Ölkənin və mətbuatın gündəmi qəfildən dəyişib. Neçə gündür gündəm Eldar Mahmudovun milli təhlükəsizlik naziri vəzifəsindən çıxarılması və ardınca da bəzi yüksək çinli MNT-çilərin həbsi barədə yayılan xəbərlərlə zəbt edilib. Camaat arasında tez-tez olduğumuzdan, deyə bilərik ki, olay hətta siyasi proseslərlə maraqlanmayan kəsimin də diqqətini çəkib. Sadə insanlarla söhbətlərdə buna asanca əminlik hasil eləmək olar.
Belə maraq-diqqətin köklü səbəbləri var. Biri odur ki, insanlar həqiqətən ölkədə hökm sürən və ildən-ilə daha da qəddarlaşan korrupsiya-rüşvət sistemindən cana doyublar. Bu sistem isə ictimai-siyasi həyatın bütün sferalarına “metastaz” verib – özü də çoxdan.
İctimai statusundan, cinsindən, milliyyətindən, dinindən, yaşından, savadından və peşəsindən asılı olmayaraq Azərbaycanda hamı bu sistemin altını çəkir – az və ya çox dərəcədə. Ölkədəki süni bahalaşmanın, Avropa ölkələri o yana, qonşu dövlətlərlə belə müqayisəyə gəlməyən fantastik qiymətlərin, inhisarçılığın kökü də müstəsna olaraq ona bağlıdır – sistemli korrupsiya-rüşvətə.
Bu, həm də Azərbaycanın bir dövlət olaraq ayağından asılan daşdır, onu inkişafdan saxlayan, müstəqil dövlətə xalqın inamını sarsıdan, dövlət büdcəsini sarsıdan bir bəladır. İllərdir yazırıq: ölkədəki başgicəlləndirici rüşvət-korrupsiya artıq milli təhlükəsizliyimizi təhdid edəcək səviyyəyə çatıb. Ərazisinin 20 faizi işğal edilən, Dağlıq Qarabağ boyda dərdi olan bir ölkə üçün isə belə vəziyyət, ümumiyyətlə, yolverilməzdir.
Amma indi məlum olur ki, ölkənin milli təhlükəsizliyinə cavabdeh olan məsul şəxslərin özləri də ən əvvəl şəxsi mənfəət, qanunsuz üsullarla, təzyiq-şantaj yolu ilə varlanmaq barədə düşünürmüş, müxtəlif korrupsiya əməllərinə bulaşıbmışlar. Bu acı gerçəklik az qala ölkə rəhbərliyi tərəfindən etiraf edilirsə, demək, situasiya bizim bildiyimizdən qat-qat ağırdır.
Bəs çıxış yolu?
Həmişəki kimi, yenə var. Ancaq ona heç olmasa, bu dəfə hakimiyyətin siyasi iradəsi çatacaqmı, yoxsa yenə bir neçə nəfərin həbsi fonunda “toplananların yerini dəyişməklə”, bir korrupsioneri digər potensial korrupsionerlə əvəz eləməklə mövzunu hamı üçün qapadacaqlar – məsələ bundadır.
Bu mənada əndişə var ki, son baş verənlər sırf 1 noyabr seçkilərinə hesablanmış PR da ola bilər. O ki qaldı çıxış yoluna, o, mahiyyət etibarilə bundan əvvəlki cümlədə “gizlənib”. Əvvəla, həbslər əlbəttə ki, xilas yolu deyil. Çünki həbslər, tutuqlamalar, saxlanmalar yalnız nəticədir, problemin zahiri tərəfidir; daha önəmlisi – səbəbi tapıb onunla mübarizə aparmaqdır. Tibb termini ilə desək, diaqnozu düz qoyub, “müalicə”ni düzgün aparmaqdır.
Diaqnoz əslində çoxdan bəllidir, qalır yalnız doğru-dürüst “müalicə”. Bunun üçün də sivil bəşəriyyət, demokratik dünya təcrübədən yalnız bir etibarlı resept bilir – azad, ədalətli, legitim seçki! Demokratik bələdiyyə, demokratik parlament, demokratik prezident seçkiləri.
Çünki legitim seçki – legitim hökumət deməkdir, bu hökumətə və onun nazirlərinə xalqın halal mandatını almış parlament üzvlərinin nəzarəti deməkdir; təməl insan haqları və azadlıqlarını təmin edən legitim və müstəqil məhkəmələr deməkdir; xalqın öz dövlətinə inam-etimadı, seçdiyi hakimiyyət orqanlarının arxasında durması deməkdir.
Heç olmasa, qonşu Türkiyə nümunəsi var.
***
Əgər 1 noyabr seçkiləri də əvvəlki kimi keçəcəksə (buna artıq kimsədə şübhə qalmayıb), deməli, ölkədə həbslər dalğasının davamı mütləq gələcək, – özü də siyasi həbslərlə birgə, – fəqət, Azərbaycan korrupsiya-rüşvət bəlası da daxil, ənənəvi problemlərdən heç vaxt qurtulmayacaq. Zira, yenə “müalicə” getməyəcək, yalnız sistemin növbəti kosmetik təmir işlərinin şahidi olacağıq.
Kosmetik təmir isə – əsaslı təmir deyil, o ki ola yararsız binanın yerində yeni və keyfiyyətlisinin inşası.