Bir vaxtlar dünya Gülnarə Kərimovanın ayaqlarında idi. Yüksəklərdə uçan pop müğənnisi... Dünyanı gəzib-dolaşan modelyer... Və nəhayət, onu sürətlə İslam Kərimovun postuna hazırlayan diplomatik vəzifələr...
Lakin Kərimovanın ulduzu bu yaxınlarda onun dəbdəbəli həyat tərzinin xaricdə tənqid olunması, BMT elçisi kimi öz ölkəsindəki insan haqları pozuntularından danışa bilməməsi və israrlı korrupsiya ittihamları ilə sönməyə başladı.
Onun ulduzu rəsmən sentyabrın 9-da Özbəkistan Baş Prokurorluğu bir fırıldaq işi ilə bağlı “Kərimova G.” kimi təqdim olunan şəxsi təqsirkar qismində elan edəndə söndü. Əksəriyyət inanır ki, “Kərimova G.” hazırda Daşkənddə ev dustağı olan 42 yaşlı Kərimovanın özüdür.
Aşağıda Gülnarə Kərimovanın son illərdəki tənəzzülünün ən əhəmiyyətli anları qeyd olunub.
2011-ci ilin sentyabrı: dəbdən düşmə
G.Kərimovanın “Guli” geyim moda brendi Nyu-York Moda Həftəsindən “Özbəkistandakı insan haqları pozuntularından dəhşətə gələn təşkilatçı” tərəfindən çıxarılır. Bununla əlaqədar baxış körpüsü üstə keçirilməli olan şou Nyu-Yorkun mərkəzindəki “Cipriani” restoranına köçürülür.
Burada isə artıq 20-dək eitirazçı Özbəkistandakı pambıq yığımında uşaq əməyindən istifadə olunması əleyhinə piket keçirir. Tədbirin özünə 200 qonaq gəlsə də “müəllif” bir kənara çəkilir.

Nyu-Yorkda anti-Gülnarə aksiyası
2012-ci ilin iyunu: baş tutmayan müğənnilik
Kərimova dünya auditoriyası üçün pop albomu buraxır. Onun internet saytında albomun guya “Billboard” jurnalında dərc olunmuş “Ulduz icmalı”na və CNN-ə verilmiş “əla müsahibəyə” linklər var, lakin bu linklərin heç biri işləmir. Nə icmal görünür, nə də müsahibə eşidilir.
2013-cü ilin yanvarında Gülnara Rusiya vətəndaşlığını qəbul etmiş fransız aktyor Jerar Depardye ilə rus dilində mahnı yazdırır.

Depardye və Gülnarə
2013-cü ilin apreli: diplomatik qeybolma
Onun adı gözlənilmədən Özbəkistan Xarici İşlər Nazirliyinin səfirlər siyahısından çıxarılır. Belə başa düşmək olur ki, o, 2008-ci ildən bəri tutduğu postdan - Özbəkistanın Cenevrədəki BMT səfiri vəzifəsindən uzaqlaşdırılıb. O, vəzifəsindən rəsmən iyul ayında azad edilib.
2013-cü ilin mayı: rüşvət iddiaları
İsveçin təhqiqat jurnalistlərinə sızdırılmış və “Azadlıq” radiosu tərəfindən şərh olunmuş materialın Kərimovanın İsveç kommunikasiya nəhəngi “TeliaSonera” ilə əlaqələrinə dair yeni sübut olduğu üzə çıxır.
2013-cü ilin oktyabrı: efirdən kənar
Kərimova tərəfindən nəzarət olunan bir neçə televiziya və radio kanalı yayımı dayandırır. Rəsmilər səbəbin texniki olduğunu bildirirlər.
2013-cü ilin oktyabrı: dondurulmuş hesablar
Kərimovanın adı ilə bağlı olan “Terra” qrupunun bank hesabları maliyyə pozuntuları iddiaları ilə bağlı dondurulur.
2013-cü ilin noyabrı: “boğulan twitlər”
Twitter aludəçisi Kərimova ilk dəfə olaraq Özbəkistanda insan haqlarının pozulmasından söz açır. Onun göndərdiyi bir neçə twit postunda iddia edilir ki, cangüdənlərindən biri ölkənin təhlükəsizlik xidmətinin bir nümayəndəsi tərəfindən döyülüb.
Həmin ayın sonlarında onun Twitter hesabı bloklanır, lakin dekabr ayında bərpa olunan hesabdan Kərimova öz bacısını tənqid atəşinə tutmaq üçün istifadə edir. Onun bir vaxtlar son dərəcə fəal sosial media mövcudiyyəti fevral ayında tamamilə yox olur.

Gülnarənin Cenevrədəki sahibsiz villası
2014-cü ilin fevralı: cinayətkar bağlar?
Kərimovanın Daşkənddəki mənzilində axtarış aparılır, onun sevgilisi Rüstam Madumarov və iki dostu tutulub saxlanır. Onların hər üçü müstəntiqlər tərəfindən vergidən yayınma və xarici valyutanın qanunsuz saxlanması ilə bağlı cinayətlərdə ittiham olunurlar.
2014-cü ilinmartı: evdustaqlığı
Kərimovanın yazdığı düşünülən və “Azadlıq” radiosunun özbək xidməti və BBC tərəfindən əldə olunmuş məktubda o, yazır ki, ev dustağıdır, onu döyür və ağır psixoloji təzyiqlərə məruz qoyurlar. Elə həmin ay Kərimovanın adı “TeliaSonera” telekommunikasiya şirkəti ilə əlaqədar rüşvət işində hallandırılır.
2014-cü ilin avqustu: heyrətamiz səs yazısı
BBC Kərimovanın ev dustaqlığında özü ilə pis rəftardan şikayətləndiyi audioyazısını əldə edir. O deyir ki, “özü və qızı ilə itdən də pis davranırlar və onların xarici aləmlə heç bir əlaqələri yoxdur”.
