Görkəmli sənətkarımız, muğam sənətimizi dünya arenalarında yüksəyə qaldıran, dəfələrlə çempion olub himnimizi səsləndirən Alim Qasımov dünən dəhşətli açıqlama vermişdir. Sənətkar donmaq üzrəymiş. Sitat: “Soyuqdan donuram. Qar yağan gündən işıqlarımız heç bir saat da yanmayıb. Belə də dərd olar? Əgər bu gün də işıq yanmasa, bütün ailə üzvlərimizlə birlikdə donacayıq. Prezidentimiz dönə-dönə deyib ki, qarlı gündə Bakı Elektrik Şəbəkə işləməlidir. Amma mən bu evdə elektrikin yanmağını görmədim. Hara baxırlar bunlar? Belə də işləmək olar? Güzdəkdə xalq donur. Bizə kömək edin” (aznews.az).
Mən bu xəbəri görən anda yadıma keçənilki prezident seçkisi düşdü. O zaman İlham Əliyevin təbliğatı məqsədiylə şoumen Murad Dadaşov bir videorolik hazırlamışdı, çıxış edənlərdən biri məhz Alim Qasımov idi. Qasımov orda deyirdi ki, son illərdə Azərbaycan irəliləyib, inkişaf edib, gözəlləşib, ona görə də gərək xalqımız İlham Əliyevə səs versin.
Çox maraqlı vəziyyətdir. Alim müəllimin YAP saytına intervüsü də var idi, həmin intervüdə sənətkar “Azərbaycanın işıqlı günlərindən” də danışmışdı, deyirdi beynəlxalq aləmdə respublikamızın xoş sorağı gəlir. Bəs indi necə olsun? Sənətkar həmin seçkidən 3-4 ay sonra işıqsız qalıb donsa, bunun sorağı beynəlxalq aləmə yayılsa biabır olmarıqmı?
O üzdən, hesab edirəm gərək Alim müəllim dişini-dişinə sıxıb, yorğana-palaza bürünüb ellə birgə səsini çıxartmayaydı. Bizim Qarabağ dərdimiz var, sən niyə üşüyürsən? Gördün Güzdəkdə işıq sönüb, yığış get beynəlxalq qastrola, Çikaqoda, Parisdə, Mozambikdə, Zənzibarda mahnı oxu, yay gəlib havalar qızanda qayıdardın da bə!
Yeri gəlmişkən, müğənninin respublikamıza yad olması, iqtisadi durumdan bixəbərliyi “Bakıelektrikşəbəkə”nin ona cavabından aydın görünürdü. Sitat: “Xalq artisti əvvəlcə hansı rayonun ərazisində yaşadığını öyrənsin, sonra bizi işləyib-işləməməkdə suçlasın. Güzdək bizim idarənin sahəsi deyil”. Demək biz yaxşı qurtarmışıq, sənətkar keçən il xalqı Balıq Hafizə səs verməyə çağıra da bilərmiş.
Bilirsinizmi, bunlar hamısı daima göylərdə cövlan eləməyin nəticələridir. Muğam oxuyanlarda bu, adi haldır. Adamlar qavalı minib uçurlar, bir ayaqları yerdə olanda, bir ayaqları səmanın yeddinci qatında olur. (Bir növ Van Dammın “Volvo” reklamındakı kimi). Əgər sən bir muğam oxuyanı saxlayıb soruşsan ki, qardaş, özünü yandıran Qarabağ əlilinə qarşı dövlət repressiyasına münasibətin necədir, deyəcəkdir, ey gül, nə əcəb silsileyi-müşki tərin var? Bir az zora salsan, deyəcək, Ey gül, qəmində əşk rüxi-zərdim etdi al, Bildirdi ola surəti-halım səba sana. Düşməz çü şah qürbi, Füzuli, gədalərə, Ol şəhdən iltifat nə nisbət mana, sana. Bu cür vətəndaş mövqeyinin artıq heç bir cavabı yoxdur.
Sözümün canı odur ki, sənətkar elektriksiz qalıb donursa, bu, onun səmalardan yerə enməsinin acı nəticəsidir. Xalqın arasında olmaq istəyibdir. Deyib görüm bu Güzdək camaatı necə yaşayır, nə yeyib-içirlər, odunları varmı, qar yağanda uşaqlar məktəbə kirşə ilə gedirmi?
Xalqın da günahı çoxdur. Alim Qasımov kimi bir sənətkar donsa, səsi daha çıxmasa bizə yaxşı olacaqmı? Ayıbdır! Sabah bəs bizi beynəlxalq arenalarda kim təmsil edəcək, bayrağımızı ucaldacaq? Heç kim. Mənim yadıma başqası düşmür. Uşaq-muşaqlar var, ancaq onların səsində elektrik lap azdır, azacıq qırovdan donub öləcəklər.
Ona görə də hazırda kim özünü yandırmaq istəyirsə xahiş edirik bunu Güzdəkdə, görkəmli sənətkarımızın sobasında eləsin. Həm etirazınızı bildirin, həm də müğənni donmasın.
Yazının sonunda bir ağız da muğam oxuyaq, sənətkara dəstək olsun:
“Övladi vətən qoy hələ avarə dolansın,
Çirkabi-səfalətlə əli, başı bulansın,
Dul övrət isə sailə olsun, oda yansın,
Ancaq mənim avazeyi-şənim ucalsın;
Millət necə tarac olur olsun, nə işim var?!
Düşmənlərə möhtac olur olsun, nə işim var?!”