Medianews.az
“Əsl müxalifətçi Leyla xanım kimi olmalıdır”
256 baxış

“Əsl müxalifətçi Leyla xanım kimi olmalıdır”

img1621467 ABŞ-da yaşayan müsavatçı Ramiz Yunus: “Ailə üzvlərim haqsız yerə həbsdədir, çılğınlıqda qınanmam mənə bir qədər gülməli gəlir” Ramiz Yunus şəxsən tanımayanlar üçün ABŞ-da yaşayan, üstəlik avtomobilinin “nömrəsi” MUSAVAT olan facebook fəalıdır. Tanıyanlar üçün isə Ramiz Yunus köhnə müsavatçı, Azərbaycandan uzaq olsa da ölkə gündəmindəki ən xırda detalı belə qaçırmayan, ən azı facebook statusu şəkində də olsa gündəmdəki mövzular haqqında ortaya mövqe qoyan, 12 ildir davam edən mühacirəti üçün məkan seçdiyi ABŞ-da rəsmi, ya qeyri-rəsmi olsun açdığı hər qapıda Azərbaycan gerçəkliklərini danışan bir insandır. Arif və Leyla Yunusların həbsi isə Ramiz bəyin epitetlərinin yanına üzdə olan bütün müxalifətçilərin yaşadığı “məhbus ailəsi”ni də əlavə edib. 55 yaşının tamamında bir neçə sualımızı cavablandırmasını istədik. Sağ olsun, zaman fərqinə görə  “gecənin bir aləmində də olsa”, suallarımızı cavabsız qoymadı. - Ramiz bəy, yubileyiniz mübarək. Yeni yaşınızı ailəniz üçün yetərincə gərgin günlərdə qarşılayırsız. Arif bəydən, Leyla xanımdan davamlı xəbər ala bilirsizmi? - Təbriklərə görə təşəkkür edirəm. Tamamilə haqlısınız, bu il  ad günü keçirmək həvəsim yoxdur. Qardaşım Arif və onun həyat yoldaşı Leyla xanım həbs olunub, haqsız zindana salınıb. Əfsuslar olsun onlarla əlaqəm çox məhduddur. Ariflə heç əlaqəm yoxdur, Leyla xanımdan hərdənbir məlumat ala bilirəm.
“ABŞ- rəsmiləri Azərbaycanda nələrin baş verdiyi ilə ciddi şəkildə maraqlanır”
- Mən elə bu məqama toxunmaq istəyirəm - Leyla xanımdan xəbər almaq daha rahatdır. O, Arif bəyə məktub yazır, sonuncu məktubu həbsdə olan vəkil İntiqam Əliyev haqqında idi. Arif bəysə susur. Sizcə, bu nə ilə bağlıdır? Arif bəyin vəkilləri bu durumu sizə necə izah edir? - Arif bəy MTN-in İstintaq Təcridxanasında qapalı şəraitdə saxlanır və oradan nə yazışmaq, nə də vəkillərlə tez-tez görüşmək mümkün deyil. Onu yalnız vəkili Xalid Bagırov görə bilir. Qardaşımdan vəkili vasitəsilə xəbər tuta bilirəm. Fikrimcə, bu da iqtidarın bir taktikasıdır. Bu yolla onları sındırmaq istəyirlər. Ancaq xeyri yoxdur. Arif və Leylanı fiziki məhv edə bilərlər, amma daxilən hec vaxt! Onların hər ikisinin çox güclü iradələri var! Və onları bir-biri ilə həqiqi məhəbbət birləşdirir! Belə məhəbbəti biz kinolarda görmüşük, kitablarda oxumuşuq. Bu məhəbbət onlara qarşılaşdıqları haqsızlıqlara qarşı  mübarizə aparmaq üçün güc verir. - Arif bəylə, Leyla xanımla, eləcə də digər siyasi məhbuslarla bağlı ABŞ-da hansısa iş aparırsınızmı? - Hazırda mənim həyatımın bir nömrəli problemi bu məsələdir! Hələ Leyla azadlıqda olanda biz onunla bir yerdə siyasi məhbusların siyahısını ABŞ dövlət qurumlarına çatdırmışdıq. Konqresdə, Dövlət Departamentində tez-tez oluram, onları məlumatlandırıram. Son bir necə ayda həm Konqres, həm də Dövlət Departamenti rəsmi Bakını çox sərt dilə tənqid edir. Bundan başqa tez-tez müxtəlif səviyyəli rəsmi tədbirlərdə oluram, orada çıxışlar edirəm, konqresmenlərlə, senatorlarla, tanınmış iş adamları ilə, ekspertlərlə görüşürəm. ABŞ rəsmiləri Azərbaycanda nələrin baş verdiyi ilə ciddi şəkildə maraqlanır. Mən bunu hər görüşdə hiss edirəm. - Siz uzun illərdir ABŞ-da yaşayırsınız. Sizi sadəcə virtual aləmdən tanıyanların yadında dövlət nömrə nişanı yerində musavat sözü ilə qalmısınız. ABŞ həyatınız necə gedir, nə işlə məşğul olursunuz? - 12 ildir buradayam. ABŞ media şirkətində siyasi ekspert kimi işləyirəm, təhlillər yazıram, rəy verirəm. Bundan başqa tez-tez müxtəlif məhkəmələrə siyasi ekspert kimi dəvət edilirəm. Bu məhkəmələr əsasən siyasi sığınacaq almaq istəyənlərin məhkəməsi olur. Mən postsovet məkanı ilə bağlı  mütəxəssisəm, eyni zamanda Yaxın Şərqlə bağlı proseslərə də dəvət edilirəm. Ancaq mənim üçün ən önəmlisi partiya fəaliyyətimdir. Müsavat Partiyasına həyatımın 25 ili bağlıdır. Bununla da fəxr edirəm.  
“İşçi Qrup iqtidarın dəyirmanına işləyən qurumdur”
  - Partiyadan söz düşmüşkən, müsavatdaxili prosesləri qısaca necə qiymətləndirirsiniz? Yeni başqan konkret desək, parlament seçkilərində partiyanın bütün potensialını səfərbər edə biləcəkmi ?   - Qurultaydan qabaq mən bütün namizədlərə suallar ünvanladım. Ancaq onlardan heç biri suallarıma cavab vermədi. Mən də heç kimi dəstəkləmədim. Hami bilir, İsa Qəmbərlə 25 ildir dostuq, mən istəmədim ki, kimsə mənim mövqeyimlə spekuliasiya etsin. Qurultay normal keçdi. Azərbaycanda ilk dəfə partiya içərisində bu cür proses baş verdi. Bu qurultay bir demokratiya dərsi idi. Lakin sonrakı proseslər xoşuma gəlmədi, hətta məni narahat etməyə başladı. Müsavat nə İsa bəyin, nə Arif bəyin, nə Qubad bəyin, nə Ramis bəyin, nə də başqasınındır. Müsavat bizə ulu öndərlərimizdən, AXC-ni yaradanlardan qalib. Biz bunu heç vaxt unutmamalıyıq, onlara layiq olmalıyıq. Bu sadəcə partiyadaxili fəaliyyətlə bağlı deyil. Biz bütün hərəkətlərimizdə, xüsusən mediaya çıxanda bu məsuliyyəti dərk etməliyik. Parlament seçkilərinə gəlincə, Azərbaycanda heç bir seçki olmayacaq. Hakimiyyət yeni çalışacaq ki, müxalifəti parçalasın və içərimizdən yeni fazilmustafalar, cingizgənizadələr tapıb parlamentdə “müxalifət” yaratsın. İsa Qəmbər 100 faiz səs alsa belə, onun qələbəsini tanımayacaqlar.   - Ramiz bəy, bu yaxında Turqut Qəmbərlə görüşmüsünüz. Facebookda gördük. Sizcə, atalar övladlarına həddindən çox problem saxlamadılar ki?   - Mən Turqutu lap uşaqlığından tanıyıram. O, mənə həmişə “Ramiz əmi” deyir. Biz davamlı yazışırıq, bura gələndə də görüşdük. Turqut atasının yolunu gedir. Görüşəndə İsa bəylə keçdiyimiz 25 illik mübarizə yolundan ona çox şeylər danışdım. Qoy bilsin ki, bu yolda nələr var, nələr yox, ən vacib olanlar nədir... Bizim nəslimizin məsuliyyətinə gəlincə, demək olmaz ki, biz çox işlər görə bildik. İndiki durumla bağlı mənim nəslimin birbaşa məsuliyyəti var, buna görə gənclərimizdən üzr istəyirəm. Biz onlara ümidlə baxırıq. Bizim edə bilmədiklərimizi Turqutun nəsli eləməlidir və 100 faiz əminəm ki edəcək.   - Ramiz bəy, siz çox kəskin yazırsız. Bəzən sizi proseslərə həddən artıq çılğın münasibətlərə görə qınayırlar.   - Kim qınayır?   - Elə mənsub olduğunuz düşərgədən də belə iradlar eşidilir. Sanki Azərbaycan reallıqlarını yadınızdan çıxır. Azərbaycan uzaq ABŞ-dan mübarizə üçün bu qədərmi rahat məkan kimi görünür?  
Müxalifət iqtidara qarşı mübarizə aparmaq əvəzinə bir-biri ilə savaşır”
  - Sergey Yeseninin məhşur sözu var: “Üz üz-üzə olanda yox, məsafədən görünür”. Müsahibəyə ailə üzvlərimin həbsi ilə başladıq, ona görə də çılğınlıqda qınanmam mənə bir qədər gülməli gəlir. Ailə üzvlərim zindandadır, bu gün Azərbaycandakı ab-havanı çox yaxşı bilirəm. Onu da əlavə edim ki, Leyla xanımın, Arif bəyin mövqelərini 100 faiz bölüşürəm. Azərbaycanla bağlı xəbərləri də onlar kimi düşünən insanlarında alıram. Nala-mıxa vuran insanların mövqeyi isə məni narahat etmir. Qoy gedib indiki Milli Məclisdə otursunlar. İndiki durumda və indiki saxta seçkilərlə orada oturanlar heç vaxt muxalifətçi ola bilməz..   - O zaman belə bir sual - müxalifətçi necə olmalıdır?   - Leyla xanım kimi! Ölkədə 10-15 nəfər olsaydı bu iqtidarın sonu çoxdan gəlmişdi.   - Siz beynəlxalq basqılarla siyasi məhbusların azad ediləcəyinə inanırsızmı? Bu yaxında da İşçi Qrup bərpa edilib...   - İşçi Qrup iqtidarın dəyirmanına işləyən qurumdur. Orada özünə hörmət edən ziyalı, siyasətçi, hüquq müdafiəçisi iştirak etməməlidir! Bu sözləri Leyla xanım da deyib. Siyasi dustaqların azadlığa çıxmasına gəlincə, bu, mütləq olacaq. Çünki təzyiqlər artır. Əlbəttə iqtidar prosesi uzatmağa çalışacaq. Əfsuslar olsun, bu gün dəstək yalnız xaricdən gözlənir. Azərbaycanın daxilində müxalifət bir-biri ilə çəkişir, bu da ən çox iqtidara xeyir gətirir. Bəsdirin bir-birinizi günahlandırdınız! Davanı iqtidarla aparın!   - Sizin ailənin 1 nömrəli problemi Leyla xanım, Arif bəy olduğu üçün biz bütün söhbəti elə bu ovqatda apardıq. Yaxın gələcək üçün planlarınız nədir? Məsələn, qardaşınız azadlığa çıxsa, ona Vətəni tərk etməyi təklif edəcəksiniz?   - Bu, onların seçimi olmalıdır. Mən 12 il öncə seçim etmişəm, peşman da deyiləm. Ən böyük arzum bu hakimiyyətin axırını görmək və Vətənə qayıtmaqdır. Az qalıb.   - Azərbaycandan mühacirət edənlər daha çox Avropanı seçirlər. ABŞ-ı uzaq olduğuna görə seçməyənlər tanıyıram. Ümumiyyətlə ABŞ-a mühacirət etmək çətindirmi? Həm mənəvi, həm də prosedur baxımından.   - Bütün hallarda mühacirətdəki həyat çox çətindir. Xüsusən ortayaşlı nəsil üçün. Axı mühacirət həyatı yenidən başlamaq kimidir. Dil, kültür, başqa vacib amillər – hamısı dəyişir. Asan olmur. ABŞ ümumiyyətlə mühacirət üçün daha münasibdir. Çünki bura elə mühacirlər ölkəsidir. Burada həyatı 0-dan başlamaq Avropadakından daha asandır.

Bizə qoşulun