images_dekabr_kose samir sari
Şurikin kinosu yadınızdadırmı, orda ibrətamiz epizodlar var. (“Qafqaz əsiri” filminə bizim kənddə “Şurikin kinosu” deyirdilər). Ali savadlı, ağıllı-başlı, amma bir az sadəlövh Şurik lotu qafqazlıların, indiki dildə desək, tırkasına gedəndən, xoşuna gələn qızı – Ninanı öz əliylə, əğyara verdikdən sonra özünə gəlir və başlayır haqq-ədalət davası aparmağa. Nəticədə yazığın özünü tutub basırlar dəlixanaya. 

 

Bu gündən baxsaq və analiz etsək, deyə bilərik ki, rejissor Leonid Qayday həmin filmdə sovet dövrünün eybəcərliklərini əks etdirib, göstərib ki, bəli, bu rejimdə haqqını tələb edən adamı tutub dəlixanaya salırlar.

 

Ədalət naminə deyək ki, bu üsuldan təkcə sovet və ya sosialist rejimində yox, müxtəlif rejimli bütün ölkələrdə istifadə ediblər və edirlər. Xarici seriallarda da göstərirlər, sərvət uğrunda gedən mübarizədə qohumların bir-birinin üstünə “dəli” adı qoyub psixiatriya dispanserinə basdırması epizodları çoxdur.

 

Amma bir iş də vardı ki, sovet dövründə əsasən dissidentləri, qanunları pozmadan kommunist rejimi əleyhinə qımıldananları belə edirdilər. Hökumət baxırdı ki, adamı tutmaq mümkün deyil, məsələn, iki beşilliyin planının bir beşillikdə yerinə yetirilməsi barədə hesabat veriləndə biri dodaq büzüb, yaxud bic-bic qımışıb. İndi bunu necə tutasan? Amma düşmən olduğu, hökumətə qarşı çıxdığı da göz önündədir. Belə olanda necə azadlıqda qoyasan? Camaatın başını pozar axı. Bu gün öz ölkəsinin mənfur kapitalist dünyasını çökdürməkdə olduğuna inanmayan, ona dodaq büzən adam sabah gedib orda-burda “bu qədər atom bombası düzəltmək nəyə lazımdır” deyə çıxışlar edər. Beləsini nə etmək lazımdır? Əlbəttə, onların da öz yeri var – dəlixana.

 

Dəlidir ki, belə edir. Ağıllı adam hökumətlə hökumətlik etməz, partiya və xalqın bütövlüyünə inanar, hər axşam saat 10-da “Vremya”ya baxar, “Pravda” oxuyar.

 

İntəhası, sovet dövründə bir ara dissidentlərin dəlixanaya basılması praktikası yerimədi. Xaricdən etirazlar gəlirdi, deyirdilər, necə olur, sizdə Nobel mükafatı almağa beş-altı ağıllı adam var, onların da səsi dəlixanalardan gəlir, bu, düzgün deyil. Onda SSRİ-nin dərin ağıllı, müdrik rəhbərləri qərara gəldilər ki, dəlixanaya çox ağıllı adamları basmasınlar, aparıb sərhəddən o tərəfə keçirsinlər, onlar da rədd olub getsinlər. Soljenitsın, Voynoviç, Brodski kimi yazıçılar elə getdilər. Voynoviç hələ də yazır ki, bir şey qalmamışdı, KQB onun başını xarab etmək üzrəymiş.

 

Budur, deyirlər, sabiq səhiyyə naziri, hazırkı dustaq Əli İnsanovu da sovet dissidentləri kimi etmək planı var. Buna səbəb də odur ki, cənab İnsanov özünü məhkəmədə sakit aparmır, dilini dinc qoymur.

 

Hökumətin prizmasına görə, sabiq nazir ağıllı adam olsaydı, aşağıdakıları edərdi:

 

Səmimi peşmançılıq ifadə edərdi;

 

Fərhad Əliyev kimi 8 ildə 27 dəfə əfv ərizəsi yazardı;

 

Seçkilərdə hakimiyyətin rəqiblərinə dəstək verdiyini bəyan etməzdi;

 

Məhkəmələrində bir sıra mətləblərə toxunmazdı;

 

Hakimiyyətə sədaqətli olduğunu bəyan edər, öz tərəfdarlarını YAP liderinin ətrafında birləşməyə çağırardı;

 

Azadlığa çıxdıqdan sonra ziyarətə gedəcəyinə, siyasətlə məşğul olmayacağına dair söz verərdi və s.

 

Bunları etmək əvəzinə İnsanov Avropa İnsan Haqları Məhkəməsi ilə, müxalifətlə, media ilə təmaslar qurur. Sarayda da fikirləşirlər ki, yox, bu düzəlməyəcək, bunun yeri ağzıbirdir.

 

İndi iş belədir ki, Avropa dirəşib, sabiq nazir həbsdən buraxılmalıdır. Bəs bunu necə buraxsınlar? Buraxacaqlar, gedib təşəbbüs qaldıracaq, narazı elektorata müraciət edəcək ki, gəlin mənim ətrafımda birləşin.

 

Ona görə də nə etmək lazımdır? Onu müayinə etmək və imkan varsa, ictimai rəy qəbul edirsə, sabiq dustağın kamerasını palata ilə əvəz etmək gərəkdir. Təki içəridə olsun, ictimaiyyət içini çıxıb çox danışmasın.

 

Ora da elə bir yerdir, 3 gün içəridə olmaq kifayətdir, çıxandan sonra nə qədər ağıllı danışsan da, dost-düşmən deyəcək, fikir verməyin, Napoleonun yanından gəlib.

 

Budur, yeni açılan saytlardan interpress.az belə bir başlıq verib: “Əli İnsanova Devid B. verilcəkmi?”

 

Yox, deyilənə görə, Devid Bekhem yoxdur, Vikoriya B. veriləcək.