Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun əməkdaşları Amerikanı kəşf ediblər. Zarafat edirəm, məsələ Amerikada deyil. Ora bizim nəyimizə lazımdır? Özümüzün milli inkişaf yolumuz vardır.
Uzun sözün qısası, alimlərimiz Bakının sərhədlərini dəyişdirmək təklifi irəli sürmüşdür. Deyir, şəhər genişlənib, misal üçün, daha Biləcəriyə qəsəbə kimi baxmaq lazım olmaz, hazırda Biləcəri Bakının konkret tərkib hissəsidir. Sitat: “Biləcərinin qəsəbə adlandırılması düzgün deyil. Bura yaşayış massivi olmalıdır”. Ay sənin dilinə qurban olsun Binəqədi rayon icra hakimiyyəti! Nə gözəl deyibdir! Doğrudan da Biləcəri qəsəbə sayıldıqca bizim burda yaşamağımız it zülmünə dönür. İşıq, qaz, su, yol, məktəb, palçıq, yaz, yay, payız, qış, polis, molla, dükan… Problemlər çoxdur. Bura yaşayış massivi olmalıdır! Yaşamaq istəyirik!
Eratosfen (bu kişi coğrafiya elminin atası olmuşdur) irsinin layiqli davamçısı olan milli alimimiz Zakir Eminov daha sonra demişdir: “Bakının Zabrat və Pirşağı qəsəbələri arasında yerləşən Abşeron rayonunun Məhəmmədi kəndi xeyli genişləndiyi üçün bura artıq kənd deyil, qəsəbə adlandırılmalıdır. Eyni zamanda, Məhəmmədi Abşerona deyil, Bakıya tabe olmalıdır”.
Bu, coğrafiya alimlərimizin ilkin araşdırması deyil, hələ keçən il ordan daha maraqlı, qəlb oxşayan açıqlama verilmişdi. İnstitutun direktor əvəzi Ramiz müəllim demişdi ki, Avropanın sərhədləri Zirə kəndinin içindən keçir. O vaxtdan zirəlilər özlərini Avropa Birliyinin gələcəyi üçün qarantiya kimi görürlər. Bəs necə, azğın asiyalıları buraxsan gedər intibahı məhv edər. O araşdırmanın başqa bir detalı Binəqədi rayon sakini olaraq şəxsən mənə zövq vermişdi, alim deyirdi ki, Binəqədi tam Avropa ərazisidir.
Sözümün canı odur ki, bu dünyada hər kəs öz sərhədlərini tanımalıdır. Arealını bilməlidir. Yoxsa gedib ayrı canavarın ov sahəsinə girərsən, o da, misal üçün, zeytunluqda səni basar döyər, jurnalist vəsiqənə də baxmaz. Cəngəllik tariximizdə o qədər belənçik əhvalatlar olubdur ki…
Elə deputatxanaya şəkilçəkən telefonla girmək qadağası da sərhədlə bağlıdır. Cəlal əmi demişkən, almısan mandatını, səsini kəs, otur yerində. Məsləhət bilinsə, dövlətçilik maraqlarımız, suveren demokratiyamız, milli mentalitetimiz və muğam sənətimiz tələb edərsə, deputatlar öz areallarına, iş yerlərinə ayaqqabısız, tumançaq da buraxıla bilər. (Məsələn, Zimbabve deputatxanasında bu cür qayda var). Yoxsa sən mühafizə xidmətinin qoyduğu qanuna tabe olma, gəl qapıda dava sal ki, iş bilmişəm… Nə olsun deputatsan? Mühafizənin qanunu sənin qayırdığın qanundan üstündür. Get düyməni bas. Bunu əlindən alan yoxdur ki? Bizim ölkədə deputatların düymə basmaq azadlığı toxunulmazdır, müqəddəsdir. O dərəcədə azadlıq var ki, istəsən başqalarının da yerinə düymə basa bilərsən. Yaşayın da bə.
Yazını daimi oxucularımızdan Elçin Əliyevin elə bu sərhəd mövzusundan bəhs edən, “Koroğlu” metrosunun üstündəki parka ithaf olunan gözəl şeiri ilə bitirirəm. İlk dəfə burda çap olunur:
KOROĞLUDA PARK
Parka beş tərəfdən girməyə yol var,
Bir yolu pilləkən, bir yolu hamar.
Hovuzu barduyor, suyu da Şollar,
Koroğlu çağırır “haraya” məni
Bu yollar aparır haraya məni?
Səhərlər baxıram doymuram candan,
Biri sağdan çıxır, biri də soldan.
Padşah da hər səhər keçir bu yoldan,
Bir dəfə aparmır saraya məni.
Bu parka şimaldan çox külək əsir,
Onu dinlədikcə əsəbi kəsir.
Çətin dost olanlar asanca küsür
Dost yoxdur axtarıb, araya məni.
Deyirlər ki, parkda çatışmır yolka,
Qüllə çox yaraşır gecələr parka.
Yoxdu bir bənzəri, yeganə marka,
İşığı az qalır boyaya məni.
Rəqs edir üstündə üç rəngli bayraq,
Hər kəsdə oyadır başqa bir maraq.
Yatmayıb qülləni gəlin qoruyaq
Bu qüllə gətirib buraya məni.