Milli dövlətçilik ənənələrinə sadiq olan müstəqil və suveren bir dövlətin qurulması, hər şeydən əvvəl ömrünü xalqına həsr edən fədakar bir lider amili ilə, xüsusilə də onun yaradıcı təfəkkürü, siyasi əzmkarlığı, yüksək intellekti, qətiyyətli təşəbbüskarlığı və uzaqgörən dövlətçilik səriştəsi sayəsində mümkündür. Məhz bu baxımdan ölkəmizin müasir tarixi Heydər Əliyevin adı, onun xilaskar və quruculuq missiyası ilə bilavasitə əlaqədardır. Dövlətimizin çoxəsrlik tarixində bu dövrün xüsusi yeri vardır. Təsadüfi deyil ki, ölkəmizi müstəqil dövlət quruculuğuna aparan keşməkəşli və şərəfli yol Böyük öndərimizin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra başlamışdır. Tarixə “Milli Qurtuluş Günü” kimi düşmüş bu əlamətdar hadisə təkcə Heydər Əliyev ömrünün deyil, həm də bütün tariximizin xüsusi mərhələsi, əsaslı dönüş nöqtəsi olmuşdur. Belə ki, Ulu öndər Hеydər Əliyеvin 15 iyun 1993-cü ildə Аzərbаycаn Аli Sоvеtinin sədri sеçilməsi ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni sahələri ilə yanaşı, bütövlükdə hüquq sistemində də köklü islahatların əsası qoyuldu, ölkədə beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanan milli dövlət quruculuğu prosesinə başlanıldı.
Ümummilli lider “Mən mənalı həyatımın düz altmış ilini xalqımın bugünü və sabahı ilə yaşamışam. Bunun son on ili müstəqil Azərbaycan dövlətinə xidmətdə keçib. Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub” – deyərək ömrünün qalan hissəsini də xalqının xilasına həsr edəcəyini bildirmişdir. Beləliklə, Azərbaycan dövlətçiliyinin müqəddəratının həll olunduğu həmin illərdə dünya miqyaslı siyasi dövlət xadimi Heydər Əliyevin yenidən hakimiyyətə dəvət olunması dövlətimizi yalnız parçalanmaqdan, çevrilişlərdən, özbaşınalıqlardan xilas etmədi, həm də xalqımıza yeni, firavan, qüdrətli, ildən-ilə gözəlləşən və tərəqqi edən müstəqil Azərbaycan dövlətini bəxş etdi.
Xalqımızın əbədiyaşar xilaskarı Heydər Əliyev Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini və xalqın vahidliyinin təmin olunmasını özünün dövlətçilik strategiyasının prioritet istiqaməti kimi müəyyənləşdirmişdir.
Dahi rəhbərin Azərbaycan tarixində böyük missiyası olduqca ağır və əlverişsiz şəraitdə müstəqilliyimizi xilas etmək, ölkədə məhkəmə-hüquq islahatını sistemli şəkildə həyata keçirmək, haqqa və ədalətə, demokratik inkişafa əsaslanan güclü dövlətçiliyin özülünü qoymaq oldu. Məhz böyük öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanın müstəqillik tarixində yeni, real dövlət quruculuğu səhifəsi açıldı.
Düzdür, etiraf etmək lazımdır ki, ölkəmizdə məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi hələ keçən əsrin 70-80-ci illərində Ulu öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olduğu dövrdən başlanılmışdır. Belə ki, hər zaman rüşvətxorluğa, cəmiyyətdə mövcud olan digər xoşagəlməz mənfi hallara qarşı kəskin mübarizə mövqeyi sərgiləndiyini, həmişə ədalət uğrunda mübarizə apardığını, mövcud problemləri və mənfilikləri gizlətməklə onlardan yaxa qurtarmağın mümkün olmadığını, əksinə onların üzərinə getməyin gərəkliliyini göstərdiyi “Literaturnaya qazeta”ya verdiyi “Qoy, ədalət zəfər çalsın” sərlövhəli müsahibəsi həmin dövrlərdə bütün SSRİ-yə səs salan, onun həyata keçirdiyi məhkəmə-hüquq islahatları konspesiyasının ən böyük xəbərçisi idi.
Müstəqilliyimizi əldə etdikdən sonra isə Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda hüquqi islahatların başlanmasına təkan verən ən əlamətdar hadisələr 1993-cü ildə ölüm cəzası üzərində moratoriumun qoyulması, 1995-ci ildə əfv komissiyasının bərpası, 1998-ci il tarixdə ölüm cəzasının ləğvi olmuşdur.
Ümummilli liderin ölkədə hüquqi nizam-intizamın möhkəmləndirilməsi istiqamətində atdığı qətiyyətli addımlardan biri də 9 avqust 1994-cü il tarixli “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” fərmanın imzalanması olmuşdur. Ulu öndər Heydər Əliyev həmin fərmanla cinayətkarlığa qarşı mübarizə tədbirlərini daha da gücləndirmiş, hüquq-mühafizə orqanlarının bu istiqamətdə uzunmüddətli dövrü üçün fəaliyyət proqramını müəyyənləşdirmişdir.
Bütün ömrünü Azərbaycanın inkişafı və tərəqqisinə həsr etmiş Ulu öndərin xalqımız qarşısında ən böyük xidmətlərindən biri müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının hazırlanmasına verdiyi əvəzsiz töhfə olmuşdur. O, Azərbaycanın ilk milli Konstitusiyasının müstəqilliyə xidmət etməsini, insan hüquq və azadlıqlarının qorunmasına təminat verməsini arzu edirdi. Bu məqsədlə 1995-ci ilin iyul ayında Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının Konstitusiyasını hazırlayan Dövlət Komissiyası təşkil edildi.“Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasında demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü, – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır” – deyən Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının hazırlanmasında həm ölkəmizin tarixi keçmişinin milli dəyərlərindən, həm də ümumbəşəri dəyərlərdən, dünyanın demokratik dövlətlərinin təcrübəsindən istifadə edilməsini mühüm vəzifə kimi irəli sürmüşdür.
Beləliklə, 1995-ci il noyabrın 12-də Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq ümumxalq səsverməsi – referendum yolu ilə öz Konstitusiyasını qəbul etdi. Bununla da dövlətimizin tarixində hakimiyyətlərin bölünməsi prinsipinin, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarının, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının əsası qoyuldu.
Keçmiş sovet konstitusiyalarından fərqli olaraq müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi bəyan etmişdir. Konstitusiya 71-ci maddədə insan və vətəndaş hüquq və azadlıqlarını gözləməyi və qorumağı qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə vəzifə olaraq qoymuşdur.
Üçdə bir hissəsi insan və vətəndaş hüquq və azadlıqlarına həsr olunan Əsas Qanunun III fəslində bütün növ – şəxsi, siyasi, sosial-iqtisadi, mədəni və prosessual insan haqları təsbit olunmuşdur.
Bu gün beynəlxalq ekspertlər tərəfindən dünyanın demokratik konstitusiyalarından biri kimi qiymətləndirilən Əsas Qanunumuzda ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi hesab edilir.
Konstitusiyanın qəbulundan sonra hüquq-mühafizə orqanlarının fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılması məqsədilə Ulu öndər Heydər Əliyev bir sıra mühüm qanunvericilik aktlarının qəbulunu təmin etmişdir. Bu məqsədlə 21 fevral 1996-cı il tarixdə Hüquq İslahat Komissiyası yaradılmış, komissiya tərəfindən hazırlanmış “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış tədbirləri haqqında”, “Notariat haqqında”, eləcə də bir sıra digər qanunlar qəbul olunmuşdur.
Ötən dövr ərzində qanunvericilik sahəsində həyata keçirilən islahatların məntiqi davamı kimi Azərbaycan Respublikasının Konstitusiyasından qaynaqlanan bir sıra məcəllələr – Azərbaycan Respublikasının cinayət, cinayət-prosessual, cəzaların icrası, mülki, mülki-prosessual, inzibati xətalar, ailə, əmək, vergi və s. məcəllələr də qəbul edilmişdir.
Ulu öndər həmçinin məhkəmə-hüquq sistеminin müasirləşdirilməsinin və sözügedən sahədə mütərəqqi islаhаtlаrın аpаrılmаsının bünövrəsini qoymuşdur. Təsadüfi deyil ki, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Əsas Qanunda hakimlərin müstəqilliyi və ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri müəyyən olunmuşdur.
Bundan başqa, 1998-ci ildə ölkəmizdə ilk dəfə olaraq Konstitusiya Məhkəməsi yaradılmış, köklü məhkəmə-hüquq islahatları nəticəsində 2000-ci ildən əvvəlki məhkəmə sistemindən əsaslı surətdə fərqlənən və insan hüquqlarının müdafiəsinə daha etibarlı təminat verən yeni üçpilləli müstəqil məhkəmə sistemi təsis edilmiş, eləcə də 2005-ci ildə məhkəmə hakimiyyətinin özünüidarə оrqanı оlan Məhkəmə-Hüquq Şurası fəaliyyətə başlamışdır.
Ardıcıl şəkildə aparılan məhkəmə-hüquq islahatlarının başlıca qayəsi isə ölkədə qanunun aliliyinin təmin edilməsi, məhkəmə orqanları sisteminin dövlət idarəçilik mexanizmində nüfuzlu və müstəqil təsisat kimi təşəkkül tapması, ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təşkil olunması, cinayət və mülki mühakimə icraatı zamanı ədalət, qanunçuluq, obyektivlik prinsiplərinin qorunması, peşəkar hakim korpusunun formalaşdırılması, məhkəmələrin fəaliyyətində şəffaflığın təmin edilməsi olmuşdur.
Ulu öndər Heydər Əliyevin 1998-ci ilin fevral ayının 22-də imzaladığı “İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı ilə insаn haqlarının mühafizəsi istiqаmətində həyаtа keçirilən tədbirlərin mаhiyyəti və kоnsepsiyаsı dəqiq müəyyən edilmiş və bu sənədlə insаn hüquqlаrı məsələsi sistemli şəkildə ümumdövlət səviyyəsinə qаldırılmışdır. İnsаn hüquqlаrının müdаfiəsi sаhəsində həyаtа keçirilən tədbirlərin səmərəliliyini аrtırmаq məqsədilə Ulu öndər tərəfindən 1998-ci ilin iyun аyının 18-də xüsusi sərəncam imzalanmışdır ki, məhz bu sərəncamla İnsan Hüquqlarının Müdafiəsinə dair Dövlət Proqramı hazırlanmış və təsdiq olunmuşdur.
Ölkəmizdə aparılan hüquq islahatlarının mühüm tərkib hissəsi kimi dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi məqsədilə 2001-ci ildə demokratik dövlətlərin hüquq sistemində mühüm rol oynayan, qeyri-məhkəmə müdafiə mexanizmi hesab edilən daha bir yeni təsisat – Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilli (Ombudsman) institutu yaradılmışdır.
Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin rəhbərliyi dövründə respublikamız insan hüquq və azadlıqlarının, eləcə də demokratik təsisatların inkişafı ilə bağlı bir sıra fundamental beynəlxalq-hüquqi aktlara qoşulmuş, bütün bunların nəticəsi kimi 1996-cı ildən Avropa Şurasında “xüsusi qonaq statusu” ilə təmsil olunan Azərbaycan 2001-ci il yanvarın 17-də qurumun Nazirlər Komitəsinin qərarı ilə Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilmişdir.
Bütün ömrünü xalqına və vətəninə həsr etmiş əbədiyaşar xilaskar Heydər Əliyevin siyasi fəaliyyətinin ən böyük uğuru bu gün dünya dövlətləri arasında özünəməxsus yer tutan və böyük nüfuza sahib olan Azərbaycan dövlətinin müstəqilliyinin qorunub saxlanması olmuşdur.
Bu gün qürur hissi ilə deyə bilərik ki, Ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi altında ölkəmizdə bütün sahələrdə, o cümlədən demokratik dəyərlərin inkişafına xidmət edən məhkəmə-hüquq sistemində ardıcıl olaraq həyаtа kеçirilən islahatlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən hər zaman diqqət mərkəzində saxlanılmış, ölkənin ədliyyə və məhkəmə orqanları sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi sahəsində böyük nailiyyətlər əldə olunmuş, insan hüquqlarının daha etibarlı şəkildə təmin edilməsinə yönəlmiş bir sıra işlər görülmüş və bu gün də görülməkdədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bilavasitə rəhbərliyi ilə davam etdirilən məhkəmə islahatları çərçivəsində əhaliyə səmərəli hüquqi xidmət göstərilməsinə, korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasına xüsusi önəm verilir. Bu nöqteyi-nəzərdən məhkəmə sisteminin müasirləşdirilməsi üzrə həyata keçirilən köklü islahatlar müstəvisində məhkəmə fəaliyyətinin elektronlaşdırılması və müxtəlif texnoloji yeniliklərin tətbiqi artıq günümüzün obyektiv zərurətinə çevrilmişdir. Təsadüfi deyil ki, “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2014-cü il tarixli Sərəncam bu sahədə strateji prioritetləri müəyyən etməklə inqilabi təkamülün əsasını qoymuşdur.
Tam əminliklə söyləmək olar ki, bu gün ölkəmizdə müasir texnologiyaların məhkəmələrin fəaliyyətində tətbiqi məhkəməyə müraciət imkanlarının genişlənməsinə, ədalət mühakiməsinin həyata keçirilməsində süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, aşkarlıq və operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və elektron sənəd dövriyyəsinin təmin edilməsinə xidmət edir.
Beləliklə, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu hüquq islahatları onun layiqli davamçısı Dövlət başçısı cənab İlham Əliyev tərəfindən hüquq sisteminin təkmilləşdirilməsi və müasirləşdirilməsi konsepsiyası çərçivəsində uğurla həyata keçirilir. Bu isə nəticədə insan hüquq və azadlıqlarının daha möhkəm təmin olunmasının qarantıdır.
Yunis Xəlilov
Naxçıvan Dövlət Universiteti Hüquq fənləri kafedrasının baş müəllimi