Ermənistanda 6 dekabr konstitusiya referendumu ilə prezidentli üsul-idarədən parlamentli üsul-idarəyə keçid baş tutdu. Rəsmi məlumatlara görə, seçicilərin 74,87 faizi dəyişikliklərin lehinə səs verib. Həmin dəyişikliklərə görə, bundan sonra baş nazir prezidentdən daha böyük səlahiyyətlərə malik olacaq, 7 illiyə parlament tərəfindən seçiləcək prezident isə ölkəni formal təmsil edən dövlət başçısı kimi qalacaq.
Yeni konstitusiyaya görə, ölkənin ali icraçı orqanı – baş nazirin rəhbərlik edəcəyi hökumət olacaq. Hökumət dövlət idarəetmə sisteminin ümumi rəhbərliyini, daxili və xarici siyasəti həyata keçirəcək. Baş nazir isə prezident tərəfindən parlament seçkilərində qalib gəlmiş partiya və ya partiyalar blokunun üzvlərindən təyin olunacaq – yəni bir növ qonşu Gürcüstan və Türkiyədəki, həmçinin İsraildəki kimi.
Ancaq aydın məsələdir ki, Ermənistanın indiki prezidenti, sabiq prezident Robert Köçəryandan sonra “Qarabağ klanı”nın ikinci ən odioz fiquru sayılan Serj Sərkisyan bununla siyasətdən çəkilmək və yaxud öz klanı ilə birgə hakimiyyətdən uzaqlaşmaq, onu “yad ələ” təhvil vermək fikrində deyil. Əksinə, onun referendumdan öncə verdiyi yayğın açıqlamalar göstərir ki, Xocalı hərbi canisi məhz rejimin ömrünü uzatmağı hədəfləyib.
Sərkisyanın öz məqsədinə çatdığını, “Qarabağ klanı”nın ikinci nəfəs qazandığını söyləmək olar. Çünki 6 dekabr referendumu həm də hakim qüvvəyə qarşı bir etimad səsverməsi idi. Saxtakarlıqlara rəğmən, səsvermənin nəticələri elektoratın hər halda mövcud siyasi rəhbərliyə etimad bəslədiyini ortaya qoydu.
Bu, həmçinin, o anlama gəlir ki, erməni toplumu ölkənin Rusiyayönlü kursunun davam eləməsinə “hə” deyir. Azərbaycandan ötrü isə ilkin nəticə o mənaya gəlir ki, işğalçı ölkə Qarabağ məsələsində ənənəvi kompromissiz mövqeyini bundan sonra da saxlayacaq. Çünki Kremlin, konkret olaraq Putinin xeyir-duası olmadan Sərkisyan konstitusiya dəyişikliyinə gedib arzuladığı yekuna nail ola bilməzdi.
Belə qənaət hasil olur ki, Moskva Qarabağ məsələsində İrəvanın sərt ritorikasının qalmasında maraqlıdır. Nə demək olar bu xüsusda? Hələlik onu ki, Azərbaycanın 1 nömrəli təbii strateji müttəfiqi Türkiyə ilə Rusiyanın münasibətlərin kəskinləşməsi fonunda Kremlin belə bir marağı ikiqat məntiqli görünür, nəinki Ermənistanda daha mötədil siyasi qüvvənin hakimiyyət başına gəlməsində Moskvanın maraqlı olması.
Sözə baxan, müti Sərkisyan rejimi Kremli əlbəttə ki, tam qane edir. Referendumdan sonra isə Serj Sərkisyan nəzəri cəhətdən 2025-ci ilədək prezident kimi iqtidarda qalaraq (2018-ci ilə onun ikinci prezidentlik müddəti bitir) ölkə sükanına nəzarət imkanlarına, əsas fiqur olan baş nazirə, o cümlədən Qarabağ məsələsində mühüm təsir rıçaqlarına malik olacaq. İstəsə, asanca o, baş nazir də olacaq.
Bütün hallarda Ermənistan demokratik ölkə deyil ki, burada hakimiyyət bölgüsü konstitusiyadakı kimi real həyatda özünü göstərsin. Yəqin ki, çox şey həmişəki kimi Moskvanın iradəsindən və diktəsindən asılı olacaq. İş də ondadır ki, ölkədə prezidentli və ya parlamentli üsul-idarənin mövcudluğu hələ orada demokratiyanın, söz-ifadə azadlıqlarının oturuşması və təmin olunması anlamına gəlmir.
Dünyada o qədər prezidentli və parlamentli ölkələr var ki, orada insan haqlarının durumu aşağı səviyyədədir və ya əksinə. Məsələn, “demokratiyanın beşiyi” sayılan ABŞ da prezidentli ölkədir, müxalifətin mövcud olmadığı Şimali Koreya, Belarus, Özbəkistan da. Nümunə üçün çox uzağa getməyə lüzum yoxdur, özümüzə baxmaq da yetər…