Rusiya rəhbərliyinin Türkiyəyə hirsi səngimək bilmir, getdikcə maniakal şəkildə şiddətlənir. Necə ki, yara soyuyandan sonra ağrı güclənər, “Su-24″ insidentindən də zaman keçdikcə Moskva daha narahat və aqressiv olur.
Ankaraya qarşı bu qəzəbli ovqat təkcə Rusiyanın hakimiyyəti, ekspert dairələrində yox, neçə vaxtdır ölkənin aparıcı elektron və yazılı KİV-lərində də qabarıq şəkildə sezilməkdədir. Rusiyada demokratik idarəçilik mövcud olmadığından, mətbuat-televiziya faktiki surətdə hökumətin nəzarətində saxlandığından, hər hansı məsələ ilə bağlı rəhbərliyin mövqeyi avtomatik şəkildə topluma da sirayət edir.
Müxtəsəri, Putin insidentə görə hələ də bərk məyus, pərt və acıqlıdır. İndi o, özündən heç də az şovinist olmayan cəmiyyət qarşısında öz sifətini qorumaq, illərdir yeni Rusiyanın üfürülmüş imperiya imicinə, imperiya qüruruna dəyən qəfil zərbəni neytrallaşdırmaq üçün yollar arayır. Əlindəki qılıncı havada fır-fır fırlayır.
Əlbəttə, Putin üçün ideal variant o olardı ki, Kremlin olayla bağlı lap əvvəldən Türkiyəyə qarşı irəli sürdüyü üç şərt təmin edilsin. Söhbət insidentə görə üzr istənilməsi, rus pilotun ailəsinə təzminat ödənməsi və pilotu qətlə yetirən şəxsin cəzalandırılmasından gedir (Rusiya tərəfi konkret ad da çəkib).
Bu 3 şərti son olaraq, Rusiyanın Türkiyədəki səfiri Andrey Karpov dilə gətirib. Ancaq Türkiyə belə kiçikliyə gedərmi? Təbii ki, yox. Çünki əks halda bu, Ərdoğan iqtidarı üçün siyasi özünüqəsd olmaqla yanaşı, Türkiyə dövlətçiliyinə də aşağılıq gətirər ki, müharibədə məğlubiyyətin etiraf edilib kapitulyasiya aktına qol çəkmək kimi bir şey olardı. Tarixə qüdrətli imperiyalar bəxş eləmiş türk xalqından ötrü bu variant yüzdə yüz keçərsizdir. Zatən, türklərlə 12 dəfə müharibə aparmış ruslar da bunun yaxşı fərqindədir.
Rusiyanın qardaş ölkəyə qarşı davakar ritorikası xarici işlər naziri Mövlud Çavuşoğlunun Aşqabadda Rusiyanın Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşündə özünü bir daha büruzə verdi. Bundan az sonra Moskva Ankaranın Qarabağ məsələsində Azərbaycanın mövqeyini müdafiə edən bəyanatlarını “destruktiv” adlandırmaqla yenə hirs-xıltını ortaya qoydu: Rusiyanın ATƏT-dəki nümayəndəsi Aleksandr Lukaşeviç bəyan elədi ki, Türkiyənin Dağlıq Qarabağa dair son bəyanatı dağıdıcı məqsədlərə yönəlib. Yeri gəlmişkən, bu, həmin Lukaşeviçdir ki, ilin əvvəlində transxəzər qaz kəməri ilə bağlı Azərbaycan və Türkmənistanı şantaj eləmişdi…
***
Kremlin 3 şərti bəlli. Bəs onun özünün təptəzə ağır günahları necə olsun? Özü də bu günahlar bir deyil, iki deyil, azı – dörddür. Onlara görə Moskva bəs nə vaxt üzr istəyəcək?
Biri 2008-ci ildə Gürcüstanın suveren əraziləri olan Abxaziya və Cənubi Osetiyanı zorla Rusiyaya qatmaqlar. İkincisi Krımın ilhaqlı, üçüncü günah Suriya məsələsində onun oynadığı destruktiv roldur. Əsl destruktiv rol da elə budur: öz millətinə qənim kəsilmiş bir qaniçən diktatora hərbi dəstək vermək.
Aydındır ki, üçüncü günah olmasaydı, dördüncü günah da yaranmazdı: nə rus pilot uzaq məmləkətdə Bəsər Əsədin yolunda həlak olardı, nə də Rusiyaya məxsus A321 sərnişin təyyarəsindəki 224 günahsız insan. Suriya avantürasına görə, bu avantüra fonunda yaşanan “Su-24″ olayına görə, nəhayət, Türkiyə kimi mühüm və vacib tərəfdaşı itirməyə görə şimal qonşumuzun üzləşdiyi və artıq milyardlarla dollarla ölçülən iqtisadi itkilərin özü isə başqa böyük günahdır.
Bəli, bu da Putinin müharibə partiyasının günahıdır ki, onsuz da ağır durumda olan öz xalqını əlavə əzab-əziyyətlərə, əlavə məhrumiyyətlərə düçar edib. Hər halda, Rusiya imperiyasının ərazisi genişləndikcə rusiyalıların güzəranı yaxşılaşmır, əksinə, pisləşir. Həmişəki kimi. Hələ biz postsovet ölkələrinə qarşı Kremlin irili-xırdalı digər günahları demirik…
***
Prezident Putin ötən həftə Federasiya Şurasına son müraciətində Ərdoğana ünvanlı hədələyici mesajlarında belə bir cümlə də işlətdi ki, “Mən bilmirəm Türkiyə bunu niyə edib, görünür, Allah onları cəzalandırmaq üçün ağıllarını əllərindən alıb…”
Doğrudan da, “Adımı sənə qoyum, səni də yana-yana”. Məgər Allahın kimi cəzalandırmaq istədiyi aydın görünmür ki?