Nemət Kərimli: “Şahinə bir-iki günlük icazə almağa çalışacam”
“Nida” Vətəndaş Hərəkatının həbsdə olan ən gənc üzvü Şahin Novruzlunun atası İbrahim Novruzlu dünyasını dəyişib. Məhbus atasının ürəktutması nəticəsində vəfat etdiyi bildirilir.
Vəkil Nemət Kərimli Şahin Novruzlunun atasının dəfn mərasimində iştirakına icazə almaq üçün Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə müraciət edib.
Bu barədə musavat.com-a onun özü məlumat verib: “Hazırda Penitensiar Xidmətə gedirəm. Şahinə atasının dəfnində iştirak etmək üçün icazə almağa çalışacam. Vəzifəli şəxslərlə görüşəcəm. Şahinə bir-iki günlük icazə almağa çalışacam”.
Qeyd edək ki, Cəzaların İcrası Məcəlləsinə əsasən, ağır cinayət törətməyən məhkumlara onların yaxın qohumlarının ölümü və ya həyatı üçün təhlükə yaradan ağır xəstəliyi ilə əlaqədar yeddi gün müddətinə səfər icazəsi verilə bilər.
P.S. Musavat.com-un gənc məhbusun digər vəkili Əsabəli Mustafayevdən aldığı son məlumata görə, Şahin Novruzluya atasının dəfnində iştirak etmək üçün icazə verilməyib.
