Ermənilər amerikalılar üçün də, deyəsən, əziz-xələf millət imişlər. Fransanın aşkar ermənipərəst dövlət olduğu bəlli idi, belə görünür, dünyanın superdövləti ABŞ da erməni üçün altdan-altdan əldən gedirmiş, hətta latent (gizli) ermənipərəst imiş. Bu da yeni fakt.
Sentyabrın 21-də Allah qoymasa, düşmən Ermənistanın “Müstəqillik günü” idi. Bu münasibətlə, sizcə, Amerikadan rəsmi İrəvanın ünvanına ən yüksək səviyyədə neçə təbrik gəlsə yaxşıdır? Düz – iki: biri dövlət katibi Con Kerridən, az sonra (üç gün fasilə ilə) isə ABŞ prezidenti Barak Obamadan (Bakıya münasibətdə indiyədək belə şey olmayıb).
Bu yerdə öncə kiçik bir haşiyə çıxıb qeyd edək ki, hiyləgər ermənilər müstəqillik məsələsində bir əsrdə iki dəfə bizi qabaqlayıb. İş ondadır ki, 1991-ci ilin avqustunda, uğursuz QKÇP qiyamından sonra artıq müttəfiq respublikaların müstəqillik paradı başlamış, Moskva üç Baltikyanı ölkənin müstəqilliyini tanımışdı. QKÇP-dən sonra Sovet İttifaqı labüd çöküşə, “tikişlər üzrə” sökülməyə üz tutmuşdu.
Di gəl, SSRİ məkanında ilk milli-azadlıq hərəkatını baş qaldırdığı Azərbaycanın parlamentindəki kommunist-nomenklatur çoxluq (onların bəzi nümayəndələri indi də yüksək dövlət postları tutur) “bəlkə də qaytardılar” ümidi ilə müstəqilliyimizin elan olunmasını hər vəchlə ləngidirdilər. Nəticədə rusun forpostu Ermənistan da bizdən önə keçdi – sentyabrın 21-də onlar, oktyabrın 18-də (27 gün sonra!) isə biz Müstəqillik Bəyannaməsi qəbul elədik. Ötən əsrin əvvəlində (1918, may) də erməni bizi qabaqlamışdı, düzdü, kiçik zaman kəsiyi ilə – 1 gün.
Söz yox, həm də belə xroniki astagəlliyin sonucudur ki, bu gün işğalçı Ermənistan bir əllə Moskvadan, digər əllə isə Qərbdən tutmağı bacarıb. Elə olmasaydı, Kerri təbrik məktubunda “Ermənistan-Amerika dostluğu heç vaxt indiki kimi möhkəm olmayıb”, Obama isə “ABŞ-Ermənistan əlaqələri möhkəm və uzunömürlüdür”, “Erməni xalqı dünyada çoxunun, o cümlədən ABŞ-ın rəğbətini qazanıb” kimi yüksək fikirlər yazmazdılar.
Diqqət edin, dünyanın 1 nömrəli dövlətinin ali şəxslərinin dilindən çıxan bu tərifli sözlər öz qonşusunun 20%-lik torpaqlarını işğal eləmiş erməni toplumu haqdadır. Halbuki, həmin Amerika işğalçı Rusiyaya qarşı dərhal ən sərt sanksiyalar tətbiq edib. Yəni məntiqlə məsələdə xristian təəssübkeşliyi həlledici rol oynasaydı, o zaman ABŞ təcavüzkar Rusiya ilə də Ermənistan kimi əlaqələri pozmamalı idi…
Qayıdaq indi Azərbaycana.
Biz Qərbin Ermənistana, ümumən erməni toplumuna və dünya erməniliyinə yanaşmasında illərdir özünü göstərən bu konyukturu, onun motivini gec də olsa, nəhayət, ciddiyə almalıyıq. Necə? Çox sadə – Qərblə ermənidən də yaxşı dost olmaqla. Amma təbii ki, Rusiyanın hesabına yox. Mümkünmü?
Əlbəttə ki, mümkün. Əgər heç bir dəyərli təbii sərvəti, geosiyasi əhəmiyyəti və dünya okeanına çıxışı olmayan Ermənistan Kremlin Güney Qafqazda forpostu ola-ola bunu bacarırsa, Azərbaycan dünəndən bacarar – təbii ki, hakimiyyət istəsə.
Fəqət, hakimiyyətlər istəsə də, istəməsə də Azərbaycan dövləti buna məhkumdur. Təkcə Dağlıq Qarabağ məsələsinə görə yox, həm də Azərbaycanın bir dövlət olaraq təhlükəsiz varlığı naminə. Dünyada gedən proseslərin qayəsi zatən, bunu diktə edir.
Ruslara etibar yoxdur – bunu kim bilməsə də erməni yaxşı bilir, zaman-zaman öz “dərimizdə” biz də bunu hiss eləmişik. Əgər ruslar qan-din qardaşları olan ukraynalıları o vəziyyətə saldılarsa, imza atdıqları və Ukraynanın ərazi bütövlüyünə təminat verən 19 illik Budapeşt anlaşmasına tüpürüb Krımı işğal etdilərsə, müsəlman Azərbaycana nə baxırlar?..
***
Müstəqilliyin elanı məsələsində ermənilər ötən əsrin əvvəlində bizi 1, sonunda isə 27 gün qabaqladılar. Barı üçüncü dəfə dala qalmayaq, Qərblə, ABŞ-la dost-müttəfiqlik məsələsində gecikməyək. Yenə heç olmasa, Qarabağ naminə.