
Zamin HACI
Oyuncaq hekayəsi
Bu gün silahlı qüvvələrin yaradılması günüdür. Mənim ordu ilə bağlı çoxlu acılı-şirinli xatirələrim var, birini yazmaq istərdim.
Cəbhə xəttində blindajı isitmək üçün bizə mazutun tullantısı olan, “peçnoy” deyilən (təəssüf, bizim dildə adını bilmirəm) bir iyrənc maddə verirdilər. Çox pis iyi və tüstüsü olurdu, o üzdən hamımız zənci balalarına oxşayırdıq. Hətta bizim 1-ci batalyonda belə yüngül zarafat var idi: “Bakıya getmişdim, küçədə 2-ci rotanın əsgərini gördüm, salam verdim, dedi mən zənciyəm”.
Uzun sözün qısası, bir dəfə xeyli aralıdakı kəndə nə üçünsə düşmüşdük, 3 əsgər kəndarası çınqıl yolla gedirdik. Qarşıdan məktəbli uşaqlar gəlirdi, hardasa 1, ya da 2-ci sinifdə oxuyan balaca qızlar idilər. Deyib-gülərək bizim tuşumuza çatdılar, böyrümüzdən keçərkən hamısı burnunu tutub keçdi. Sonralar bir neçə dəfə də gördüm ki, balaca uşaqlar bizim üst-başımızdan gələn pis qoxudan iyrənirlər.
İndi Bakıda parad olacaq, texnikaları ordan-bura sürəcəklər. 20 ildir böyük bir ərazisi işğal altında olan ölkədə bu artıq 3, ya da 4-cü paraddır. Guya bununla insanlarda vətənpərvərlik artırmı? Hər il günahsız yerə ölən əsgər sayı azalırmı? Bəs o zaman həmin hərbi güc kimə nümayiş etdirilir? Məqsəd azərbaycanlıları qorxutmaqdırsa, biz elə sahə müvəkkilinin “Mercedes” maşınından da qorxuruq, üstümüzə zenit kompleksi sürməyə ehtiyac yoxdur.
Ümumiyyətlə, dünyanın anasını ağladan NATO dövlətlərinin hansınınsa haçansa parad qayırdığını görmüsünüzmü? Məsəl üçün, təsəvvür edin Obama durub Vaşinqtonda Ağ Evin qabağında, hərbi paradı qəbul edir. Yaxud hərbi texnikalar Parisin mərkəzindən yürüş edirlər. Nələrinə gərək? Lazım olanda “paradı” Bağdadda, Kabulda keçirirlər.
Əlbəttə, bizim özümüzü hegemon dövlətlərlə müqayisə etməyimiz gülünc olardı, biz gərək özümüzü Stavropol vilayətiylə, Çukotka yarımadası ilə, canım sənə desin, Naxçıvan Muxtar Respublikası və Lənkəran rayonu ilə müqayisə edək. “Biz” deyərkən burda orta statistik dünya azərbaycanlısı nəzərdə tutulur. Onlardan Avstraliyanın Melburn şəhərində yaşayanlar da var. Burdan onlara salam göndərirəm: “Sərin sulu bulaqlardan, Sizə salam gətirmişəm”.
Bu parad məhəbbətinin dilçiliklə bağlı köklərinin olmasından da şübhəliyəm. Sözə diqqət edin: parad. Bunun axırıncı hərfi dilimizin daxil olduğu türkdilli qrupun fonetik qanunlarına görə səslənmə zamanı çətinliklə deyilir, hətta bəzən hərf “düşür”. İndi yerdə nə qalır? Ay sağ olun: para! Dövlətimizə rəhbərlik edənlər fikirləşirlər ki, bu parad nədirsə pulla, para ilə əlaqəlidir. Durursan tribunada, avrolar, dollarlar, funt-sterlinqlər “paçka-paçka”, diplomatda, nə bilim, “meşokda”, xaralda gəlib keçirlər, sən də çest verirsən. Aparıcı da ahəngdar, Levitanı andıran səslə mətni oxuyur: “Budur, yüzlük manatlardan ibarət banknotlar indi önümüzdən keçirlər. Xalq onları sevinclə qarşıladı. Tribunaya ofşor şirkətlərin qiymətli kağızları, xaricdəki villaların əmlak qeydiyyatı sənədləri yaxınlaşır. Dövlətimizin başçısı onlara atəşin ali baş komandan salamı yollayır. Azadlıq meydanı coşqu içindədir. İnsanlarımız yeni alınan pulları, qızıl külçələrini məhəbbətlə seyr edirlər”.
Hətta məndə dəqiq məlumat var, bir neçə general paradda hərbi texnikanın keçəcəyini öyrənəndən sonra əsəbləşib, infarkt olubdur. İnsanın gözlədikləri həyata keçməyəndə, bulduğu umduğu olmayanda belə hallar mümkündür.
Sonda arzu edərdim ki, növbəti paradlarda Müdafiə Sənayesi Nazirliyimizin istehsal elədiyi milli yaba, dımrıq, balta kimi alətlər də nümayiş etdirilsin. Sovet dövründə SSRİ-dən qayıdan Amerika casusunun MKİ şefinə elədiyi məruzə haqda lətifədəki kimi: “Şef, onlarda desant, tank, piyada və sairə bölümlər var. Ancaq bir bölüm də var, biz beləsini görməmişik. ”Stroybat" adlanır. O qədər vəhşi əsgərlərdir ki, hətta avtomat da vermirlər, ancaq “lopatka”ları olur".
musavat.com