
Spikerlə söz güləşdirən deputat
Parlamentdə 125 deputatımız var, təxminən yarısını çoxumuz tanıyırıq. Onların içində ən hörmət olunası ilk beşini müəyyənləşdirəsi olsaq, spiker Oqtay Əsədovun adı əl-əlbət o siyahıya düşər. Niyə?
İndi bunu yavaş-yavaş xırdalayım.
Əvvələn, ona görə ki, Oqtay müəllim təmkinli adamdır, hələm-hələm cırnayan, səsini qaldıran, emosionallıq edən adam deyil. O vaxt deputat Pənah Hüseyn hansı spikerə parlamentin iclasında o cür dirəşsəydi, vallahi, həmin spiker ya rəyasətdən enib onunla şəxsən tutaşardı, ya da mühafizəçilərinə əmr verərdi ki, arada bəyə badalaq verin, yıxılsın. Amma Oqtay müəllim sona qədər dözdü, arada əsəbiləşirdi də, amma səsini qaldırmırdı, hövsələ ilə deputat Pənah Hüseynin mandatının öz təbii axarı ilə sona çatmasını gözləyirdi. Nəhayət, 2010-da canı qurtardı.
Yeri gəlmişkən, məndə belə bir eksklüziv məlumat var ki, Pənah Hüseynin təkrarən deputat seçilməməsinin başlıca səbəbi o olub ki, guya spiker yuxarılar qarşısında məsələ qaldırıb, deyib, bu parlamentdə ya o qalmalıdır, ya da mən, işləməyə imkan vermir.
Bu xəbərin səhihlik dərəcəsini qoyuram bir qırağa, nə bilmək olar, bəlkə heç Oqtay müəllim bu məsələyə gerçəkdən də qarışmayıb, fikirləşib ki, seçilir, seçilsin, birinci beşillikdə olduğu kimi, ikinci beşillikdə də onun öhdəsindən gələ bilərəm.
Xüləs, spikerin daha bir müsbət məziyyəti ondan ibarətdir ki, ifallı, abırlı adamdır. Özünü həyasızlığa qoyub gözə girənlərdən fərqlənir, bir çox məqamlarda abrına qısılmağı bacarır. Heç tribunadan istifadə edərək, uzun-uzadı danışmır da. Başını aşağı salıb spikerliyini eləyir, ölkənin üçüncü böyük vəzifəli şəxsi olsa da, bəziləri kimi iqtisadi imperiya qurub holdinqlər yaratmır, necə deyərlər, gözütox adamdır.
Bu yerdə qeyd etməliyəm ki, əslində bu sətirlərin müəllifi bəzən cənab Əsədovun yol getmək prosedurundan əziyyət çəkir. Bir də görürsən, Sulutəpə tərəflərdə spikeri müşayiət edən mühafizəçilər sərnişini olduğum maşının nömrəsini qışqıraraq deyirlər, çək yolun sağına. Hər dəfə spikerin yolu açıq olsun deyə, qəza şəraitinə düşərək yolun sağına çəkilmək xoşuma gəlməsə də, başa düşürəm ki, bizdən fərqli olaraq o, iş-güc adamıdır, işə, iclasa vaxtında çatmalıdır. Biz də bu saat aeroporta gecikmirik ki. Yeri gəlsə, 2-3 saat tıxacda gözləyə bilərik.
İndi gələk mətləb üstünə. Ötən həftə Oqtay müəllim məhbəsdə olarkən şəkilləri çəkilib yayılmış gənc fəalların məruz qaldıqları müvafiq psixoloji təzyiq barədə danışarkən, həmin şəkilləri çəkib-yayanlara qəşəng bir mesaj göndərmişdi, “ar olsun onlara” demişdi. Qədirbilən ictimaiyyət bu reaksiyadan çox razı qalmışdı. Hamı deyirdi ki, ədalətli spikerə bu yaraşır, göz önündə olan qanunsuzluq faktını pisləməkdən çəkinmədi.
Budur, parlamentin dünənki plenar iclasında deputat Etibar Hüseynov deyib ki, o şəkilləri çəkib yayanlar yaxşı eləyiblər və mən spikerdən fərqli olaraq onlara “ar olsun” demirəm, “eşq olsun” deyirəm.
Bu yerdə, əlbəttə, ilk saniyələrin reaksiyası olaraq, “hmmm” demək lazım gəlir. Çünki adi bir deputatın durub hamının gözünün qabağında Qafqaz regionunun lider dövləti olan ölkənin 125 nəfərlik parlamentinin sədri və ölkənin rəsmən üçüncü böyük vəzifəsini tutan şəxsə, türkün sözü, kafa tutmasının son illərdə analoqu olmayıb. (Nəzərə alaq ki, ötən çağırışlarda deputat Rza İbadov hərdən spiker Rəsul Quliyevlə dilləşirdi - müxalifətçi deputatların analoji hərəkətləri hesaba alınmır, o təbii idi). Belə çıxır ki, “Lider”də hazırladığı verilişlərin qonorarı olaraq cibinə mandat qoyulmuş deputat bu qədər şişib ki, Qafqaz regionun... belə bir hörmətli deputatının sözünün üstündən söz deyir, ona səhv tutur, “sən düz demirsən, mən düz deyirəm” ədası nümayiş etdirir, “bir də elə səhv buraxma” mesajı verir, yuxarılara “spiker yumşaq danışmaqla ümumi işimizə ziyan gətirir” xəbərdarlığı göndərir və sair və ilaxır. Bir az da inkişaf etdirsək, bu söhbətin axırı pis yerlərə gedib çıxar.
İndi mən gözləyirəm ki, salamatçılıq olsa, o vaxtacan YAP hakimiyyətdə qala bilsə, 2015-ci ildə o parlamentdə ya Oqtay Əsədov qalacaq, ya da Etibar Hüseynov.