Medianews.az
İsa Qəmbər: “Hakimiyyət çox narahatdır”
135 baxış

İsa Qəmbər: “Hakimiyyət çox narahatdır”

Müsavat başqanı İsa Qəmbər “Azadlıq” qəzetinə müsahibə verib. Medianews.az həmin müsahibəni təqdim edir

- Müsavat Partiyası olaraq demokratik qüvvələrin birliyinin tərəfdarıyıq və uyğun model kimi də real müxalifət qüvvələrinin, Ictimai Palatanın, ziyalıların, gənclərin bir araya gəlməsini hər zaman prioritet hesab etmişik. Bu baxımdan Rüstəm Ibrahimbəyovun Milli Şura yaratmaq ideyası bizim tərəfimizdən ən uğurlu ideyalardan biri kimi dəyərləndirilib və ilk gündən bu ideyanın baş tutmasına çalışmışıq. Hərtərəfli geniş müzakirələrdən, bir sıra məsələlərin hərtərəfli razılaşmasından sonra Milli Şuranı elan etmək mümkün oldu. Bu çox müsbət bir hadisədir. Cəmiyyətdə olan ruh yüksəkliyi də onu göstərir ki, belə bir addım yetişmiş bir addım idi. Amma bir sıra prinsipial məsələlər aydınlaşmadan biz bunu bəyan edə bilməzdik. Çünki burada bir sıra siyasi, ideoloji məsələlər var idi. Müsavat üçün dəyərlər həddindən artıq önəmlidir. Azərbaycan dövlətinin maraqları və Müsavatın qəbul etdiyi ümumi prinsiplər var. Həmin prinsiplər müzakirə olunmadan hər hansı birliyə daxil olmağı biz heç zaman özümüz üçün məqbul saymırıq. Bütün bu məsələlər ətrafında danışıqlar gedəndən, razılaşma əldə olunandan sonra yerdə qalan xırda məsələlərə-say və s. əhəmiyyət vermədən bunu bəyan etməyi mümkün saydıq. Inşallah xeyirli olar.

 

“Hakimiyyətin cəmiyyəti qorxutmaq cəhdi əbəsdir”

 

- Hakimiyyət Milli Şuranın elan olunmasına bir qədər isterik münasibət bəslədi. Bu yanaşma həm hakimiyyət təmsilçilərinin yanaşmalarından, həm də son zamanlar iqtidarın reallaşdırdığı zorakı addımlardan da hiss olunur. Sizə qarşı Zaqatalada baş verən təxribat, Aslan Ismayılovun oğurlanaraq zorakılığa məruz qalması da hakimiyyətin demokratik düşərgəyə qarşı yenidən təzyiq kampaniyasına start verdiyin göstərir. Bu reaksiyanı necə dəyərləndirərdiniz?

 

- Hakimiyyət bütövlükdə çox narahatdır. Hakimiyyət bilir ki, populyar deyil. Iqtidar gözəl bilir ki, normal seçki keçirilərsə, seçkini uduzacaq. Ona görə də hər bir vəchlə cəmiyyəti qorxutmağa, siyasi fəallıqdan yayındırmağa və tale ilə barışmağa sövq etmək istəyir. Son hadisələr də hakimiyyətin bu istiqamətdəki addımlarını bir daha nümayiş etdirdi. Yəni insanları oğurlayaraq, hətta bəzən müxtəlif polis idarələrinə dəvət edərək, orada təhqir etmək, döymək, aşağılamaq faktları biabırçılıqdır. Bu, hakimiyyətin zordan başqa arqumentinin qalmadığından xəbər verir. Söhbət təkcə tanınmış adamlardan getmir. Son zamanlar bir çox tanınmış insanlar - Isgəndər Həmidov, Aslan Ismayılov və başqaları  oğurlanıblar. Amma cəmiyyətə bəlli olmayan bir çox faktlar var ki, hakimiyyət müxtəlif fəalları, mövqeyə sahib, ondan geri çəkilməyən insanları gizli şəkildə, güc strukturlarının rəsmi və qeyri-rəsmi məntəqələrinə apararaq insanlara orada hədə-qorxu gəlirlər. Əslinə qalsa, bu, hakimiyyətin özünün qorxusundan irəli gəlir.

Bizə qarşı olan təxribata gəlincə, hakimiyyətin münasibətini illərdir ki, görürük. Bizim bölgə səfərlərimizin qarşısını almaq üçün hakimiyyət hər vasitədən istifadə edir. Son dəfə isə 31 mayda hətta siyasi olmayan səfərdə də bizim hərəkətimizi məhdudlaşdırmağa çalışdılar. Bizə qarşı gah sürət faktorunu bəhanə etdilər, gah tabe olmamaqda ittiham etdilər, bir neçə dəfə maşını saxladıqdan sonra Qəbələdə sənədləri yoxlayaraq, etibarnamənin vaxtının 30 mayda bitməsini səbəb göstərdilər. Təbii ki, qanun hamıya eyni şəkildə tətbiq olunmalıdır. Görünür, bizimkilər də bu məsələdə diqqətsiz olublar. Çünki etibarnamə 30 mayda bitdiyi halda onu bərpa etmək üçün addımlar atılmayıb. Amma aydın məsələdir ki, məni saxlamaq üçün bəhanə axtarırdılar. Bəlkə də etibarnamə məsələsi olmasaydı, başqa şəkildə qarşımızı alacaqdılar. Amma fərqi yoxdur. Hakimiyyətin bu cür münasibəti bizi yolumuzdan döndərməyəcək. Hər şey onu göstərir ki, təkcə sınaqdan keçmiş müxalifət partiyalarının təmsilçiləri deyil, eyni zamanda vətəndaş cəmiyyətinin fəalları, ziyalılar, gənclər də hakimiyyətin bu təzyiqlərindən sınmırlar. Əksinə, mübarizələrini daha fəal şəkildə davam etdirirlər. Bu baxımdan hakimiyyətin addımları əks-effekt verir və verəcək. Türkiyədə baş verən son olaylar məncə, Azərbaycan hakimiyyətinə ciddi dərs olmalıdır. Türkiyənin də kifayət qədər problemləri var. Elə təəssürat yaranmışdı ki, cəmiyyət seçkiyə qədər proseslərin sakit davam etməsinin tərəfdarı idi. Amma ictimai narazılıq bir parkın məsələsində ortaya çıxdı və ciddi qarşıdurma yarandı. Yəni Əliyev rejimi dərk etməlidir ki, cəmiyyətin səbri, insanların mənliyi ilə bu qədər oynamaq olmaz. Nə zamansa, gözlənilməz anda bütün xalq ayağa qalxaraq, öz gücünü, iradəsini nümayiş etdirə bilər.

 

“Hakimiyyət xariclə də əlaqəni inhisara almaq istəyir”

 

- Milli Şuraya qarşı irəli sürülən ittihamlardan biri də təşkilatın Rusiyanın sifarişi ilə qurulması ilə bağlıdır. Bu təbliğata hakimiyyətyönlü mətbuatla yanaşı bir sıra müxalifət qəzetləri də sadiqdir. Bu kampaniyaya münasibətiniz necədir?

 

- Bütün məsələləri yazmaq, ortaya çıxan bütün informasiyaları işıqlandırmaq, cəmiyyəti məlumatlardan xəbərdar etmək medianın vəzifəsidir. Bu baxımdan konkret məsələlərin yazılmasını normal hesab edirəm. Məsələn, Almaniyanın tanınmış bir media strukturu bu məsələlərlə bağlı bir məqalə ilə çıxış edibsə, onun da Azərbaycan oxucularına çatdırılması normaldır. Sadəcə olaraq, bir neçə məqama diqqət yetirilməlidir. Əvvəlla Milli Şurada Müsavat Partiyası, AXCP, tanınmış ziyalılarımız təmsil olunub. Milli Şurada Azərbaycana bağlı, ölkəmizə sadiq ciddi qüvvələr var. Belə qüvvələrin olduğu bir yerdə Milli Şuranın xarici maraqlara xidmət etdiyini söyləmək ciddi təsir bağışlamır. Eyni zamanda bu gün ölkənin ən müxtəlif siyasi qüvvələri, ictimai kəsimləri bir araya gəlirsə, təbii ki, həmin qüvvələr arasında fərqli yanaşmalar, Azərbaycanın gələcəyi ilə bağlı fərqli düşüncələr ola bilər. Milli Şura yekcins bir siyasi qüvvənin koalisiyası deyil. Milli Şura Azərbaycanda fəaliyyət göstərən demokratik qüvvələrin, tanınmış şəxslərin, gənclərin geniş bir koalisiyasıdır. Milli Şura konkret bir seçkidə demokratik, dinc yolla ölkədə hakimiyyətin dəyişməsini qəbul edən geniş bir təşkilatdır. Burada müxtəlif yönlü insanlar ola bilər. Önəmli olan Azərbaycanın maraqlarını həlledici qəbul edən və heç bir şəkildə bu maraqlardan imtina etməyəcək qüvvələr var. Biz bir neçə dəfə milli maraqlara münasibətimizi nümayiş etdirmişik. Bir daha zərurət yaranarsa, istər Milli Şurada, istər ondan kənarda, istərsə də ona qarşı narahatlıqla yanaşan şəxslərə bunu sübut etməyə hazırıq.

 

Amma qəribə bir tendensiya var. Son vaxtlar hakimiyyət hər şeyi inhisara aldığı kimi xarici münasibətləri də inhisara almaq fikrindədir. Hər kəs bilir ki, hakimiyyət Rusiya elitası ilə sıx münasibətdədir. Eləcə də başqa dövlətlərlə bu münasibətlər var. Deməli, Əliyev rejimi belə hesab edir ki, xaricdə istədyi qüvvələrlə, istədikləri qədər əlaqə saxlaya, Azərbaycanın maraqlarını öz maraqlarına qurban verə-verə bu münasibətləri davam etdirə bilərlər. Amma demokratik qüvvələr başqa ölkələrdəki siyasi qüvvələrə heç salam belə verməməlidirlər. Halbuki, məhz bizim - Azərbaycanın istiqlalına, demokratik yolla inkişaf ideyasına sadiq olan, ölkəmizin dünyadakı mövqeyi ilə bağlı konkret baxışa malik olan demokratik qüvvələrin yaratdığı koalisiyanın xarici əlaqələrinə daha arxayın yanaşmaq olar.

 

“Əsl iş hələ bundan sonra başlayacaq”

 

- Milli Şura cəmiyyətin istəyinə uyğun olaraq ölkədə seçkiöncəsi demokratik mühitin yaradılması, seçkinin normal keçirilməsi üçün hansı planları, strategiyası var?

 

- Hakimiyyət demokratiyaya, xalqın öz iradəsini müəyyənləşdirmək hüququna qarşı bu qədər qəddarcasına mübarizə aparmasaydı, seçkiöncəsi belə bir koalisiyaya ehtiyac olmazdı. Məhz hakimiyyətin xalqın hüquqlarını tapdalaması, normal siyasi proseslərə imkan verməməsi müxtəlif mövqeli qüvvələrin bir araya gəlməsini şərtləndirir. Təbii ki, Milli Şuranın yaradılması cəmiyyətdə ruh yüksəkliyi, dəyişikliklərə, gələcəyə inam yaradır. Amma hələ Milli Şura yarananda da mən qeyd etdim ki, əsl iş hələ bundan sonra başlayacaq. Milli Şuranın yaradılması ilə problemlər avtomatik həll olunmayacaq. Yaranmış koalisiya ölkədə vəziyyəti dəyişmək, cəmiyyəti fəallaşdırmaq, normal seçkiyə nail olmaq üçün ciddi şəkildə planlı, konseptual işləmələi, fəaliyyət göstərməlidir. Təbii ki, bizim bu barədə düşüncələrimiz, ilkin razılaşmalarımız var. Milli Şura ilk iclasında özünün əsasnamə, idarəetmə məsələlərini həll etdikdən sonra bu istiqamətdə fəaliyyət göstərəcək ki, ölkədə azad və ədalətli seçki keçirmək mümkün olsun.

 

- Hələ Milli Şura yaranmamışdan əvvəl beynəlxalq təşkilatların təmsilçilərindən bəyanatlar səslənirdi ki, demokratik seçkinin alternativi yoxdur və ölkədə demokratiya uğrunda mübarizənin qələbə qazanması üçün demokratik qüvvələrin bir araya gəlməsi vacibdir. Artıq Milli Şura elan olunub. Bundan sonra beynəlxalq aləmin Azərbaycana münasibətində artan xəttin şahidi ola bilərikmi?

 

- Dəfələrlə bildirmişik ki, Azərbaycanda dəyişiklikləri  Azərbaycan xalqı həyata keçirməlidir. Cəmiyyəti də buna kökləməyə çalışmalıyıq ki, Azərbaycanda hakimiyyəti dəyişmək, xalqı iqtidara sahibləndirməyə aparmaq bizim missiyamızdır. Bu baxımdan biz beynəlxalq birliyin yeni yaranan təşkilatla əlaqəli təcili addımlar atacağı fikrində deyilik. Əslində bunu heç gözləmirik. Cəmiyyət aktivləşərsə, mövqeyini ortaya qoyacaqsa, xarici qüvvələr xalqın iradəsi ilə razılaşmalı olacaqlar. Demokratik inkişafı istəyən və istəməyən bütün qüvvələr bu reallığı qəbul etmək zorunda qalacaqlar. Əsas vəzifə cəmiyyəti fəallaşdırmaqdır. Qalan məsələlər bundan irəli gələn nəticə kimi ortaya çıxacaq.

 

- Bəlkə də bu sualı vermək bir qədər tezdir. Amma hər bir halda cəmiyyəti maraqlandıran və gündəmdə olan mövzulardan biri də Milli Şuranın seçkiyə vahid namizədlə qatılmaq fikri ilə bağlıdır. Milli Şuranın prezident seçkilərində vahid mövqedən çıxış etmənin məntiqi nəticəsi olaraq vahid namizədlə iştirak etməklə bağlı görüşləri nədən ibarətdir?

 

- Bu tamamilə mümkün versiyadır. Milli Şuranın yaranması demokratik düşərgənin seçkilərdə vahid qüvvə kimi iştirakına əlavə imkanlar yaradır. Ilk növbədə Milli Şuranın seçki strategiyasının müəyyənləşdirilməsinə, vahid seçki  platformasının hazırlanmasına ehtiyac var. Bunu həll etmək kifayət qədər realdır. Bundan sonra seçkilərdə təbii ki, Milli Şuranın öz namizədi ilə çıxış etmək imkanı artacaq və bu məsələ ciddi müzakirə olunacaq. Bu barədə müxtəlif ideyalar var və Azərbaycan naminə ən yaxşı ideyanı qəbul edərək, onu reallaşdırmalıyıq. Mən partiyamızın mövqeyini bir daha diqqətə çatdırım: Müsavat Partiyası olaraq seçkilərdə iştirakı həddindən artıq vacib sayırıq. Bütün siyasi qüvvələri də seçkilərdə boykot əhval-ruhiyyəsinə qapılmamağa çağırırıq. Kim hesab edirsə seçkilərdə iştiraka hazırdır, öz namizədliyini irəli sürsün. Kim buna hazır deyilsə, başqa qüvvələrlə birlikdə seçkilərdə iştirak məsələlərini nəzərdən keçirsin. Eyni zamanda bir neçə il bundan əvvəl bildirmişdim ki, elə bir şərait yarana bilər ki, demokratik qüvvələr, siyasi partiyalar seçkilərə partiyalara birbaşa bağlılığı olmayan intelektuallardan birinin namizədliyi ilə gedə bilər. Mən bu variantı da istisna etmirəm. Bütün bu imkanlar hərtərəfli müzakirə edilib, ən düzgün qərar qəbul edilməli və həyata keçirilməlidir.

 

Bizə qoşulun