Rusiya Ukrayna işğalının ilk günlərində işğal etdiyi İlan adasından çəkildiyini açıqlayıb.
Medianews.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bunun “xoşməramlı” addım olduğunu bəyan edib. Bəyanatda qeyd olunub ki, Rusiya bu addımı ilə Ukraynada taxıl və digər kənd təsərrüfatı məhsullarının ixracı üçün humanitar dəhliz açılması səylərinə mane olmağa çalışmadığını göstərib.
Xatırladaq ki, Qara dənizdəki İlan adası Rusiya ordusu ilə Ukrayna qüvvələri arasında şiddətli toqquşmalara səhnə olub. Ukrayna bölgədəki bəzi Rusiya hərbi gəmilərini vurduğunu açıqlayıb. Müharibənin əvvəlində adadakı Ukrayna qoşunları da Rusiyaya təslim olmaqdan imtina etmişdi.
Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak, Rusiyanın geri çəkilməsi ilə bağlı verdiyi açıqlamada, “İlan adasında artıq rus qoşunları yoxdur. Silahlı qüvvələrimiz böyük iş görüb”,-deyə bildirib.
Leyla, Medianews.az