Hakimiyyət tez-tez bəyan edir ki, bizim öz yolumuz, öz standartlarımız vardır. Hətta ötən illərdə dövlət başçısı da bunu xüsusi qeyd eləmişdi, demişdi Azərbaycan standartları dünyada məşhurlaşır, artıq biz dünya standartlarına deyil, dünya bizim standartlara çatmağa çalışır. Gözəl sözlər idi, lakin şəxsən mənə qaranlıq qalmışdı ki, bu fikirləri səsləndirərkən prezident nə üçün gülür. Bəlkə zarafat elədiyini uca xalqımıza çatdırmaq istəyirdi.
Öz standartlarımız nə deməkdir və dünyada milli standart olaraq nə başa düşülür? Loru dillə yazsaq, metr dünyanın hər yerində metrdir, 100 santimetrdir və sən öz milli metrini yaradıb burda 100 santimetrin 1 metr yarım olduğunu deyə bilməzsən (Əslində millimetr yaratmaq da olmaz, çünki bunu da səndən qabaq qayırıblar, 1 millimetr 0,001 metr, yaxud metrin mində bir hissəsidir və qısa yazılışı eynilə bizim deputatxana kimidir: mm).
Camaat belə standartların etalonunu da qayırıb, yanılmıramsa Fransanın Sevr adlanan şəhərində bir yerə yığıblar. Kim metr, kiloqram-filan standartı almaq istəsə gedir o şəhərdəki metrlə, tərəzi ilə ölçür, dəqiq ölçüsünü götürüb cəhənnəm olur öz xarabasına.
Eyni zamanda əsrlərin dərinliyindən gələn milli ölçü vahidləri də vardır ki, bunları sən firəngə başa sala bilməzsən. Bunu ancaq milli insanlar qanırlar. Məsələn, görürsən biri o birinə deyir: “Sənin yeddi arxa dönəninə lənət olsun!”. Bu, uzunluq vahididir. Özəlliklə dövlət idarələrimizdə çətinliklə üzləşən vətəndaşlar arasında çox işlənir. Yaxud, ağırlığı ölçmək üçün görürsən millət deyir: “Bir barmaq qatıqdan ötrü tuluğu yırtmazlar”.
Belə sözlərimiz çoxdur: pud, batman, arşın, analoq, mövqe, bir az yavaşlamaq… Heyf ki, bu milli standartların çoxu unudulur, yaddan çıxır gedir. Halbuki biz bunları toplamalıyıq, nəsillərdən nəsillərə ötürməliyik. Neft-qaz tükənəcəkdir, lakin millətin dilindəki standartlar yox. Millət yoludur, haqq yoludur tutduğumuz yol, Ey xalq, yaşa, ey sevgili millət, yaşa, var ol! Axırıncı şeir ayrı yazıdan yanlış düşdü bura, ancaq yola verin getsin. Guya həmişə düzgün yazılar oxuyursunuz da bə!?
Standartlar belə vacib şeydir. O üzdən mən son aylarda Dövlət Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən xeyli şikayətlər eşidirəm. İş adamları, dükan-bazar işlədən camaat deyir bizi bu idarə boğaza yığıbdır, gündə gəlib pul yığırlar.
Yeri gəlmişkən, bizim bu dövlət idarəsinin adı çox əcaibdir, əsl milli standartdır. Qısaltması da qəşəng səslənir: DSMPDK. Elə bil idarədən gəliblər, səndən rüşvət istəyirlər, sən də kəkələyirsən. İdarənin internet səhifəsinin adı isə zarafata oxşayır: azstand-up.gov.az. Çünki stand-up ingilis dilində elə zarafat deməkdir. Bu saytı kim düzəldibsə ona eşq olsun!
Qayıdıram şikayətlər mövzusuna. Buyurun, oxuculardan Amil Quliyev yazır: “M.Q. adında biri var. (Əslində oxucu adamın adını tam yazıb, lakin mən onun mövqeyini öyrənmədiyim üçün adını çəkmirəm – Z.H.). Bu adam əvvəllər Vergilər Nazirliyində yüksək vəzifə tuturdu. İnanmazsınız, ancaq həqiqətən belədir: nazir F.Məmmədov bu adamı sahibkarlara qarşı aqressiv, haqsız, insafsız hərəkətlərinə görə işdən uzaqlaşdırdı. Sonra M.Q. Qaradağ icra hakimiyyəti başçısının müavini təyin edildi. İnanın, bu vəzifədən də onu yuxarıda sadaladığım xasiyyətlərinin üstündə uzaqlaşdırdılar. İndi bu adam gəlib Standartlaşdırma və Metrologiya Komitəsində mühüm vəzifə tutub. O vaxtdan sahibkarların qara günləri başlayıb. Məsələ belə qoyulur: vergi işçiləri yoxlama apardıqları obyektlərdən illik dövriyyənin neçə faizini alırsa, standartlaşdırma komitəsi də bu qədər tələb edir. Məsələn, yanacaqdoldurma məntəqələri hər ay komitəyə 1000-1500 manat ödəməlidir. Səbəbini soruşanda M.Q. deyir ki, vergi ala bilər, biz yox? Bu da ”sahibkarlara kömək”.
Sonda qəzetçilik standartlarına əsasən bildirirəm ki, DSMPDK-nın da mövqeyini növbəti yazılarımda açıqlamaq imkanları vardır. Heç bir ödənişə də ehtiyac yoxdur. Biz vergi idarəsi-zad deyilik ki?