“Şeytan simvolu onun sinəsindədir”
Dünyaca ünlü “The Sun” qəzetinin verdiyi bu manşet Britaniyanı silkələdi
“The Sun” Böyük Britaniyada və İrlandiyada cap olunur. Ən böyük tiraja malik gündəlik qəzetdir. Düşünün ki, hər gün 2 milyondan çox adam bu qəzeti oxuyur. Qəzet dəfələrlə məhkəmə qarşısında öz yazılarına görə cavab verməli olub. Bəzən böyük itkilər verib, ancaq buna baxmayaraq oxucular arasında son dərəcə populyardır.
Bir məqamı da xüsusi ilə vurğulamaq lazımdır ki, bu qəzetin sahibi 83 yaşlı Robert Mordakdır (Rupert Murdoch). Həmişə gənc xanımların əhatəsində olan bu əfsənəvi şəxsiyyətin qəzetinin oxucularının 40 faizdən çoxu qadınlardır. Avstraliya əsilli amerikalı maqnat 68 yaşı olanda 30 yaşlı çinli xanımla evlənmişdi…
Bu qəzetlə bağlı ən önəmli məqama da diqqət edək. The Sun 2011-ci ildə dünya çapında müzakirə olunan skandalla gündəmə gəlmişdi. Qəzet məşhur adamların, kral ailəsi üzvülərinin və nüfuzlu siyasətçilərin telefon danışıqlarını qeyri qanunu şəkildə dinlədiyinə görə qanun qarşısında cavab verməli olmuşdu…
Və bu qədər nüfuzlu bir qəzet bu günlərdə bütün ölkəni silkələyən manşetlə çıxış edib. Manşetsə beləydi: “4 yaşlı uşaqda Şeytan nişanı var”. İkinci başlıq isə belədir: ”Şeytan simvolu onun sinəsindədir”. Qəzet sübut kimi uşağın sinəsindəki Şeytana məxsus olduğu iddia edilən Lusefer embleminin fotosunu da verib. Onu da qeyd edib ki, bu simvol uşaq dünyaya gələndən onun sinəsində olub…
“The Guardian” yazır ki, qəzet “Şeytan oğlan” manşetindən sonra güclü tənqid dalğası ilə üzləşib. İctimaiyyət iddia edir ki, belə bir yazı ilə qəzet məsuliyyətsiz bir addım atıb, uşağı pis vəziyyətdə qoyub. Bu son dərəcə utandırıcı bir hərəkətdir.
Mühafizəkar millət vəkili Sarah Vollaston Guardiana deyib ki, o, Mətbuatdan Şikayət Komitəsinə müraciət edəcək. Uşağın bu formada fotolarının verilməsi dözülməzdir: “Manşet qanunları kobud surətdə pozmaqla verilib. İstənilən tərəfdən baxsaq bu münasib olmayan yanaşmadır. Bu,son illərdə jurnalistikada qarşılaşdığım ən məsuliyyətsiz hərəkətdir”…
“The Sun” uşağın anasının aşağıdakı fikirini sitat olaraq verib: “Onun bədənindəki Şeytan simvoluna baxanda məni əsməcə tutur. Düşünürəm ki, nəsə fövqəl bir şey oğlumladır. Nəsə və ya kimsə onun sinəsinə işarə çəkib; ancaq biz heç cür başa düşə bilmirik ki, bu necə ola bilər”…
Başqa bir millət vəkili Tom Vatson da Tweeter-də sözügedən manşeti tənqid edib: “Siz nə vaxtsa utanmısız, Robert Mordak? Lütfən, bu işi araşdırın…”
Bəziləri sosial şəbəkələrdə belə bir iddia irəli sürüblər ki, uşağın bədənindəki işarə fenlə dərini yandırmaq nəticəsində ortaya çıxıb….
Başqa biri isə yazıb ki, “The Sun” bu manşetlə bizi yenidən 17-ci əsrə aparıb atıb…
Ancaq məqaləni dərc edənlər bu kimi iddialarla razılaşmırlar və özlərini günahkar saymırlar. Onlar deyirlər ki, sözügedən uşağın valideynləri Facebook-da həmin fotonu paylaşıblar. Və bu barədə özləri də yazıblar.
“The Sun” bu yazıya görə uşağın valideyninə pul ödəyib ödəmədiyi barədə də bir söz demir.
Yazıda o da qeyd olunur ki, uşağın dərisindəki simvol hesab olunan görüntü ilə bağlı anası həkimdə olub. Ancaq həkim bildirib ki, bu işdə tibblik bir iş yoxdur. Həkim narahat ananı sakitləşdirməyə çalışıb…
Musavat.com