Dövlət başçısı Prezident Administrasiyasının binasında işləyənlər üçün sərəncam verib. Orda yazıb ki, gərək işçilər axşam otaqdan çıxıb gedəndə işıqları söndürsünlər, nəticədə ana vətənimiz elektrikə qənaət eləsin, müdafiə qüdrətimiz artsın, ermənilərin axırıncısı da qaçsın.
Zarafat edirəm, hər halda, orda işləyənlər işıqları söndürmək qaydalarını bilərlər. İl uzunu o qədər camaatın işığını söndürürlər, evləri xaraba qoyurlar ki… Sərəncam kompüterlərə aid imiş. Prezident yazıb ki, hər bir işçi kompüteri söndürsün, sonra da tokdan çıxartsın. Əks halda, xarici kəşfiyyat idarələri, ölkəmizi sevməyən qüvvələr (açığı, mən biləni heç bizi sevən qüvvələr yoxdur, dünya üzü ancaq bizi sevməyən qüvvələrdən ibarətdir), ermənilərin dəyirmanına su axıdanlar, o cümlədən bu yaxında Tovuzda tutduğumuz 89 yaşlı diversant Mamikon kirvə dövlət sirlərimizi çırpışdırarmış.
Məxfilik mütləq qorunmalıdır. Dövləti dövlət eləyən onun məxfiliyidir. Məxfi xidmətləridir. Üzdə görünən şeylər boş şeylərdir. Məsələn, camaat 18 plyus kinolara niyə maraq göstərir? Məxfiliyə görə! Açıq məlumatlar olsa heç baxan olmaz – çimərlikdə təxminən bu cür effekt alınır.
Ümumiyyətlə, kaş dünyada hər şeyin içinə baxmaq imkanları olaydı. Yoxsa qıraqdan baxırsan, bilmirsən içəridə nə gedir. Təzəlikcə mənim başıma bu xüsusda bir əhvalat gəlib, istəyirəm sizinlə bölüşüm. Həm də qonorar olsun, çəkdiyim xərclərin bir hissəsi qayıtsın.
Fevral ayı girəndə analoqu olmayan şaxtalar Bakını vurdu, bizim də su xətlərimiz dondu. Düz 8 gün su gəlmədi. Ancaq qar, buz əriyəndən sonra da suyumuz gəlmirdi, usta çağırdıq, yalan olmasın, girdik borunun içinə. Sən demə, borunun içərisində hər cür zir-zibil yığılıbmış, şaxtanın da təsirindən bunlar qopub, toplanıb bir yerə, borunu bağlayıb. Borudan tapdığımız bəzi əşyaların qısa siyahısı: kosmosa uçurtduğumuz peykin qırmızı lentindən bir cındır parçası, kənd toyuğunun yumurtasının qabıqları, aeroport yoluna döşənən sement və çınqıldan hissələr, 2011-ci ildə Bakıda keçirilən hərbi parad zamanı milli tankımızın altından düşmüş dəmir bolt, Siyavuş Novruzovun tramvay altında qalmış “zaçotkası”nın qalıqları, “Azərsu” şefi Qorxmaz müəllimin qohumlarına aid tender məlumatları, MTN-in NİDA-çı gənclər üçün nəzərdə tutduğu narkotik maddə bürümləri və sairə. Çoxlu əlvan metallar, polad məmulatları da tapıldı, bunları təhvil verib pul aldıq. Həmin pulu Artur müəllimə yardım fonduna, yaxud muğam müsabiqəsinin büdcəsinə yönəltdim.
Ancaq su borusundan bir kitab da çıxdı, usta ilə uzun müddət mübahisə elədik ki, bu nə kitabıdır, çünki bəzi səhifələrini su xarab günə qoymuşdu. Demək, usta deyirdi bu, dahi rəhbərimizin fəaliyyətindən bəhs edən “Qurtuluş. Mən Surəti necə qaz yerinə qoydum” tarixi epopeyasından bir hissədir. Mən isə bu kitaba baxan kimi bunun indi deputatxana spikeri işləyən Oqtay Əsədovun “Azərsu” idarəsində müdir vəzifəsində çalışarkən Dünya Bankından qapazladığı 150 milyon dollar kreditə həsr olunan “Suyu ver suçuya, bir butulka da üstəlik” kitabı olduğunu anlamışdım. Oqtay müəllim bu idarənin anasını ağlatmasaydı, heç onu deputatxana müdiri qoyardılarmı?
Əlbəttə, indiki müdir Qorxmaz müəllim bu templə çalışsa onun gələcəkdə ən azı deputat yeri durur. Bu millət onun suyunu bulandıranlara, evini yıxanlara, yolunu kəsənlərə, anasını… ağladanlara tarixən böyük hörmət bəsləmişdir.
Hələ indi yaxşıdır, qabaqlar suyun qabağını kəsən əjdahaya hər həftə şəhərin ən qəşəng qızını aparırmışlar.