Azərbaycanda qadınların bir qismi yalnız ev işləri ilə məşğul olmağa məcbur olub. Ancaq ev işləri, uşaqların və çox vaxt da yaşlıların qayğısına qalmaq ilə qiymətləndirilmir. Formal sektorda işdən çıxarılanların bəziləri, o cümlədən “ev işçiləri” (xidmətçilər) kateqoriyasına aid edilənlər qeyri-formal sektora müraciət edirlər. Burada onlar həm evdə, həm də evdən kənarda müxtəlif işlərlə məşğul olur, bunlarla eyni vaxtda uşaqlara baxır və müxtəlif ev işləri də görə bilirlər. Bəziləri mövcud kənd təsərrüfatlarında işləyir və daha səmərəli olmağa cəhd göstərir. Azərbaycanda kənd təsərrüfatı sahəsində sahibkarların əksəriyyəti kişilər olsa da, muzdlu işçilər kimi əsasən qadınların əməyindən istifadə edilir. Bu isə danılmaz faktdır.
Bəs görəsən bu gün qadınların kənd təsərrüfatında rolu nədən ibarətdir? Onların bu sahədə rolu nədən ibarətdir, kənd təsərrüfatında qadınlarımızın daha da təkmilləşməsi üçün hansı işlər görülür?
Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyinin layihələr, proqramlar şöbəsinin müdiri Fərid Əmirov bizimlə söhbətində kənd təsərrüfatında qadınların rolundan danışaraq onların bu sahədə özlərini inkişaf etdirdiklərini və bununla bağlı bir sıra layihələr həyata keçirdiklərini bildirdi:
“Qadınların iqtisadi güclərinin artırılması yolu ilə ərzaq təhlükəsizliyi və kənd yerlərində yaşayış imkanlarının yaxşılaşdırılması – WEP” layihəsi çərçivəsində bu yönümdə müxtəlif işlər görmüşük. Belə ki, kənd təsərrüfatı və kənd yerlərində yaşayış imkanları mövzusunda “Ölkə üzrə Gender Qiymətləndirilməsi” sənədi hazırlanıb. Kənd məsləhət xidmətləri nümayəndələri üçün “Qadın fermerlərin kənd məsləhət xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması yolları” mövzusunda iki günlük onlayn təlim keçirdik. Təlimdə ölkənin müxtəlif regionlarından olan kənd məsləhət xidmətləri təminatçılarının 45 əməkdaşı iştirak edirdi.
Məqsədimiz qadın fermerlərin, sahibkarların və icma nümayəndələrinin davamlı kənd-ərzaq sistemlərində, ərzaq təhlükəsizliyində, kənd yerlərinin inkişafında oynadıqları rolun əhəmiyyətini vurğulamaq idi. Onu da nəzərinizə çatdırım ki, Azərbaycan Kənd Qadınları Assosiasiyası ilə əməkdaşlıq çərçivəsində icmaların səfərbər edilməsi və məlumatlılığın artırılması məqsədilə icma görüşlərini davam etdiririk. İnnovativ əkinçilik texnologiyaları üzrə biliklərini artırmaq və bacarıqlarını təkmilləşdirmək məqsədilə onlayn və yerində təlimlər keçiririk. Məsləhətləşmələr vasitəsilə 270 kənd qadınına dəstək göstərilib. Kənd yerlərində qadınların səlahiyyətlərinin artırılması üçün biznes və sahibkarlığın inkişafına diqqəti yönəldən təlimçilərin təlimi rəhbər sənədi hazırlanıb. Təlim materialları hökumət rəsmiləri, icraçı qurumlar və biznes təlimləri ilə məşğul olan digər maraqlı tərəfləri hədəf alır. Layihə Komandasının İcma səfərlərində iştirakı davam etdirilir. Hesabat dövründə layihənin benefisiarları ilə görüşlər keçirir, layihə fəaliyyətləri ilə bağlı rəylərini almaq, onların gələcək ehtiyaclarını, istehsal və satışdakı çətinlikləri müəyyən etmək və mümkün həll yollarını araşdırmaq üçün layihə komandası layihənin hədəf rayonlarına səfərlər təşkil edirlər. Təsdiq olunmuş biznes planlarına uyğun olaraq Tovuz, Qazax, İsmayıllı, Zaqatala və Balakən rayonlarından olan layihə benefisiarlarının bağlarında və istixanalarında on iki damcı suvarma sistemi quraşdırılıb.
Arıçılıq üzrə Təlimçilərin Təlimi sessiyasının nəzəri (3-4 mart 2022) və praktiki (17-18 iyun 2022) hissələri tamamlanmış, təlimləri uğurla başa vurmuş 23 qadın benefisiara sertifikatlar təqdim edilib. Təsdiq olunmuş biznes planlarına uyğun olaraq 245 qadın fermerin zəruri avadanlıqlarla təmin edilməsi nəzərdə tutulub. Hesabat dövrü ərzində avadanlıqların 80%-dən çoxu təhvil verilib. Belə ki, 12 təsərrüfat damcı suvarma sistemi, 2 təsərrüfat istixana sistemi, 83 təsərrüfat arıçılıq avadanlıqları, qalan təsərrüfatlar isə quşçuluq və südçülük avadanlıqları ilə təmin edilib. Quşçuluq, heyvandarlıq, qida təhlükəsizliyi qaydaları üzrə təlimlər təşkil edilib. Marketinq stategiyası, brendinq və satış üzrə təlimlər təşkil edilmiş, fərdi və qrup şəklində marketinq strategiyalarının hazırlanmasına dəstək göstərilməsi prosesinə başlanıb. Genderə həssas kredit sxemləri və digər dəstək alətləri üzrə aidiyyəti qurumların potensialının artırılması məqsədilə bu sahədəki beynəlxalq təcrübə araşdırılıb, hesabat hazırlanıb”.
Ekspert qeyd etdi ki, Aqrar Məşğulluğun Artırılması Layihəsi – AMAL çərçivəsində qadınlarla bağlı bir çox işlər görülüb:
“AMAL layihəsi çərçivəsində ölkənin 30% qadınlara dəstək göstərilib. Layihə çərcivəsində ölkənin fərqli regionlarından olan qadınlara heyvandarlıq, meyvəçilik, arıçılıq istiqamətləri üzrə nəzəri təlimlərlə yanaşı praktiki təlimlər keçirilib. Keçirilmiş təlimlər nəticəsində aktiv qadınlara sertifikatlar təqdim edilib. Eyni zamanda layihənin qadın benefisiarları tərəfindən hazırlanmış uğurlu biznes planlara əsasən onlara heyvandarlıq, quşçuluq ve arıçılıq sahələri üzrə avadanlıqlar təhvil verilib. Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi (KTRQGL) çərçivəsində qadınlarla bağlı bir çox işlər görülüb. Onlardan aqrobiznes müəssisələri üçün maliyyə xidmətləri komponenti çərçivəsində 1366 iş yeri yaradılıb ki, bunun da 1072-də (78,5 faiz) qadınlar işə cəlb olunub. Aqrobiznes dəyər zəncirinin inkişafı komponenti çərçivəsində 2016 yeni iş yeri yaradılıb, bunlardan 872 yeri sahələr və istixanalardan tutmuş emal və qablaşdırmaya qədər müxtəlif sahələrdə qadınlar tərəfindən tutulub”.
Bundan başqa qadınların kənd təsərrüfatında rolunu daha da təkmilləşdirmək üçün AFAQ layihəsi də həyata keçirilib ki, layihə çərçivəsində qadın fermerlərə dəstək göstərilir. Layihəyə ilkin mərhələdə 500-ə yaxın qadın fermer müraciət edib, onlardan 72 fermerin təsərrüfatına baxış keçirilərək qiymətləndirmə aparılılıb. Yerli və xarici mütəxəssislər tərəfindən keçirilən təlim və konsultasiya dəstəyindən bu günə qədər 300-ə yaxın qadın fermer faydalanıb. Layihənin şərtlərinə uyğun gələn təsərrüfat sahiblərinə göstərilən texniki, konsultasiya və təlim dəstəyinin bundan sonra da davam etdirələcək.
Xatırladaq ki, AFAQ layihəsi aqrar sahədə fəaliyyət göstərən qadınların dəstəklənməsi, onların bilik və bacarıqlarının artırılması, maliyyə və digər resurslara çıxışlarının asanlaşdırılması məqsədi ilə icra edilir. Bundan əvvəl Şamaxı rayonunun Məlikçobanlı kəndindən olan 3 qadın fermer də layihənin dəstəyindən faydalanıb. Onlara xırdabuynuzlu və iribuynuzlu kənd təsərrüfatı heyvanları verilib.
Xəyalə Rəis
Medianews.az
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq hazırlanması “gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusunda hazırlanıb.