Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin başçısı Anar Məmmədlinin həbsi aktiv insanlarda şok yaradıb. Etiraf edirəm, şəxsən mən yapokratların bu qədər açıq zorakılığa gedəcəyini gözləmirdim.
Səbəbi təkcə Anar bəyin ATƏT səviyyəsində tanınan, təkcə Qafqaz regionunda deyil, dünyanın bir çox bölgələrində səsi-sorağı eşidilən qeyri-hökumət təşkilatı nümayəndəsi olması deyildi. Yapokratlar indiyə qədər çox belə fəal insanları tutublar. Misal üçün, İlqar Məmmədov. Ümumiyyətlə, bu rejimdən hər kəsə qarşı, hər formada repressiya gözləmək mümkündür. Bəs bu gözlənilməzlik effekti nədən yaranıb?
Mən bu haqda çox düşündüm. (Bu özü də maraqlı haldır: artıq repressiya yox, kimə qarşı olması düşündürür. Deqradasiya və bataqlığın o nöqtəsindəyik. Bəzi idiotlar anlamır ki, bundan sonra “Suriya mərhələsi” gəlir). Nəhayət, ağlıma gələn versiyanı burda yazıram: şok yaradan axırıncı adamın həbsidir. İzah edim.
Anar Məmmədli və onun təşkilatı Azərbaycanda həmişə seçkilər üzrə ən tərəfsiz, düzgün, obyektiv rəylərin ünvanı olub. Hər seçkidən sonra həm camaatımız, həm demokratik Qərb SMDT-nin “ağzına baxıb”. “Görək bunlar nə deyir” məntiqiylə.
Anar Məmmədlinin uğurunun sirri onun obyektivliyində, emosiyaya-filana qapılmadan, elmi metodlarla seçkilərə qiymət verməsində, müşahidəçilər şəbəkəsini mükəmməl formalaşdırmasındadır. Maraqlıdır, elə bu obyektivliyi üzündən Anar bəy həmişə iki tərəfli “döyülüb”. Onu iqtidarın repressiya etməsi az deyilmiş kimi (4-5 il qabaq Ədliyyə Nazirliyi qanunsuzluq edərək SMDT-nin qeydiyyatını pozmuşdu), müxalifət də bəyənmirdi. Hər kəs öz arşınını Anar bəyin əlinə dürtmək istəyirdi. Son prezident seçkisində aparıcı müxalifət partiyalarından birinin mətbuat xidməti Anar Məmmədlini hətta xəyanətkarlıqda suçlamışdı! Guya Məmmədli seçki prosesində mütləq bunların rəqəmlərini açıqlamalı imiş.
Bu anlamda mən, taleləri oxşamasın, Anar bəyi xeyli dərəcədə “QHT-lərin Elmar Hüseynovu” adlandırardım.
Gəlirəm sonuncu adam məsələsinə. Söhbət ondadır ki, qabaqlar Azərbaycanda seçki müşahidəçiliyi ilə məşğul olan xeyli insanlar, qurumlar var idi. Yapokratiya onları davamlı şəkildə boğdu, sıradan çıxartdı. Kimini pulla satın aldı, kimini bezdirib ölkədən qaçırtdılar. Müxalifət partiyalarının yerli özəkləri də demək olar məhv edilib, onlar da seçki monitorinqi aparmaq imkanından məhrumdur. Bu mənada, 2008 və 2013 prezident seçkilərinin az qala yeganə yerli müşahidəçisi elə SMDT idi. Şəxsən mən ha fikirləşdim, yadıma ayrı qurum düşmədi.
Açıq deyək, əldə qalan üç-dörd başqa QHT-lər də bu cəncəl siyasi prosesdən uzaq dururlar, ağrımayan başlarına buz bağlamaq istəmirlər. Nəyə gərək, qrantı Azay Quliyevdən alıb bir küncdə xırtıldatmaq mümkünsə…
Oğurluğa gedənlər obyektdəki video-müşahidə kameralarının obyektivini sındırırlar, yaddaşını pozurlar, izi bu yolla itirirlər. Anar Məmmədli seçki prosesinin, Azərbaycanda hakimiyyətin oğurlanmasının müşahidəçisi, görən gözüdür.
İndi seçkiləri müşahidə edən axırıncı obyektiv adamı da zindana salandan sonra hakimiyyət nə edəcək? Daha oğurluğu görən yoxdursa, müəllimələr seçki bülletenlərini tuman başında keçirtməyəcəklər? Bəlkə heç seçki adlanan düşük, iyrənc, səviyyəsiz şouya ehtiyac olmayacaq. Baxan yoxdursa, axırıncı “tamaşaçı” da tutulubsa, kimdən ötrü oynayasan?
Anar Məmmədlinin Bakıda qaz sazişi ilə eyni gündə həbsi də rəmzidir. Avropalılar qaz almaq üçün Azərbaycan rejiminin hər zorakılığına susurlar. Rejim bizi qazla boğur. Avropanın bu “qaz kameralarının” çox da uzaq olmayan tarixini unutması məyusedicidir.
Bir sovet anekdotunu da xatırladım. Partiya rəhbəri Andropov yoldaş əhali ilə görüşür. Arada camaat da sual verir. Vova durub soruşur: “Kolbasa haçan olacaq?”. Andropov suala cavab vermir: “İndi fasilə elan edək, yorulmuşuq”. Fasilədən sonra Saşa sual verir: “Mənim iki sualım var. Birinci sualım: kolbasa haçan olacaq? İkinci sualım: Vova hardadır?”