Medianews.az
Gündəm dəyişdirən təşəbbüs
137 baxış

Gündəm dəyişdirən təşəbbüs

Gündəm dəyişdirən təşəbbüs

Ölkənin ictimai-siyasi həyatında heç bir rolu olmayan partiyanın, kiçik siyasi qrupun belə bir təşəbbüsü - hazırkı prezidentin xanımını prezidentliyə namizəd göstərməsi siyasi gündəmi dəyişməyə kifayət etdi.

Ona görə ki, illərdən bəri formalaşmış siyasi ənənələri nəzərə alanlar bilirlər: bu cür ölkələrdə bu kimi təşəbbüslər öz-özünə meydana çıxa bilməz. Əksəriyyətdə belə bir əminlik var ki, hər şey öncədən planlaşdırılıb.

Hərçənd Azərbaycan tipli ölkələrdə öz təşəbbüsü ilə yarınmanın şiddəti bəzən o səviyyəyə çatır ki, mənfəətpərəst qruplar özfəaliyyət edir, yaltaqlığın dozasını artırır, nəticədə qulaqburması alırlar. Onların belə yarınmalarının məmnunluqla qarşılandığı halları da çox olur. 

İlin əvvəlindən başlayaraq ölkənin həmkarlar ittifaqlarını birləşdirən konfederasiyanın İlham Əliyevi üçüncü dəfə prezidentliyə namizəd göstərməsi bu qəbildən olan hərəkətdir. Bu təşkilata “nahaq belə bir təşəbbüs qaldırdınız” deyən olmadı və başqaları da onlara baxaraq öz qərarlarını elan etməkdədirlər.

Ümumiyyətlə, bu məsələnin qaydası odur ki, hər kəs öz namizədliyini özü irəli sürməlidir, yaxud onun namizədliyini irəli sürənlərə razılığını verməlidir.

DADP adlandırılan partiyanın Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevadan müvafiq razılıq alması indilikdə inandırıcı görünmür. Eyni zamanda bu təşəbbüsün boş yerdən ortaya çıxması da ağlabatan deyil. 

Niyyət ortadadır və bu gözlənilən idi. Hələ bir neçə il öncədən belə bir durumun yaranacağı proqnozlaşdırılırdı. Hətta ölkədə qüvvələr nisbətinin tədricən dəyişikliyə uğraması, mövcud hakimiyyətin dayaq sütunları olan klanların bəzilərinin mövqelərinin zəiflədilməsi, nüfuz dairələrinin daraldılması göstərirdi ki, yeni situasiyaya hazırlıq gedir. 

Bu, hakimiyyət dairələrində də ciddi əndişə və müzakirələr doğuran məsələ idi. Hələ beş il öncə, prezident seçkilərindən dərhal sonra saxta referendum təşkil edərək, konstitusiyaya bir adama dəfələrlə prezident seçilmək hüququ verən maddənin əlavə edilməsi həmin əndişədən qaynaqlanırdı. 

O zaman bu dəyişiklik hakim komandadakı narahatlığı xeyli səngitdi. Ancaq budur, zaman su kimi axıb getdi və istər hakim ailə, istərsə də hakim komanda acı reallıqla üz-üzə qaldı: hakimiyyət dövranını necə uzatmalı ki, bu, həm ölkə xaricində, həm də ölkə daxilində ekstremal durum yaratmasın. 

Əlbəttə, ölkənin  və xalqın ümdə mənafeləri və beynəlxalq reputasiyası baxımından ən ideal variant hakim komandanın tamam başqa bir namizədlə çıxış etməsi, seçkiləri uduzacağı təqdirdə hakimiyyəti sakit şəkildə təhvil verəcəyini bildirməsi ola bilərdi. Ancaq hamımız bilirik ki, bu tipli rejimlərdə o tipli lütfkarlıq olmur. 

Avtoritar rejimlər hakimiyyəti qoruyub saxlamaq üçün bir qayda olaraq arsenallarındakı bütün silahlardan istifadə edir, bütün kartlarını oyuna qoşur, sona qədər dirəşirlər, ölkədə xoşagəlməz vəziyyət yaradırlar və bəzən uğur qazanır, bəzən süquta uğrayırlar.

Elə görünür ki, bir siyasi komandanın ən yeni tarixdə (1993-cü ildən hesablasaq) 20 illik hakimiyyəti doyumluq olmayıb və hökmranlığın davam etdirilməsinə ehtiyac var. 

Belə bir niyyət önümüzdəki günlərdə ciddiləşsə, bu o demək olacaq ki, hakim komanda öz birinci şəxsini formal olaraq dəyişməklə yola davam etmək, bu zaman beynəlxalq birliyi çaşdırmaq, bir sıra yazılmamış qanunlara və siyasi ənənələrə riayət etdiyini göstərmək niyyətindədir. 

Ancaq DADP-nin bu təşəbbüsü elə təşəbbüs olaraq da qala bilər, məsələn, elə bu gün M.Əliyeva bəyanat yayaraq, prezidentliyə namizəd olmaq niyyətində olmadığını bildirsə, bu məsələ ətrafında baş qaldırmış ajiotaj yatacaq.

O zaman bir məsələyə aydınlıq gələcək ki, hakim komanda hər halda seçkiyə köhnə namizədlə gedəcək. 

Yox, əgər hər hansı təkzib bəyanatı səslənməsə və müvafiq proses ciddiləşməkdə davam etsə, o zaman buna beynəlxalq birliyin, ölkə müxalifətinin, ən əsası hakim komandanın odioz oliqarxlarının reaksiyası maraqlı hadisələrlə müşayiət olunacaq.

Bizə qoşulun