Medianews.az
İqtidar oyunlarında vəzir qambiti
230 baxış

İqtidar oyunlarında vəzir qambiti

 

İqtidar çətin sınaq qarşısındadır. Artıq vaxtilə monolit olduğu ilə qürrələnən siyasi düşərgə tam parçalanmaq təhlükəsi ilə üz-üzə dayanıb. 1993-cü ildən bu günə kimi heç bir zaman hakimiyyət daxilindəki vəziyyət bu dərəcədə ağır olmamışdı. Azərbaycanı idarə edən və cəmi bir neçə qruplaşmadan ibarət olan “səhmdarlar” arasında gedən savaş son həddə çatmaq üzrədir. Belə bir savaş müsbət sonluqla yekunlaşa bilməz.

 

Tarixdə klanların, dinastiyaların savaşı çox müşahidə edilib. Məsələn, 15-ci əsrdə İngiltərədə dinastiyalar arası ziddiyyətlər açıq savaş müstəvisinə transfer etdi. Plantaqent - Lankasterlərin və Yorkların savaşı birincilərin təmsilçisi Henri Tyudanın qələbəsi ilə çatdı. Nəticədə 117 illik dinastiya hakimiyyətinin özülü qoyulmuş oldu. Bu savaş nəticəsində ingilis aristorakratiyasının yüzlərlə nüfuzlu təmsilçisi məhv oldu.

 

Azərbaycanda da klanların apardığı mübarizə islahatlar uğrunda deyil, sanki dinastiya hakimiyyətinin qurulması istiqamətindədir; ən azı belə bir təəssüratı yarada bilib. Üstəlik, vəziyyət o dərəcədə gərgindir ki, prosesdə ciddi qurbanların olacağı qaçılmaz görünür.

 

Şahmatda “vəzir qambiti” deyilən bir termin mövcuddur. Ağ fiqurlarla oynayan oyunçu vəzirin qarşısındakı piyadanı qurban təklif etməklə, digər piyadanı irəli çəkir. Əgər, qara fiqurlarla oynayanlar təklif olunan qurbanlıq piyadanı qəbul edərlərsə, vəzir qambiti baş tutmuş hesab olunur. Lazımi məqamda hansısa fiqurun qurban verilməsi sadəcə bir gedişdir və oyunun ümumi xəttinə müsbət təsir göstərmiş olur. Bu baxımdan, şaha yaxın duran fiqurun (prezidentə yaxın məmur(lar) anlamına da gələ bilər) qurban verilmə perspektivi qarşı tərəfdən müsbət qarşılanacaqsa, vəzir qambiti situasiyası yarana bilər.

 

İqtidar daxilində baş verənlər kimlərinsə “kəlləsinin alınmasını” labüd edir. Klanlararası savaş o dərəcədə şiddətlənib ki, yalnız piyadalar deyil, daha önəmli fiqurlar da qurban kimi təklif oluna bilər. Lakin bütün bunlar, oyunda qalib gəlməyə kifayət etməyə bilər. “Naxçıvan”, “Qərbi Azərbaycan”, “Bakı-Şirvan” klanları bir birlərinin “qanını tökməyə” hazırdırlar. Görünən budur ki, qurban verilən yalnız önəmli bir fiqur deyil, bütöv bir qruplaşma da ola bilər. Əllərində yüz milyonlarla vəsaiti olan, daxili, xarici əlaqələrə malik məmurların müxalifətə transfer etmə perspektivi iqtidarın süqutunu yaxınlaşdıra bilər.

 

İstənilən halda, saray müharibəsi hakimiyyət düşərgəsində böyük çat yaradır. Xarici təzyiqlər isə bu çatı daha da dərinləşdirir. Yaranmış vəziyyət o dərəcədə nəzarətdən çıxıb ki, artıq klanların mübarizəsi birbaşa dövlət başçısına qarşı yönəlir.

 

Kənar baxış onu deməyə əsas verir ki, prezident son dərəcə həssas bir məqamda koordinal dəyişiklər etmək, qruplaşmaları zərərsizləşdirmək, onların iddialarını ram etməyə vaxt tapmaya bilər. Lakin iqtidar düşərgəsində elə vəziyyət yaranıb ki, çoxhakimiyyətlilik siyasi idarəetmənin əsasına çevrilib.

 

Bütün bu baş verənlər fonunda müxalifətin tamaşaçılar skamyasında oturması anlaşılan deyil. Daxili savaşlardan əziyyət çəkən, beynəlxalq aləm tərəfindən küncə sıxışdırılan iqtidara qarşı sistemli zərbələrin vurulması iqtidar dəyişikliyini sürətləndirə bilərdi.

 

Ən maraqlı məqamlardan biri də odur ki, beynəlxalq güclər iqtidardaxili müəyyən qruplaşma ilə əməkdaşlıq görüntüsü yaradır, bununla da hakimiyyətin içəridən sökülməsi prosesinə təkan vermiş olurlar. Məhz belə dəstəyin nəticəsində “ikinci hakim ailə”nin manevr imkanları son zamanlar xeyli dərəcədə genişlənib.

 

Bütün bunlar seçkilərə günlər qalmış edilir. Odur ki, “köhnə qvardiya”, “ikinci hakim ailə”, Bakı və Naxçıvan klanları arasında gedən savaşın təlatümləri daha ağır fəsadlardan xəbər verir.

 

Əgər, “köhnə qvardiya” (“Naxçıvan klanı”) mövcud status kvonu qorumaq istəyirsə, “ikinci hakim ailə” seçkilərə tam yeni komanda və öz namizədi ilə getməyi hədəfləyir.

 

Bir sözlə, iqtidar düşərgəsindəki savaşı durdurmaq artıq imkansız görünür. Lövhədə “vəzir qambiti” zərurirəti yaranıb. Lakin problem ondadır ki, ilk qurbandan sonra, sistem tam sökülə bilər.

 

 

Son 20 ilin ən böyük şansı məhz indi yaranıb. Proseslərin sonu isə müxalifətin və cəmiyyətin atacağı addımlardan asılı olacaq...

Bizə qoşulun