Erməni diasporu Bakıda həbsdə olan separatçı biznesmen Ruben Vardanyanın azad edilməsi üçün beynəlxalq kampaniyaya başlamaq niyyətindədir. Belə ki, ermənilər Bakıda həbsdə olan separatçıların işinin məhkəməyə göndəriləcəyinə ümid edirmiş. Onların planına görə, separatçıların işi məhkəməyə gedərsə, Bakıya qarşı beynəlxalq təzyiq kampaniyası təşkil edərək, separatçıların azad edilməsinə nail ola bilərlər. Lakin bununla bağlı ümidləri ölüb. “Hraparak” nəşri iddia edir ki, Vardanyan və digər separatçıların saxlanma müddəti uzadılacaq və məhkəmə prosesinin başlanması vaxt alacaq. Nəşrin iddiasına görə, noyabrda Bakıda keçiriləcək COP29 tədbiri ərəfəsində Azərbaycan belə məhkəmələrin keçirilməsini istəmir. Erməni diasporu və lobbisi isə separatçı biznesmeni azad etməsi üçün Azərbaycana təzyiq etmək məqsədilə COP29 ərəfəsində Vardanyanla bağlı beynəlxalq kampaniyanı gücləndirməyi planlaşdırır.
Erməni diasporu bu kampaniya ilə nəyəsə nail ola bilərmi? Onların bu addımı R.Vrdanyanı Bakıdakı təcridxanadan, ədalət mühakiməsindən, cəzadan xilas edə bilərmi?
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Medianews.az-a açıqlamasında bildirib ki, COP29 ərəfəsində ikili standartlarda ehtiva olunan hücumlar barədə bəzi məlumatların tirajlanması Azərbaycan üçün gözlənilməz deyil.
Deputatın sözlərinə görə, Azərbaycan proseslərin istənilən istiqamətdə inkişafına, istənilən təhdidi aradan qaldırmağa hazırdır: “Prezident İlham Əliyev fevralın 14-də andiçmə mərasimində bildirmişdi ki, “Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror tədbirləri zamanı sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar. Əgər kimsə hesab edir ki, bizdən əl çəkəcəklər, səhv edir. Biz hazır olmalıyıq, səfərbər olmalıyıq”. Həqiqətən də, ötən dövr ərzində müşahidələr göstərir ki, dövlətimizin başçısı bu qənaətə gəlməkdə nə qədər haqlıdır. Bu mənada, COP29 ərəfəsində ikili standartlarda ehtiva olunan hücumlar barədə bəzi məlumatların tirajlanması bizim üçün gözlənilməz deyil. Azərbaycan proseslərin istənilən istiqamətdə inkişafına, istənilən təhdidi aradan qaldırmağa hazırdır. Separatçı Ruben Vardanyanın azad olunmasına dair çağırışlar da, xüsusən bu məsələnin insan haqları pərdəsi altında beynəlxalq xarakterli kampaniyaya çevrilməsi planı da, heç şübhəsiz, bu prosesin tərkib hissəsidir. Məlumdur ki, Ermənistan vətəndaşı olan Ruben Vardanyan çoxsaylı terrorçuluq cinayətlərinin törədilməsinə dair səhih faktlara istinad edən şübhələr əsasında yaxalanıb və hazırda ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-1, 279.3 və 318.1-ci maddələri ilə cinayət təqibi həyata keçirilir. İstintaq hələ başa çatmasa da, əldə olunan təkzibedilməz sübutlar göstərir ki, Vardanyan Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmiş, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmiş, Qarabağdakı separatçı rejim daxil olmaqla, bütövlükdə terrorçuluğu maliyyələşdirmişdir”.
Millət vəkili B.Məhərrəmov vurğulayıb ki, bu gün hər nə məqsədlə olur-olsun, Vardanyanın azadlığını tələb etmək, yaxud bu istiqamətdə kampaniyaya başlamaq terrora açıq dəstəkdir. Deputatın qənaətincə, bu, pis presedent yaradaraq ciddi fəsadlara yol aça bilər: “Bu prosesə hər hansı formada dəstək verən, yaxud ərazisində şərait yaradan istənilən dövlət birmənalı şəkildə terror dövləti olduğunu göstərmiş olacaq. Əlbəttə, ötən dövrün təcrübəsi göstərir ki, Azərbaycanın iradəsinə təsir etmək mümkün deyil. O cümlədən də heç bir beynəlxalq subyektin nə Vardanyanın cinayət təqibi üzrə, nə də hər hansı digər bir məsələdə Azərbaycanın iradəsinə təsir etməyə nə gücü, nə də imkanı çata bilməz. Üstəlik Azərbaycanın qlobal miqyasda artan nüfuzu imkan yaradacaq ki, terrorçuya və terrora dəstək verən istənilən beynəlxalq subyekti ifşa etsin. Hər kəs açıq şəkildə bilsin ki, məsələdə canfəşanlıq edəcək istənilən tərəf davranışlarından doğacaq nəticələrə və ala biləcəyi zərbələrə hazır olmalıdır. O ki qaldı Vardanyanın özünə, Azərbaycan dövləti və vətəndaşlarına qarşı açıq və qəti düşmənçilik mövqeyi tutmuş bir şəxs olaraq, onun cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması təmin ediləcək, ifşa olunaraq məhkəmə qaydasında ədalətli formada cəzalandırılması üçün bütün tədbirlər görüləcək”.
Alpər TURAN