May 24 ildir hamımızda ikili hisslər doğuran, təzadlı bir aydır. Bu ay Cümhuriyyət günü kimi şərəfli, postsovet məkanında məxməri inqilab (14-15 may 1992) kimi parlaq təqvimlə yanaşı, əfsus ki, üzüntülü tarixlərdən də xali deyil. Məhz bu ayda Şuşa və Laçının işğalı ilə 20 %-lik ərazilərimizin zəncirvari itirilməsinin əsası qoyulub – strateji əhəmiyyətli Şuşanın getməsi avtomatik şəkildə Laçının, Laçının əldən çıxması isə bütövlükdə Dağlıq Qarabağın və daha 6 rayonun işğalına zəmin yaradıb.
Bu günlər yenə də işğal səbəblərindən danışılacaq, müzakirələr, mübahisələr təzədən qızışacaq. Olsun. Ta o vaxta kimi mübahisə etməliyik ki, may məğlubiyyətlərinin əsl səbəbini hamılıqla əxz edək, özümüz üçün, indiki və gələcək nəsillər üçün “qaytanlayıb” tarix kitablarına salaq. Əks halda… unutqan xalqlar üçün tarix təkrarlanmağı sevir – unutmayaq.
Hərgah, baş səbəb çoxdan bəllidir: biz millət, dövlət olaraq nə Şuşa və Laçın uğrunda, nə də digər ərazilər uğrunda mübarizədə yetərli yekdillik və qətiyyət göstərə bilməmişik – hansı yekdillik və qətiyyəti ki, nəhayət, apreldəki 4 günlük müharibədə gördük: hakimiyyət də, müxalifət də, cəmiyyət də heç vaxt olmadığı qədər eyni hədəfə vurdu və əgər erməninin yalvarışı ilə atəşkəsə gedilməsəydi, yüzdə-yüz nəticə qat-qat möhtəşəm olacaqdı…
4 günlük savaşın müsbət mənada ən qiymətli ibrət dərslərindən biri və birincisi də budur. İş də ondadır ki, torpaqlarımız zamanında Azərbaycan xalqının guya az döyüşkən olması səbəbindən deyil, müstəsna olaraq daxili siyasi didişmələrdən, hakimiyyət uğrunda gedən rəqabətin ölkəni taqətdən salmasından, kəsəsi, başımızın özümüzə qarışmasından, hətta silahlı qüvvələrdə özünü göstərən ikitirəlikdən düşmənin məharətlə istifadə eləməsi nəticəsində gedib; düşmənin gücü həmişə daxili pərakəndəliyimizdən qaynaqlanıb.
Müxtəsəri, ərazilər uğrunda bir toplum, xalq və dövlət olaraq potensialımızı tam şəkildə heç vaxt ortaya qoya bilməmişdik əfsus ki. Buna bir yandan xarici güclər mane olubsa, o biri yandan özümüz özümüzə əngəl-kələf olmuşduq. Amma nə yaxşı ki, artıq buz qırılıb…
Kim nə deyir desin, Qarabağ, digər ərazilərimiz məhz deyilən əsas şərt təmin olunanda geri qaytarılacaq. Heç bir Rusiya amili, heç nə o zaman bizi saxlaya bilməyəcək. Bundan ötrü sadəcə, Qarabağ sevgisinin hər şeydən – bütün siyasi və qeyri-siyasi maraqlardan, hər cür maddi-biznes mənafeyindən, şəxsi iddia və ambisiyalardan, qrup maraqlarından uca tutulması kifayətdir.
Bu – pafos deyil, klassik qələbə reseptidir. Nahaq yerə deməyiblər ki, Qarabağı kim çox istəyirsə, sonda onun da olacaq. Hər şey Qarabağ naminə olanda Qarabağ da bizim olacaq! Torpaqları qaytarmağın ən qısa yolu torpağa təmənnasız, “qatqısı” olmayan saf və güclü sevgidən keçir! “Vətən sevgisi isə imandandır” – buyurub İslam Peyğəmbəri (ə).
Az öncə bir erməni ideoloqunun yazdığı da təsdiqlədi ki, onlar yenə monolitliyimizin kritik anda çat verəcəyi kimi xam xəyallara dalıblar. Yeri gəlmişkən, bu da xain erməni xislətinin təzahürüdür ki, aprel məğlubiyyətindən sonra onlar torpaqları boşaltmaq haqda düşünmək əvəzinə, yeni ərazilərin zəbti zəruriliyindən dəm vururlar.
Odur ki, sülh nağılları, danışıq imitasiyaları öz yerində, gərək biz bir an belə çomağı yerə qoymayaq. Əksinə, onu gündən-günə daha zəhmli və təsirli edək. İşğalçı sülhə meylli olsa belə, onun güclə təhdidi davam eləməlidir. Düşməni peşman eləməyin zamanı çoxdan çatıb.
4 günlük müharibədə işğalçıya böyük qisasın anonsunu artıq vermişik, kürkünə birə, canına vicvicə sala bildik. Davamı gəlməlidir. İlanı yarım-can buraxmaq olmaz! Qarşıdan isə iyun gəlir – hərbi cəhətdən bizə düşərli və uğuru bir ay (1992). İyun həm də mübarək Ramazan ayına təsadüf edəcək – şeytanın zəncirləndiyi, günahların yandırıldığı ay…
Düşmən özünə gəlməmiş ondan qisasımızı alıb da revanş götürək və işğalçını həmişəlik zəncirləyək – təbii ki, ona kimi özü xoşluqla ram olmasa…