
“Siyasi məhbus yoxdur”, “... həbs olundu”
Son altı-yeddi ildə bu mövzuda yüzlərlə bənzər bəyanat, açıqlama yayılıb. Səslənən fikirləri əsasən “lehinə” və “əleyhinə” qrafasına bölmək olar. Hətta ilk bu sayaq bəyanatın son 20 ilin məhz hansında səsləndiyini müəyyən etmək çətindir. Yəqin ki, bu “mübarək iş” elə 1993-cü ilin iyulunda baş verib.
Başlayaq 2007-ci ildən.
***
Deputat Məlahət Həsənova: “Azərbaycanda siyasi məhbus problemi yoxdur” - 04 avqust 2007, “Zaman” qəzeti;
Bu, o vaxtlar idi ki, Azərbaycan məhbəslərində 50-dən artıq siyasi məhbus vardı və onların 10-a yaxın təkcə yazarlar, jurnalistlər idi. Ancaq deputat belə deyirdi.
***
Deputat Səməd Seyidov: “Azərbaycanda siyasi məhbus yoxdur” - 9 aprel 2008, Deyerler.org;
Bu, Mirzə Sakit, Eynulla Fətullayev, Qənimət Zahid kimi bir sıra tanınmış siyasi məhbusların həbsdə saxlandığı və beynəlxalq təşkilatların, superdövlətlərin onlara azadlıq tələb etdiyi il idi.
***
Ziyafət Əsgərov: “Azərbaycanda siyasi məhbus yoxdur” - 02 fevral 2011. milli.az;
Nazir Azad Rəhimov: “Azərbaycanda siyasi məqsədlərlə həbs olunmuş gənc məhbus yoxdur” -
09 sentyabr 2011, “Azadinform”;
Penitensiar Xidmətin rəisi Mədət Quliyev: “Azərbaycanda siyasi məhbus yoxdur” - 12 dekabr 2011, İTV.
Bu, Arif Hacılı, Tural Abbaslı, Əhəd Məmmədli, Elşən Həsənov, Elnur Məcidli və başqalarının əsassız ittihamlarla mühakimə olunub həbsə atıldığı ildir.
Bu da həmin ilin xəbəridir: “Nemət Pənahlı həbs edildi” - 09 yanvar 2011.
***
Deputat Siyavuş Novruzov: “Azərbaycanda siyasi məhbus yoxdur” - 21 dekabr 2012. Salamnews
Əli Əhmədov: “Azərbaycanda siyasi məhbus yoxdur” - 07 avqust 2012. Avropa.az
Elmira Axundova: “Azərbaycanda siyasi məhbus yoxdur” - 24 dekabr 2012, Press24.az
Arif Rəhimzadə: “Azərbaycanda siyasi məhbus yoxdur” - 15 may 2012, “Sizinyol.com”
2012-ci il daha çox dindarların həbsi ilə əlamətdar olub. İlin əvvəlindən başlayaraq sonuna qədər 25-dən çox dindar siyasi motivlərlə (əsasən də icazəsiz aksiyaya çıxdıqları üçün) mühakimə olunublar.
***
Əli Hüseynli: “Azərbaycanda siyasi məhbus yoxdur” - 26 yanvar 2013, gün.az
İlham Əliyev: “Siyasi məhbuslar mövzusunu bağlı hesab edirəm” - 21 iyun, 2013 BBC
Bu ilin siyasi məhbuslarla bağlı mənzərəsini isə aşağıdakı müvafiq xəbər başlıqları ilə izləyək:
“Tofiq Yaqublu həbs olundu” - 24.yanvar, 2013, musavat.com;
“İlqar Məmmədov həbs olundu” - 04 fevral, 2013, lent.az
“Nida” üzvü həbs olundu - 5 mart, 2013, musavat.com;
“Daha bir ”Nida"çı həbs olundu" -15 mart 2013, azadlıq.info;
“Nida”nın daha bir üzvü həbs edildi" - 06 aprel 2013 Medianews.az;
“Nida”nın daha iki üzvü həbs edildi" - 30 mart 2013, modern.az;
“Qurban Məmmədov həbs olundu” - 4 iyun, 2013, musavat.com.
“Akif Muradverdiyev barəsində 2 ay müddətinə həbs qərarı verildi” - 20 iyun 2013, apa.az
“Yadigar Sadıqov polisdə saxlanıldı”, - 28 iyun, musavat.com.
***
Bu cür siyahını siyasi motivlərlə saxlanılan digər şəxslərin, saxlanılıb buraxılan, təhqir olunan adamların hesabına xeyli artırmaq olar.
Bunlar sırf siyasi fəallığına görə həbs edilən, barələrində qondarma cinayət işləri açılan şəxslərdir.
Bu siyahıda adı keçən Y.Sadıqov heç də sonuncu deyil. Bu günlərdə daha bir neçə tanınmış şəxs (polkovnik İsa Sadıqov və bəstəkar Hüseyn Abdullayev) uzun müddətdən sonra yada düşüb və onlar axtarışa veriliblər.
Bu şəxslərin də siyasi motivlərlə təqib olunduğu açıq-aşkar ortadadır, hər şey mediaya və ictimaiyyətə gün kimi aydındır.
2013-cü ilin siyasi fəallar üçün qara gəldiyi hələ yanvardan bəlliydi, artıq il yarı olub, siyasi motivli həbslər davam edir, yəqin ki, oktyabra qədər bu siyahı daha da artacaq.
Hətta ola bilər ki, oktyabrdan sonra siyasi məhbusların sayı iki, üç qat artsın. Ola da bilər ki, onların hamısı azad olunsun.
Gün o gün ola ki, hansısa dövlət məmurunun və ya deputatın “Azərbaycanda siyasi məhbus yoxdur” deməsinə ehtiyac qalmaya. Gerçəkdən də hansısa bir ölkədə siyasi məhbus olmayanda bu cümlədən istifadə etmirlər.