-cu ildə bakalavr və musiqi doktoru dərəcələri ilə mükafatlandırılan Burneyin zamandan necə ustalıqla istifadə etdiyini sizlərə deyim. O, fransız və italyan dillərini çörək pulu qazanmaq məqsədilə musiqi dərsi vermək üçün bir tələbəsinin evindən digərinə gedərkən yolda at üstündə tullanıb-düşərkən öyrənib.
Fransız zadəgan xanımı olan Madam de Genlis (1746-1830) tarixdə yazıçı, arfa ifaçısı və pedaqoq kimi tanınır. 1758-ci ildə Parisdə Madamın arfa ifaçısı kimi məharəti və iti ağlı tez bir zamanda ona şöhrət gətirib.
Bilirsinizmi, Madame de Genlis əsərlərinin böyük bir hissəsini bir qarın çörək pulu məqsədilə dərs keçmək üçün əsilzadələri gözləyərkən əldə etdiyi kiçik zamanlarda yazıb.
Avraam Linkolnu (1809-1865) tanımayan yoxdur. Məlum olduğu kimi Amerika Birləşmiş Ştatlarının 16-cı prezidenti olmuş bu şəxs ABŞ-nin iki hissəyə parçalanması, eləcə də vətəndaş müharibəsi kimi kritik bir dövrdə ölkəyə rəhbərlik etmiş, ABŞ-də quldarlığın ləğvini təmin edib.
Avraam Linkolnun həyatından ibrət dərsi götürüləsi çox məqamlar olsa da, onun vaxtı səmərəli şəkildə necə idarə etməsi ilə bağlı qısa bir xatırlatma ilə kifayətlənmək istərdik. Belə ki, Linkoln bir kəndçinin yanında işləyərkən arada verilən dincəlmə fasilələrində kitablar oxuyaraq məktəb bitirib. Sonra dükanda satıcı işlədiyi vaxtlarda müştərinin olmadığı fasilələrdə dərsliklər oxuyub liseyə, daha sonra universitetə hüquq fakültəsinə qəbul olunub.
“Uşaq olarkən heç vaxt cib xərcliyim olmadı. Qardaşımın işlədiyi qəzet paylama şirkətində ona kömək edərək qəzet payladım. Uzun illər anama onun tanıdıqlarının verdiyi geyinilmiş köhnə paltarlar geyindim. Marka, stil, gözəl olub-olmamağı əhəmiyyət kəsb etmirdi. Qırmızı rəngli qız paltarı belə geyindiyim vaxtlar oldu. Ən sevdiyim yemək 55 sentlik tost çörəyi və 1 avrodan da ucuz olan ketçup idi. Günlərlə bu ağ çörəklərə ketçup sürtüb qarnımı doyurdum. Anam bir məktəbdə xadimə işləyirdi. Başqa uşaqlar inanılmaz gözəl evlərdə yaşayırdı, bizim evin pəncərələrinin şüşələri belə yox idi. Qışda çox üşüyürdüm”.
Bu sözlər yuxarıda öz dili ilə təsvir etdiyi acınacaqlı şəraitdə yaşayan, amma buna baxmayaraq, vaxtdan düzgün istifadə edərək üzərində işləyib gələcəkdə böyük futbolçu olan türkəsilli alman futbolçu Mesut Özilə (1988) aiddir.
Hazırda o, texniki bacarıqları, yaradıcılığı, pas ötürmə qabiliyyəti ilə tanınan öz nəslinin ən yaxşı yarımmüdafiəçilərindən biri hesab olunur.
Mesut Özil Almaniya millisində 9 il oynayıb və 92 milli matçda 23 qol vurub, 40 məhsuldar ötürmə edib. O, Almaniya millisinin 2014-cü il Dünya Kubokunu qazanmasına birbaşa töhfə verib. Lakin o, Almaniya Futbol Federasiyasının və alman mediasının ayrı-seçkilik və hörmətsizlik etdiyini iddia edərək 2018-ci ildə milli komandadan ayrıldığını açıqlayıb.
Müəlliflərdən Cekson Braun deyirdi ki, “Yetərli zamanım yoxdur demə… Paster, Mikelancelo, Da Vinçi, Eynşteynin də günləri 24 saat olub”.
İstəsəniz, bir də düşünün bu vaxt məsələsini bəhanə etməyinizi! Nəticə budur: Boş zaman yoxdur, boşa keçən zaman vardır!
Yunis Xəlilov
Naxçıvan Dövlət Universiteti Hüquq fənləri kafedrasının baş müəllimi
Xüsusi olaraq Medianews.az üçün