Allahın verdiyi sağlamlıqdan qədrini nə dərəcədə bilirik? Ən əsası bu sağlam vəziyyətimizdən nə dərəcədə faydalanırıq? Aşağıdakıları oxuduqdan sonra bu sualları özümüzə bir də verib gözlərimizin içinə dik baxa biləcəyikmi? Oxuyaq görək.
ABŞ-li pedaqoq Helen Kellerin adını eşitmisinizmi? Bu şəxs uşaqlıq vaxtından görmə, eşitmə və nitq məhdudiyyətinə baxmayaraq, həyatı boyu 5 dil öyrənib, yelkənli qayıqla səyahətə çıxıb, üzməyi və şahmat oynamağı bacarıb. O, həmçinin bir sıra məqalələrin müəllifidir.
Meksikalı rəssam Frida Kalo 6 yaşında poliomielit xəstəliyinə tutulub və bundan sonra ömrünün sonunadək axsayıb. 18 yaşında avtomobil qəzası keçirib, 1925-ci ildə baş verən qəzada isə onun evə getdiyi avtomobil tramvay ilə toqquşub. Zərbədən tramvayın kollektorunun sınıq dəmir çubuğu Fridanın mədəsindən keçib çanaq sümüyünü parçalayıb, sol qasığından çıxıb. Onurğa sümüyü üç yerdən zədələnib və iki budu sınıb. Bundan sonra Frida həyatı boyunca 32 dəfə müxtəlif tibbi əməliyyatlar keçirməli olub. Bütün bu çətinliklər onun məşhur rəssam olmasını əngəlləməyib.
Müasir kosmonavtikanın əsasını qoyan, planetlərarası uçuş ideyasının banisi sayılan rusiyalı alim və yazıçı Konstantin Siolkovski 10 yaşında olarkən qızıl xəstəliyinə tutulub və eşitmə qabiliyyətini itirdiyinə görə məktəbi tərk edib. Bundan sonra o, sərbəst təhsil alıb və ailəsi tərəfindən Moskavaya oxumağa göndərilib. Moskvada olarkən eşitmə qabiliyyəti olmayan Siolkovski heç bir ruh düşkünlüyünə məruz qalmadan fizika, astronomiya, mexanika və həndəsəni oyrənib.
İsveçrəli dahi riyaziyyatçı, fizik və astronom Leonard Eyler həyatının 17 ilini görmə məhdudiyyəti ilə yaşamasına baxmayaraq, riyazi analiz, ədədlər nəzəriyyəsi, diferensial həndəsə, riyazi fizika, göy mexanikası və sair sahələrdə 900-ə yaxın elmi məqalə yazıb.
Sovet yazıçısı Nikolay Ostrovski 1904-cü ildə doğulub. 1927-ci ildə ağır iflic onu yatağa salıb, 1928-ci ildə isə gözləri tutulub. Lakin yenilməz iradəyə malik Ostrovski təslim olmayıb, bütün mənəvi qüvvəsini toplayaraq yaşamaq uğrunda mübarizə aparıb, təhsilini artırıb. 1930-cu ilin payızında “Polad necə bərkidi” romanını yazıb. O, 1934–1936-cı illərdə Qərbi Ukrayna zəhmətkeşlərinin inqilabi mübarizəsindən bəhs edən 3 cildlik “Fırtınadan doğulmuşlar” romanı üzərində işləyib.
Dahi alman bəstəkarı və pianoçusu Lüdviq van Bethoven 1796-ci ildən, yəni iyirmi yaşlarından etibarən eşitmə qabiliyyətini tədricən, 1814-cü ildən tamamilə itirib. Buna baxmayaraq, bu, onu klassik musiqinin ən möhtəşəm əsərlərini yaratmaqdan yayındıra bilməyib.
ABŞ-li ixtiraçı Tomas Edisonun eşitmə məhdudiyyətli olmasından xəbəri olan varmı? O, 12 yaşında ikən qatarda jurnal və meyvə satıb, qatarın yük vaqonuna yerləşdirilmiş kiçik çap maşını ilə həftəlik qəzet çap edib. Bir gün tərkibində kimyəvi maddələr olan əşyalardan birinin qırılması səbəbindən vaqonda baş vermiş yanğında Edison yaralanıb, eşitmə hissini tamamən itirib. Lakin bu faciəvi hadisə onu ruhdan salmayıb, dünyaya yüzlərlə ixtiralar bəxş etməsinə mane ola bilməyib.
Doğuşdan gözləri görməyən İngiltərənin ilk görmə məhdudiyyətli naziri David Blunketti tanıyırsınızmı? Bu şəxs 1987-ci ildə İngiltərədə parlamentə deputat seçilib, 1988-1992-ci illərdə səhiyyə naziri, 1994-1997-ci illərdə təhsil naziri olub. 2001-ci ildə o, daxili işlər naziri təyin olunub. Görmə məhdudiyyəti onun İngiltərədə nazir vəzifəsini icra edib-etməyəcəyi ilə bağlı heç bir ciddi tərəddüd, yaxud müzakirə yaratmayıb.
Görüşlər zamanı brayl əlifbası ilə yazılı, eləcə də səs yazıcıları ilə qeydlər aparıb, mətndən oxuyaraq yazılı çıxışlar edib. Parlamentdə bütün günü davam edən uzun iclaslardan sonra əlində onlarla kasetlə evə qayıdıb və axşamlar onun üzərində işləyib. David Blunkett həmçinin güclü yaddaşa malik olub.
79 il ömür sürən türk xalq ozanı Aşıq Veysəl bu ömrünün cəmi 6-7 ilini gözləri ilə işıqlı dünyaya baxa bilib. Belə ki, o, yeddi yaşı olarkən çiçək xəstəliyindən hər iki gözünü itirib, lakin buna baxmayaraq, insanlıq üçün böyük əsərlər miras qoyub.
Məşhur sovet riyaziyyatçısı akademik L.Pondyaginin görmə qabiliyyəti olmayıb. Lakin bu fiziki çatışmazlıq onun görkəmli şəxsiyyət olmasına mane ola bilməyib.
Türkiyənin biopsixologiya professoru Onur Güntürkün dörd yaşında olanda qəza keçirib və poliomielit xəstəliyinə tutulub. Onun Almaniyadakı müalicəsi qismən uğurlu olub. O dövrdən etibarən əllərini və qollarını işlədə bilsə də, əlil arabasına məhkum olub. Bu halı onun uğurlarının qarşısını ala bilməyib. Belə ki, 1975-1980-ci illərdə Bohumda Ruhr Universitetində psixologiya fakültəsini bitirən Güntürkün 1984-cü ildə doktorluq dərəcəsini alıb. Doktoranturadan dərhal sonra Paris Universitetində və San Dieqo Universitetində çalışıb. 1988-ci ildə Konstanz Universitetində elmi köməkçi olub və 1993-cü ilə qədər orada qalıb. 1992-ci ildə dosent olub. 1993-cü ildə Ruhr Universitetinin Psixologiya fakültəsinə dəvət olunub. 2006-cı ildə Leopoldina adına Almaniya Təbiət Alimləri Akademiyasının üzvü olub. Prof. Dr. Güntürkün 27 noyabr 2013-cü ildə Parisdə keçirilən “Expo-2020” namizədliyinin təqdimatında İzmiri təmsil edən şəxslərdən biri olub.
Con Milton 1608-1674-cü illərdə yaşamış ingilis şairi olub. Həyatı boyu bir sıra çətinliklərlə qarşılaşıb. Milton “Paradise Lost” (“İtmiş Cənnət”) adlı məşhur əsərini 47 yaşında yazdığı zaman isə gözləri tamamilə tutulub. Onun qızları atalarının söylədiklərini yazaraq və onun lazım bildiyi kitabları Miltona oxuyaraq əsərinin tamamlanmasında böyük rol oynayıblar.
Görmə məhdudiyyətli insanlar üçün dünya miqyasında istifadə olunan Brayl əlifbasının yaradıcısı olan Lui Brayl özü də görmə məhdudiyyətli olub.
Müasir dövrün ən məşhur fizik-nəzəriyyəçisi Stiven Hokinqdə sonralar iflicə səbəb olacaq yan amiotrofik sklerozun simptompları aşkar edilib, 1985-ci ildə boğazından keçirdiyi əməliyyatdan sonra isə danışıq qabiliyyətini itirib. Həmin dövrdən ölümünə qədər fizik ətrafdakı insanlar ilə dostlarının ona bağışladığı əlil arabasına quraşdırılmış nitq sintezatoru vasitəsi ilə ünsiyyət saxlayıb. Bu çətinlikləri onun dünyanın axarını dəyişə biləcək kəşflər etməsinə əngəl ola bilməyib.
ABŞ-nin 32-ci prezidenti olmuş Franklin Ruzvelt 1921-ci ildə polimelit xəstəliyinə tutulub və ömrünün sonunadək ayaqları iflic vəziyyətində qalıb. İkinci Dünya müharibəsi də daxil olmaqla, bir çox çətinliklərin öhdəsindən gələn Ruzvelt jurnalistlərin “bu qədər problemlərə baxmayaraq, necə olur ki, belə dik dura bilirsiniz” sualına bu cavabı verib: “Bəylər! Siz bu dəqiqə ayağının baş barmağını hərəkət etdirə bilmək üçün iki il səy göstərən birinə baxırsınız”.
Yunis Xəlilov
Naxçıvan Dövlət Universitetinin Hüquq fənləri kafedrasının baş müəllimi
Xüsusi olaraq Medianews.az saytı üçün