Dövlət başçısının sədrliyi ilə Bakıda regionların inkişafına həsr olunan iclas keçirilmişdir. Dogrusu, regionlar hazırda elə inkişaf edib ki, yollar buz bağlayıb, getmək çətindir, o üzdən regionlara aid tədbirin Bakıda keçirilməsinə müsbət yanaşırıq. Ona qalsa olimpiadada xizək sürənimizin adı Qaya Bassani-dir, heç milliyətini də düz-əməlli bilmirik. Hərçənd, soyadında “basmaq” feli olduğundan tərtəmiz azərbaycanlı olması böyük ehtimaldır, çünki yazıqları basdalamaq, gopa basmaq bizdə milli adət-ənənədir. İnsafən, qədim dövrlərdə basmaq igidlik sayılırdı, müsbət söz idi, kişilərə Basat adı qoyurdular. Ancaq zəmanə dəyişib, indi Təpəgöz olmaq aktualdır.
Mövzudan uzaqlaşmayaq, yoxsa regionlara gedib çıxarıq, orda donub ölərik. İqtisadiyyatın 99 faizi Abşeron yarımadasında cəmləşibsə, regionların inkişafından danışmaq insandan xüsusi istedad tələb edir. Buna ədəbiyyatda “yazıçı fantaziyası” deyirlər. Sevindirici haldır ki, bizim dövlət rəhbərliyində bu fantaziya vardır. Sadəcə, bunları toplayıb roman yazmaq lazımdır.
Eyni zamanda, sözügedən (qəsdən yazıram, bəzi jurnalistlər bu əcaib “sözügedən” sözü ilə bezdiriblər) iclasda səslənən bəzi fikirlər qəlbimizdə təlaş yaradır.
Məsələn, dövlət başçısı icra başçılarının, dövlət qulluqçularının necə olması haqda xarakteristika vermişdir. Sitat: “Hər bir dövlət məmuru təmiz işləməlidir, xalqla bir yerdə olmalıdır, təvazökar, işgüzar və vətənpərvər olmalıdır, rüşvət almamalıdır, özünü xalqdan üstün tutmamalıdır, işlədiyi bölgələrdə, sahələrdə hörmət qazanmalıdır və Vətənə sadiq, sədaqətli olmalıdır. Heç bir xarici dairənin təsiri altına düşməməlidir. Bax, budur əsas prinsiplər. Hər bir dövlət məmurundan tələb edirəm ki, bu prinsiplərə əməl etsin”.
Təmiz işləmək, təvazökarlıq və hörmət kimi şeyləri başa düşdüm, ancaq bu “xalqla bir yerdə olmaq” hissəsi şəxsən məni narahat edir. Bax, bu saat su xətləri donub, dövlət qayğısı sayəsində üzümüzü “Sirab”la yuyuruq, çayı “Bonaqua”dan qaynadırıq, tualeti “Borjomi” ilə təmizləyirik (vətənpərvərliyə görə ayaqyoluna milli sularımızı axıda bilmərik!). Əgər Binəqədinin icra başçısı Xaləddin müəllim prezidentin tapşırığından nəticə çıxardaraq xalqla bir yerdə olmaq fikrinə düşsə, durub bizə qonaq gəlsə, mən ona suyu necə çatdıracağam? Məncə xalqla bir yerdə olmasalar da olar. Bu punktu xahiş edirik çıxartsınlar. Bir az ağır oldu.
O cümlədən, məmurlardan xarici dairələrin təsiri altına düşməmək tələbi imkansız görünür. Adam nəinki xarici dairələrin təsiri altına düşür, hətta o cür dairələrin təsirinin üstündə gəzir! İzah edim.
Məsələn, nazir Vasif müəllimin “NaxAZ” avtomobilindən sürməli deyil ki? Məcburdur bahalı dairəvi təkərləri olan xarici maşın sürsün. Bu altdakı xarici dairə oldumu? Ay sağ olasan. İndi keçək üstdəki xarici dairəyə. Bu məmur yazıq bir gün ya Niaqarada gəzəndə özünü soyuğa verir, ya “Viaqara”nın (kim bu sözü yanlış yazdığımı fikirləşsə, deməli, bu dərmandan istifadə eləyir) təsirindən azarlayır. Bəs müalicəni harda keçməlidir? Bəlkə dərənin dibindəki Füzuli rayon Diaqnostika Mərkəzində? Təbii ki, məmurlar xalqımızın çəkidə ağır, qiymətdə də ağır igid oğullarıdır, onları Almaniya, Amerika, İsrail klinikalarına göndərmək borcumuzdur. Orda da dairə şəklində işığı salırlar bunun qarnına, ora-burasına, müayinə edirlər. Bu da olur xarici dairənin yuxarısı.
Nəsə, bu dairə uzun söhbətdir, bir dəfə yadıma salın danışaram.
İclasda rüşvətxorluqla mübarizənin qabaqdan gələn illərdə kəskinləşəcəyi də anons edilib. Mən bundan belə nəticə çıxartdım ki, gələcəkdə müxalifətin cibinə narkotik yox, pul atıb tutacaqlar.
Hələlik müqavimət göstərə bilməsək də zövq almağa davam edirik. Gələn həftə Samuxda Bakının baş planının müzakirəsi gözlənilir.