Tanınmış telejurnalist İlhamiyyə Rza saytımıza bir yazı göndərib. Öz “Facebook” profilində də paylaşdığı həmin yazını Medianews oxucularına təqdim edirik.
Son zamanlar, yox, son illər, məni yazmağa sövq edən mövzular olsa da, yazmağa həvəsləndirən şərtlər tapa bilmirəm. Hər dəfə “Ac həriflər” dəki məşhur demotivator sual səslənir qulağımda. Yadınzıdadırsa, sual belə idi: “Hə, noolsun ee?”…
Odur ki, yazmağa “məcbur” qaldığım situasiyaları sevirəm. Amma bunun səbələrindən yazsam, mətləbdən yayına bilərəm, uzatmadan keçirəm mətləbə, yəni məni bu dəfə yazmağa “məcbur edən” konuya.
Məqsədim dünən baxdığım “Yaşlı xanımın gəlişi” tamaşası haqda yazmaqdır. Desəm ki, teatra “yol azıb” gəlmişəm, inanmayacaqsınız. Amma məni tanıyanlar inanacaq. Çünki teatrdan çoxdan çıxanam. Bir məşhur rejissorun bir məşhur tamaşasından elə “təsirlənmişdim” ki, özümə söz verdim ki, daha, “bahalı papağımı bura atsalar belə, arxasınca gəlmərəm”. Amma, ruslar demiş, nikoqda ne qovori nikoqda, yəni ki, heç zaman demə ki, heç zaman.
Ötən günlərdən birində dəyər verdiyim və uzun zamandır ki, tanıdığım rejissor Rövşən Almuradlı ilə təsadüfən opera və balet teatrında görüşdük. Rövşən müəllim öz tamaşasına dəvət etdi məni və mən də məmnuniyyətlə dəvəti qəbul etdim. Bir neçə gün sonra, tamaşanın sadəcə adını bildiyim halda, yəni nədən bəhs etdiyini, janrını, kimlərin oynaığını belə bilmədən ailəlikcə gəldik Azdramaya.
İçimdə bir nigarançılıq vardı ki, görəsən bu tamaşadan sonra nə qədər uzun olacaq mənim teatrdan yenidən uzaqlaşmağım… Amma tez də özüm özümü sakitləşdirdim ki, yoxx, Rövşən bəyin dəst xəttinə bələdəm. Gəldiyimə ən azı, peşiman olmayacağam.
Və… belə də oldu. Şükürlər olsun. Mən axı teatrı sevirəm… məktəb illərində bir tamaşanı belə buraxmazdım… bütün aktyorları tanıyırdım…bu sevgimə kim qıydı? Bunun da cavabı var, amma uzundur… qayıdaq tamaşaya…
Sən demə, Fridrix Dürrenmattın “Yaşlı xanımın gəlişi” əsəri iki ildir ki, səhnələşdirilib və dram teatrımızda tamaşalar gedir. Yaxşı ki, mənə də görmək qismət oldu. Əla bir aktyor ansamblının bir tamaşada toplaşdığı vaxtlar üçün darıxmışdım. Baxın, kimlər oynayır, başda əməkdar artist Sənubər İskəndərli olmaqla(yeganə qadın obrazının ifaçısı idi tamaşada), xalq artistləri Ramiz Novruz, Hacı İsmayılov, Ramiz Məlik, Nurəddin Mehdixanlı və adlarını çəkmədiyim digər aktyorlar rejissorun əsas mesajını məharətlə bizlərə çatdırdılar.
Bir haşiyəyə çıxım… Əslində, teatrdan məni uzaqlaşdıran da elə ilk növbədə aktyor oyununun bərbad olması idi. Amma indi bir qədər fikrim dəyişib. Aktyorlarımız yaxşıdırlar, hələ ki, mən bildiyim aktyor nəsli səhnədədir, öz görəvlərini ləyaqətlə yerinə yetirirlər. Sadəcə, rejissorların yarıtmaz işi sonucunda , bəzən onlara düzgün rollar verilimir, yaxud da düzgün tapşırıq verilimir. Nəticədə, səhnədə bayağı məzhəkədən vəya pafosdan başqa bir şey görə bilmirik. Teatrdan “küsdüyüm” bu müddətdə çox sayda maraqlı tamaşaların da olduğundan ara sıra xəbər tuturdum. Amma ürək edib gedə bilmirdim. Mən yaxşı tamaşaya getdiyimdən əmin olaraq ora üz tutmalı idim ki, teatra olan sevgim tamamilə məhv olmasın.
Beləliklə, tamaşa başladı. Ən çox qorxduğum da o idi ki, hövsələsiz Həmid və ondan da hövsələsiz (ana bətnində belə hövsələ etməyib 8 aylıq dünyaya gəlmiş) İbrahim Herisçilər darıxmağa başlayıb məni didəcəklər. Amma belə olmadı. İbrahim tamaşanın artıq yarısına çatanda, görünür mənim sevgi dolu baxışlarımı tutub qulağıma pıçıldadı ki, “mama o,(Sənubər) sənin podruqandır?”, daha sonra yenidən, Ramiz Novruza tərəf başını yellədib, “o, sənin dostundur?” deyə soruşdu.
Sənubərlə dostluğum bir yana, onun demək olar ki, yaradıcılığını izləmişəm və bütün peşəkar imkanlarına təxminən bələdəm. Amma bu qədərini bilmirdim. Yəni, təsəvvür edin ki, adam yaşlı qadını o qədər məharətlə oynayır ki, hər zaman cavan və şux görməyə alışdığım bir xanımın həqiqətən də yaşlaşdığına inanırsan və bir dost kimi bu səni narahat edir. Tamaşa boyu mənə mane olan yeganə hiss bu oldu. Mən onun qocalmasını istəmirəm….və nə yaxşı ki, bu, sadəcə roldur… Sadəcə deyib də keçməyim, çox mürəkkəb bir roldur… keçmişi məsum, həyatsevər bir qlz olmuş, gələcəkdə cəmiyyətin fahişəyə döndərdiyi, indi isə qalib bir milyarder xanım kimi, vaxtilə yaşadığığı riyakar mühitə, əyalət şəhərinə, rejissorun da çirkab dünyası kimi təqim etdiyi(üzərində kanalizasiya trubaları quraşdırılmış), hər an yuyulub axıdılmağa hazır və layiq olan bir cəmiyyətə qisas üçün qayıtmış Klara Veşer… qəliz obrazdır… Amma Sənubər İskəndərli bunun öhdəsində çox məharətlə gəlib.
Daha sonra Nurəddin Mehdixanlının yaratdığı Burqomistr obrazı məni yaxşı mənada təəccübləndirdi. Nurəddin bəyi bəlli obrazda görməyə alışmışıq- Babək, Koroğlu misali, milli qəhrəmanlar, xalq tribunu, qəfildən Xan Araz, Dəli Kür, yaralı vətən deyə kükrəyən bir obrazdan çıxmaqla nə qədər geniş diapazona malik olduğunu nümayiş etdirdi Nurəddin bəy.
Daha sonra, Ramiz Novruz barədə demək istərdim. Ramiz Novruz da, oğlum demiş, dostumdur. İllərlə üzünü görməsəm də, vaxtilə, həyatımda ən böyük məktəb olmuş Sabah yaradıcılıq emalatxanasının mənə tanıtdığı və sevdirdiyi bir insan, istedadlı aktyor.
Daha bir haşiyə, vaxtilə, 90- cı illərdə Kinostudiyanın iflic vəziyyətdə olduğu, teatrların da maddi çətinliklər ucbatından məhsuldar işləyə bilmədiyi zamanlarda, indi Azərbaycanın üzünü ağardan bir sıra rejissorlar məhz AZTV- nin Sabah yaradıcılıq emalatxanasında öz ilk sənət vəsiqələrini aldılar, yaradıcılıq imkanlarını ifadə edə bildilər. O zaman mən, Sabahda bədii hissə müdiri işləyirdim. Çox mehriban və peşəkar kollektivimiz vardı. Başda ustad Ramiz Mirzəyevin rəhbərliyi ilə, demək olar ki, hər ay bir yeni tamaşa səhnələşdirilib, hazırlanıb, ekranlaşdırılırdı. Televiziya tamaşası, yaxud film tamaşa adı ilə, əslində kino və teatrın sintezindən ibarət(bəzən sadəcə imkansızlıqdan) maraqlı bir janr həyata vəsiqə alırdı. Əslində, vəsiqə çoxdan vardı, sadəcə, Sabah bu sahənin inkişafına əvəzsiz töhfələr verə bildi. Həmin dövrdə, həmin bu aktyor və rejissorlarla yaxından tanış olub işləmək qismətimə düşdü. Nəticədə, kimin kim olduğunu özümçün dəqiq müəyyənləşdirdim. Bir çoxları üçün kumir, ulduz olan şəxslərin adi iş həyatında nə qədər məsuliyyətsiz, tənbəl, ulduz xəstəliyinə tutlmuş şəxslər olmasını ilk dəfə yaxından müşahidə etdim. Bununla da, teatr və teatrətrafı dünyanın bütün romantikası gözlərimdə itə bilərdi, amma… bunun tam əksi olan insanları tanımasaydım… Belə şəxslərdən biri də Ramiz Novruz idi, elə Sənubər xanımı da məhz bu yöndən sevdim. Hələ Fuad Poladovu demirəm… bu siyahını uzada da bilərəm… amma hələlik, haqqında yazdığım tamaşaya cəlb olunmuş aktyorlardan danışıram. Elə Rövşən Almuradlını da mənə tanıdan Sabah yaradıcılıq birliyi oldu. O vaxt Rövşən bəy, səhf etmirəmsə, “Kleopatra” tamaşası üzərində işləyirdi… Uzun sözün qısası, Rövşən bəy, heç dəyişməyib, xalturadan uzaq, öz missiyasına sadiq bir sənət adamı olaraq, teatr tariximizi zənginləşdirməkdə davam edir.
Sonda, tamaşadakı bir sıra sosial mesajlar, sətiraltı mənalar, günümüzlə səsləşən eyhamlar, hansılar ki, mənə xüsusilə ləzzət elədi, danışmaq istərdim. Amma danışmayacaqam… Danışsam, düzgün anlaşılmaram, məsələn,Allah eləməmiş, mədəniyyət nazirliyi, yaxud tamaşaları təsdiq edən diqər əlaqədar qurumlar, bədii şura, yaxud hansısa başqa şura, gələn dəfə Rövşən bəyə tamaşa verməz… deyər ki, nə bilim, sən müxalifətsən vəs. Axı günümüzün ən aktual,ən absurd, lakin ən dəbdə olan ittihamıdır bu. Hər ehtimal, belə düşünənlərə keçən əsrin chox parlaq dramaturqlarından olan Dürrenmattın yaradıcılığına baş vurmağı məsləhət görərdim. Çünki, zamanından və məkanından asılı olmayaraq, əsil sənət adamı həyatda müxalif mövqedə olmalıdır. Hakim rejimə qarşı olmasa da, hakim dünyagörüşə, hakim zövqlərə, cəmiyyətin prioritetlərinə… və məhz bu səbəbdən kəçən əsrin İsveçrəsində yazıb yaratmış Dürrenmattın əsəri bu gün Azərbaycanda aktual görünür. Bir sözlə, sənət adamı populist olmamalı, çoxluğun , axının əksinə getməyi bacarmalıdır. Hərçənd ki, bunun əksinə bizi inandırmaq istəyənlər çoxdur hazırda.
Son söz əvəzi: İstərdim mənə bu tamaşada eşlik etmiş 8 yaşlı oğlumun və həyat yoldaşım Həmidin fikirlərini və qeydlərini də nəzərinizə çatdırım.
Hamid: Bizim rejissorlar həmişə əcnəbi müəllifləri daha yaxşı səhnələşdirirlər…
İbrahim(tamaşa boyu) : mama, (pıçıltı ilə) fahişə nə deməkdir? Mama, axtalamaq nə deməkdir…
Anladınız ki, tamaşaya baxmaq, elə də asan olmayıb mənə… Bununla belə, yenə gedəcəyəm!
Yaşlı xanım bax beləydi
Bu da tamaşanın rejissoru və bizi gülər üzlə qarşılayan teatr işçisi- xanım
Bu şəkil bizdən xəbərsiz çəkilib. Hadisənin baş qəhrəmanını İbrahim özü tapıb
“Ya doljen pozdravit dedushku moego blizkoqo druqa”
Teatrda bizi yaxşı qarşıladılar. Bu da Hacı)) Görüşmək xoş oldu