Musavat.com a istinadən ,həbsdə olan Müsavat başqanının müavini Tofiq Yaqublunun xanımına olan məktunu təqdim edir:
Əzizim Maya, sənə bu məktubu yazmağa başlayanda əvvəlcə bir az tərəddüd etdim. Bizim mentalitet kişinin öz xanımına belə açıq müraciətinə bir az xor baxır axı. Sonra əlimi yelləyib yazmağa başladım. Çünki sən daha vacibsən. Bir də düşünəndə ki, xalqımızın bu gündə olmasının əsas səbəblərindən biri də elə onun mentalitetidir, daha rahat yazmağa başladım.
Məşum avtoqəza haqda “Yeni Müsavat”ın müxbiri Günel Manaflıdan eşitdim. Məhkəmə hələ başlamamışdı. Günel xanım yaxınlaşıb deyəndə ki, narahat olmayın, elə qorxulu bir şey yoxdur, sanki içimdə nəsə qırıldı, amma büruzə vermədim. Xatırlayırsanmı, Nigarın avtoqəzaya düşməsi xəbərini sənin yanında necə sakit qarşılamışdım. Özü də onda mənə “öldü” xəbəri vermişdilər. Özümə həmişə təəccüblənirəm, televizorda dünyanın harasındasa fəlakəti və ya kiminsə ölümün əlindən alınmasını göstərəndə, Lev Leşşenko “Den pobedı” mahnısını oxuyanda, bir yanıqlı aşıq havasına qulaq asanda, idmançımız çempion olanda və s. hallarda qəhər məni boğur, gözüm dolur. Yanımdakılar görüb hiss etməsinlər deyə, üzümü gizlətməyə çalışıram. Ancaq zərbə özümüzə dəyəndə sanki içimdə bir qüvvə mənə “nə olubsa, artıq olub” deyir və dəyanətli olmağa çağırır. Başa düşdüm ki, Günel hadisədən xəbərim olmadığını bilmir. Sonra digərləri də dalbadal deməyə başladılar: avtoqəza, Nərgiz yüngül xəsarət alıb, Xalid bəyin sifəti azca çapılıb, Maya xanım və Çingiz bəy Bakıda Neyrocərrahiyyə xəstəxanasının reanimasiyasındadırlar! Təkcə “Neyrocərrahiyyə xəstəxanasının reanimasiyası” ifadəsi kifayət idi ki, məsələnin nə qədər ciddi olduğunu başa düşüm. Nə olsun ki, deyirdilər qorxma, qorxulu bir şey yoxdur. Vəziyyətin həddindən artıq pis olduğu bir vaxtda mən özüm o sözləri çox adama demişdim. Vəkildən xahiş etdim ki, Nigarla əlaqə saxlayıb son vəziyyəti öyrənsin. Cavab gəldi ki, reanimasiyadasan, yanına heç kəsi buraxmırlar, danışmaq imkanın yoxdur və s. Şübhələrim daha da artdı.
“O anda istəyirdim ki, hakim gəlib mənə ömürlük həbs və ya edam cəzası versin, təki sənə bir şey olmasın, təki sən yaşayasan”
Bir azdan isə hakimiyyətin üzərimdə qurduğu insafsız, mürvətsiz, vicdansız, abırsız, həyasız, ləyaqətsiz və ədalətsiz məhkəmə prosesi başlayacaqdı. O anda istəyirdim ki, hakim gəlib mənə ömürlük həbs və ya edam cəzası versin, təki sənə bir şey olmasın, təki sən yaşayasan. Şükür ki, fasilədə Nemət bəy yenidən Bakı ilə əlaqə saxladı və o, məni tam inandırdı ki, xəsarətləriniz çox ciddi olsa da, artıq ölüm təhlükəsi hər ikinizdən sovuşub. Artıq bir xeyli toxtadım. Belə ağır günündə yanında ola bilmədiyim üçün çox üzülürdüm. Çünki belə vəziyyətdə yanında olmağa borcluydum. Necə ki, hər çətin anımda yanımda olubsan, mənəvi dəstək vermisən. Eh, əziz qadın, bu illər ərzində sənə nə qədər sitəmlər yaşatmışam. Hələ iki körpə uşaqla uçuq bir daxmada ac-susuz buraxıb Qarabağ uğrunda döyüşlərə gedəndə başa düşürdüm ki, qəhrəman mən yox, sənsən. Məni müharibəyə uğurlayarkən dediyin “öncə Vətəndir” sözlərini insanlar, ancaq romanlardan oxuyur, filmlərdən eşidirlər. Çox keçmədi ki, Qarabağ cəbhəsini diktaturaya qarşı cəbhə ilə əvəzləməli oldum. Sən yenə həminki dəyanətində və sədaqətində idin. Hər etiraz aksiyasından döyülüb, şil-küt edilmiş şəkildə evə qayıdanda yaralarıma məlhəm qoyaraq, mənə təsəlli verirdin, ruhdan düşməməyə çağırırdın. Dalbadal həbslər sənə həbsxanaların, polis bölmələrinin yollarını öyrətdi. Nə maddi sıxıntı, nə uçuq daxmanı vecinə alırdın, bircə qayğın var idi: məni ruhdan düşməyə qoymamaq! Neçə dəfə olub ki, Müsavatın tədbirinə, müxalifətin etiraz aksiyalarına gedəndə evdəki sonuncu manatı cibimə qoyub, “bizdən narahat olma, götür, gərəyin olar” deyibsən.
Demokratiya uğrunda apardığım mübarizə illərimizi bir ucdan üyüdüb aparırdı. Sən isə yorulmaq, usanmaq əvəzinə, daha da mətinləşir və bir demokratiya əzabkeşinə çevrilirdin. Yalnız evliliyimizin 26-cı ilində həbsimdən bir az qabaq mənzilimizə əl gəzdirib, rahat şərait yarada bildik. Fəqət bu rejim sənin kimi demokratiya əzabkeşini rahat yaşamağa qoyardımı heç. Nigar həbs olunanda fikirləşdim ki, daha buna dözə bilməyəcəksən, mətanətin sarsılacaq, dözümün zəifləyəcək, amma belə olmadı. Sənə toxtaqlıq, ürək-dirək vermək istəyincə məni qabaqladın. Dedin ki, qətiyyən əyilmək olmaz, əyilsək namərdlər güləcəklər, şadlıq edəcəklər. Çox düz deyirsənmiş. Əyilmədiyimizi, sınmadığımızı görən namərdlər bu dəfə məni də həbs edib, Nigarın saxlandığı zindana göndərdilər. Daha buna heç kəs dözə bilməzdi, amma sən dözdün.
“Hələ iki körpə uşaqla uçuq bir daxmada ac-susuz buraxıb Qarabağ uğrunda döyüşlərə gedəndə başa düşürdüm ki, qəhrəman mən yox, sənsən”
Əziz demokratiya əzabkeşi. Etiraf edirəm ki, mən özüm də bir az tərəddüd etdim, düşündüm ki, qadın bu qədər yükə tablana bilməz, sən tabladın. Bir evdən iki məhbusun – ata-bala məhbusun – adına sovqat hazırlayıb həbsxanaya daşımağa başladın, yollarda qalmışdın. Bu yandan da məni Gəncə həbsxanasına köçürtdülər. Məni yenə tək buraxmadın, nə sovqatım azaldı, nə də ki, görüşlərim. Nəhayət, yolun Şəki Ağır Cinayətlər Məhkəməsinə düşdü. Bura da çatdırırdın. Deyirdin, yanında olmalıyam ki, özünü arxalı və qətiyyətli hiss edəsən. Beləliklə, 21 yanvar tarixli məhkəmə prosesinə də gəlmişdin. Məhkəmədəki haqsızlıq, xüsusən də öyrədilmiş üzəduranların həyasızlığı hər kəsi, o cümlədən sizləri də bərk əsəbiləşdirmişdi. Dəmir barmaqlıqlar arasından sizi məhkəməyə öz maşınında gətirmiş dostum Çingiz bəyin hirsindən necə qaraldığını aydınca görürdüm. Elə o zaman düşünürdüm ki, görəsən, o bu cür əsəbi halda maşını necə sürəcək. Sonra məlum oldu ki, narahatlığım əbəs deyilmiş İlk baxışdan sıradan bir yol-nəqliyyat hadisəsi kimi görünə bilər, əslində isə siz bu rejimin terroruna tuş gəlmişdiniz. Bunu sübut etmək çox asandır. Əgər mənfur rejim məni şərləyib həbsə atmasaydı sən evində rahat oturub ailənin qayğısını çəkərdin. Əgər siyasi sifarişlə keçirilən məhkəmədə o cür haqsızlıqlar, o cür həyasızlıqlar olmasaydı nə Çingiz bəy, nə də siz əsəbiləşərdiniz. Aydın məsələdir ki, əsəbiləşmiş sürücü, əsəbiləşmiş sərnişinlərlə dolu maşını normal idarə edə bilməzdi. Və elə də oldu.
Öyrəndim ki, hadisə İsmayıllı rayonu ərazisində baş verib. İşə bax bir, şər qəzası da mənim başıma İsmayıllıda gəlmişdi. Bəli, trafik canavarı səni, hakimiyyət canavarı isə məni İsmayıllıda yaxaladı. Nə qəribə və təsirli təsadüfdür bu. Hələ tam dəqiqləşdirə bilməmişəm, burada mənə dedilər ki, sizin qəzaya uğramış maşından çıxarılmanızda, İsmayıllı xəstəxanasına, oradan da Bakıya çatdırılmağınızda İsmayıllı İH və polisi çox fədakarlıq ediblər. Onlara və sizə kömək etmiş bütün insanlara öz sonsuz təşəkkürümü bildirirəm. İşə bax bir, məni şərləyən, yalandan üzümə duran, yalançı briqadası təşkil edən İsmayıllı polisi səni orada ölümün pəncəsindən alıbmış. Yenə deyirəm, bu xəbərin nə qədər doğru olduğunu, doğrudursa həmin polislərin kim olduğunu bilmirəm. Ancaq bir şeyi bilirəm ki, həmin polislər tamamilə başqa polislərdir. Çünki mənin üzümə duran polislər vicdanını, ləyaqətini itirmiş, insanlıqdan çıxmış binamus varlıqlardır. Heç bir yaxşı iş görməyə qadir deyillər. Onlar pisliklər üçün yaranmış pisliklərdir.
Əzizim, fikirləşdim ki, çətin günündə yanında ola bilmirəmsə, heç olmasa sözlərimlə sənə həyan olum. Bilirəm, bir balaca dirçələn kimi yenə özünü unudub, mənim qayğımla yaşamağa başlayacaqsan. Sənə şəfa diləyirəm! Tez sağal. Sifarişli məhkəmə barəmdə sifarişli hökm çıxarmağa hazırlaşır. Saxta hökm oxunan gün istəyirəm sən məhkəmə zalında olasan və görəsən ki, onu necə mərdi-mərdanə qəbul edirəm. Həm də qoy görsünlər ki, demokratiya əzabkeşi bir qadın da bu saxta və ədalətsiz hökmü necə vüqarla qəbul edəcək.
22 yanvar 2014-cü il
Şəki Ağır Cinayətlər Məhkəməsi