Krımda Rusiya işğalı davam edir; Ukraynanı dəstəkləyən Obama administrasiyası rəsmi Moskva təmsilçilərini ABŞ-a buraxmır; ABŞ və İngiltərə rəhbərləri Putinə xitab etdilər
Martın 3-də Krım son dönəmin ən gərgin günlərindən birini yaşayıb. Unian.net xəbər verir ki, bir neçə gündür Simferopolda bütün administrasiya binalarını ələ keçirən Rusiya əsgərləri artıq Ukraynanın Krımdakı hərbi bazalarına hücumlara başlayıb. Bir neçə bazanın Rusiya Silahlı Qüvvələrinin əlinə keçməsi haqqında xəbər var. Yerli qaynaqlar Rusiyanın işğal əməliyyatında bir neçə Ukrayna hərbçisinin həlak olması haqqında da yazıb. Ancaq hələlik Ukrayna Müdafiə Nazirliyi bu haqda rəsmi açıqlama verməyib.
Martın 3-də Krım Tatar Məslisinin başqanı Refat Çubarov Ukrayna Ali Radasının İnsan Haqları Komitəsinin rəhbəri Valeriya Lutkovskaya ilə görüşüb. Qeyd edək ki, Lutkovskaya iki gündür Krımdadır. Məsləhətləşmələr zamanı Çubarov çox qısa zamanda Ukrayna Ali Radasının və Krım Muxtar Respublikası parlamentinin birgə deputat komissiyası yaratmasını təklif edib. Çubarov hesab edir ki, həm durumun yaxından təqib edilməsi, həm də mərkəzdən operativ reaksiya verilməsi üçün belə bir komissiyaya ehtiyac var.
Təklifi müsbət dəyərləndirən Lutkovskaya deyib ki, indi əsas məsələ insan haqlarının maksimum qorunması üçün heç bir qarşıdurmaya getməmək və bütün vasitələrdən yararlanmaqla sabitliyi qorumaqdır.
Krımda yaşayan iş adamı, AXC-nin tanınmış simalarından olan Ülvi Həkimov isə musavat.com-a yarımadada ümumi gərginlik olsa da toqquşmaların baş vermədiyini deyib: “Krım tamamilə Rusiyanın işğalı altındadır. Yarımadanı xunta idarə edir. Artıq Krımın müdafiə nazirliyini, təhlükəsizlik qurumlarını yaradırlar. Ukraynanın Krımdakı bütün hərbi hissələri blokadadadır. Ruslar Ukrayna hərbçilərinə böyük pullar, vəzifələr təklif etməklə öz tərəflərinə çəkməyə çalışır. Əhali durumdan təbii narahatdır, ancaq Simferopolda hər hansı qarşıdurma, toqquşma baş verməyib. 3 gündür ki, camaat faktiki olaraq evlərindən çıxmırdı. Bu gün bir qədər canlanma müşahidə olunur. Ancaq gərginlik durmadan artır”.
Ülvi Həkimovun sözlərinə görə, Krım tatarlarının Ukraynanın yeni rəhbərliyi böhranı beynəlxalq müstəvidə çözmək cəhdlərinə isti yanaşır: “Bəllidir ki, beynəlxalq birlik bu məsələdə Ukraynanı birmənalı müdafiə edir. Rusiya Krıma tam nəzarət etsə də bu durumun uzun sürməsinin mümkün olmayacağına ümid çoxdur. Çünki Qərbin çox yaxınında yeni bir münaqişə ocağını yaranmasını arzu etmədiyi və bu durumun dəyişməsi üçün bütün mümkün vasitələrdən yaralanacağı şübhəsidir.
Rusiya krım tatarların və digər xalqların təmsilçilərini provokasiyalara çəkmək üçün çox səy göstərsə də buna nail ola bilmir. Ukrayna rəsmiləri Krım tatarları ilə çox davamlı əlaqədədirlər. Bütün addımlar qarşılıqlı məsləhətləşmələrlə həyata keçirilir və bu haqda vətəndaşlara davamlı açıqlama verilir. Krım Tatar Məclisinin başqanı bütün tatarlara vətəni qorumaq üçün vahid mövqedən çıxış etmək çağırışı edib. Xalq da liderlərin göstərişini yerinə yetirərək heç bir provokasiyaya yol vermir”.
Yada salaq ki, mərkəzi hakimiyyətə etimadsızlığını açıqlayaraq müstəqil siyasət yeridəcəyini bildirən Krım Parlamenti mayın 25-nə təyin olunan referendumun tarixini martın 30-na dəyişib. Əgər həmin zaman qədər Kiyev qanuni hakimiyyətin bərpasına nail olmasa Rusiya yarımadanın taleyini müəyyən edəcək referendumun keçirilməsinə nail ola bilər. Ülvu Həkimov deyir ki, hətta referendum keçirilsə belə bu, heç bir hüququ qüvvə daşıya bilməz: “Rusiya tələsir və dünyanı fakt qarşısında qoymaq üçün bir an öncə referendum keçirilməsini istəyir. Ancaq Ukrayna qanunlarına görə heç bir muxtar vilayət öz ərazisində referendum keçirə bilməz. Hər kəsə bəllidir ki, bu reallıq hissini itirmiş Rusiya prezidenti Vladimir Putinin qurduğu oyundur. Ancaq bu oyunun Krımda baş tutacağı da böyük şübhə altındadır. Çünki yarımadanın rus əhalisi də Rusiyaya təhlükəli şəkildə birləşərək sabit olmayan durumda yaşamaqdansa Qərbin dəstəklədiyi Ukraynanın tərkibində qalmağa tərəfdardırlar”.
Krım tatarlarının Avromaydan təmsilçisi Ayder Muctaba “Yeni Müsavat”a açıqlamasında bildirib ki, onlar Qərbin sonadək Ukraynanın ərazi bütövlüyünü və suverenliyini müdafiə edəcəyinə əmindirlər: “Bu gün rəsmi Kiyev beynəlxalq birliyə çağırış edib. Biz prosesi diqqətlə izləyirik və görünən odur ki, Qərb Ukraynanın böhrandan bütöv çıxması üçün bütün mümkün olanları etməyə hazırdır. İndi Rusiya yalnız Krımda deyil, digər şərq vilayətlərində də gərginliyi artırmağa çalışır. İnsanlar provokasiyaya çəkilir, Qərb əleyhinə şüarlar səsləndirən insanlar ölkənin bütövlüyü ilə bağlı təhlükəli durum yaratmağa cəhd edir. Ancaq bu durumun müvəqqəti olduğunu düşünürük. Çünki Krımda da, digər şərq vilayətlərində də baş verənlər Rusiyanın, daha dəqiqi Putinin provokasiyalarıdır. Biz ümid edirik ki, Rusiya ictimaiyyəti və reallıq hissini itirməmiş liderlər öz rəhbərlərini bu yoldan çəkindirəcək və Rusiyanın bir daha beynəlxalq aləmdə biabırçı məğlubiyyətinin qarşısını alacaq”.
“Ukraynanın keçmiş hökuməti xarici dövlətlərin maraqlarına xidmət edib, Ukrayna Təhlükəsizlik Xidmətində isə Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları işləyib”. Bu sözləri Ukraynanın baş prokuroru səlahiyyətlərini icra edən Oleq Maxnitski Ukrayna Milli Televiziyasına müsahibəsində deyib.
O.Maxnitskinin sözlərinə görə, araşdırmalar nəticəsində Krım konfliktinin spontan yaranmadığı bəlli olub: “Krımda xüsusi əməliyyatlara bir neçə ildir hazırlıq gedirmiş. Son 4 ildə Ukraynanın keçmiş hökuməti milli maraqları sataraq yalnız öz cibinə işləməklə məşğul olub. Köhnə hökumət birmənalı olaraq başqa xarici dövlətin maraqlarına xidmət edib, son dörd ildə ard-arda dövləti cinayətlər törədib”.
Baş prokuror əvəzi bildirib ki, dövlətə xəyanət yolu seçənlər məsuliyyətdən yaxa qurtara bilməyəcəklər: “Aşkarladığımız bütün cinayət faktlarına hüququ qiymət veriləcək və Ukrayna dövlətinin əleyhinə işləyənlər layiq olduqları cəzalarını alacaqlar”.
Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Gi Mun müavini Yan Eliassonu durumu yaxından müşahidə etmək üçün Ukraynaya göndərib. Yan Eliasson Ukraynanın yeni rəhbərliyi ilə durum dəyərləndirməsindən sonra BMT Ukraynadakı duruma təsir imkanları haqqında qərar verəcək.
Martın 4-də isə ABŞ dövlət katibi Con Keri Kiyevə gəlir. Unian-net xəbər verir ki, Con Kerrinin Ukrayna rəsmiləri ilə görüşü ölkədə ciddi beynəlxalq dəstək kimi qiymətləndirilir.
Hələlik Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı ən konkret mövqeni Almaniya kansleri Angela Merkel bildirib. Qeyd edək ki, Merkel son iki gündə Rusiya prezidenti Vladimir Putinlə Rusiyanın Krıma hərbi müdaxiləsi məsələsini iki dəfə müzakirə edib. Rusiya prezidenti ilə nəticəsiz danışıqlarının ardından Angela Merkel ABŞ prezidenti Barak Obama ilə söhbətində Putinin reallıq hissin itirdiyini deyib.
Bu haqda Ağ Evdəki qaynaqlara istinadən “The New York Times” yazıb: “Putin Merkellə telefon söhbətində Rusiyanın Krıma müdaxiləsini “adekvat addım”adlandırıb. Bu danışıqdan sonra ABŞ prezidenti Barak Obamaya telefon açan xanım Merkel ona deyib ki, “deyəsən Putin başqa dünyada yaşayır”. İndi Dəyirmi Kabinetin rəhbəri Ukraynada yaranan durumda hansı addımların daha effektli olacağını dəyərləndirir. Çünki Rusiyanın Krıma hərbi müdaxiləsi Obam administrasiyasının indiyə qədər qarşılaşdığı konfliktlərdən fərqlənir”.
“The New York Times” yazır ki, iki nüvə dövləti arasında bu cür gərginlik gözlənilməz nəticələrə də gətirib çıxara bilər: “Nüvə silahına sahib köhnə düşmən yenidən soyuq savaş maneralarına qayıdırsa, sonuc daha miqyaslı, çağırışlar daha çətin, səslər isə daha vahid ola bilər. Prezident Obama dünya siyasətinə təsir imkanlarını bir qədər kiçildir. Eks-prezident Viktor Yanukoviç onun Maydandakı dinc vətəndaşlara atəş açmamaq çağırışlarını dinləmədi, Vladimir Putin isə Krıma hərbi müdaxilədən çəkinmək tövsiyələrinə məhəl qoymadı. Ona görə də indi Obama fərqli mövqe ortaya qoymalıdır. Bununla belə onu da bildirək ki, hələlik Vaşinqton administrasiyasından heç kim Krımda Ukraynanın xeyrinə hərbi əməliyyatlara dəstək tərəfdarı olduğunu bildirməyib. Hələlik ABŞ prezidenti G8 liderlərinin Soçi görüşünə hazırlıqları dayandırmalarına nail olub. Eyni zamanda Vaşinqton Ukraynaya dəstək və Rusiyaya qarşı iqtisadi sanksiyalar üzərində işləyir”.
“The New York Times” məqalədə ABŞ-ın çözüm planlarından da söz açıb: “Prezident Obama prezident Putinə təklif edib ki, Krımda rusdilli əhalinin təhlükəsizliyinin təmin edilməsi ilə beynəlxalq sülhməramlı qüvvələr məşğul olsun. Baxmayaraq ki, prezident Obamanın köməkçilərin ona belə bir təhlükəsinin olmadığını və bu haqda deyilənlərin Rusiyanın uydurması olduğunu bildiriblər”.
ABŞ artıq Rusiya rəsmilərinə qarşı sanksiyalara başlayıb. Rusiya xəbər qaynaqları bildirir ki, martın 3-də Rusiya Kənd Təsərrüfatı Nəzarəti İdarəsi təmsilçilərinin ABŞ-a gedişinə qadağa qoyulub.
Qeyd edək ki, martın 3-6-da Vaşinqtonda ABŞ, Rusiya və Qazaxıstan kənd təsərrüfatı nazirliklərinin üçtərəfli görüşü keçirilməli idi. Uçuşa 1 gündən də az zaman qalmış ABŞ-ın Rusiya böyükelçiliyindən nümayəndə heyəti üzvlərinə elektron poçt vasitəsi ilə səfərin məqsədəuyğun olmadığı və ləğv edildiyi haqqında bildiriş daxil olub. Qazaxıstan təmsilçiləri isə ABŞ-a öncədən müəyyən edilən qrafiklə yola düşüb.
Ekspertlər Vaşinqtonun bu addımını artıq rəsmi Moskva təmsilçilərinə qarşı sanksiyaların başlaması kimi dəyərləndirib.
Martın 3-də NATO dövlətləri də Ukrayna ilə bağlı fövqəladə toplantı keçirib. Yığıncağın qərar belədir – Rusiya öz qoşunlarını Krımdan dərhal geri çəkməli, bütün işğal planlarını dərhal dayandırmalıdır. NATO bu məsələdə Ukraynanın mövqeyini birmənalı müdafiə edir.
ABŞ prezidenti Barak Obama və İngiltərənin baş naziri Devid Kemeron isə Rusiyanın Krım ərazisindəki hərəkətlərini qeyri-məqbul hesab edir. Musavat.com-un xarici mənbəyə istinadən verdiyi xəbərə görə, belə bir nəticəyə siyasətçilər telefon danışığı zamanı gəliblər.
Hər iki lider prezident Putini xəbərdar edib: “Əgər rus qoşunları yaxın saatlarda Krımdakı bazalarına qayıtmasa, Rusiya böyük itkilərlə üzləşəcək”.
Obama və Kemeron həmçinin, konfliktin lokallaşdırılması üçün Ukrayna və Rusiya arasında birbaşa dialoqun vacibliyini də vurğulayıblar.
UNİAN agentliyi isə son dərəcə maraqlı bir məlumat yayıb. Məlumatda deyilir ki, ABŞ prezidenti Barak Obama Ukraynaya hərbi müdaxilənin qarşılığında Rusiyaya qarşı hərbi xarakterli addımlar atmağı təklif edib. Bu barədə UNİAN dövlət katibi Con Kerriyə istinadən məlumat yayıb.
Xəbərə görə, Ağ Ev qəti addımlara hazır olduğu barədə bəyan edib. Eyni zamanda Vaşinqton konfliktin hərbi qarşıdurma olmadan yoluna qoyulacağına ümid edir.
Moskvaya qarşı əsas təsir variantı kimi ABŞ iqtisadi sanksiyaların tətbiqini görür. “Rusiya “Böyük səkkizlər”in Soçi sammitindən məhrum ola bilər. Situasiya dəyişməsə, bu ölkə hətta G8-dən çıxarılacaq”, – deyə Kerri bildirib.
Dövlət katibi həmçinin, vacib məsələlərdən biri kimi, ABŞ Konqresinin Ukrayna iqtisadi yardım paketi hazırlamağın vacibliyini qeyd edib.
Qeyd edək ki, Rusiya artıq iqtisadi cəhətdə itkilərini verməyə başlayıb. Rus rublu dollara və avroya nisbətdə kəskin və dramatik düşüşə başalayıb.
musavat.com