Medianews.az
Girovluqdakı ana
165 baxış

Girovluqdakı ana

 

Girovluqdakı ana

 Təbriz zindanında saxlanılan alim xanımın ailəsi daha dözə bilməyib dilə gəldi, hökuməti tənqid elədi. Bir hökumət ki, 17 gündür izi-sorağı, harada, hansı şəraitdə saxlandığı aydın olmayan iki vətəndaşının taleyinə aydınlıq gətirə bilməyə, əlbət ki, onun fəaliyyəti tənqid olunmalıdır. Ancaq təkcə şəhriyarşünas Xalidə Xalidin övladları tərəfindən yox...

Milli Məclislin son iclasında deputat Zahid Oruc haqlı olaraq parlamenti məsələyə biganə qalmamağa, İranın özbaşınalığına adekvat cavab verməyə çağırsa da, sədarət tərəfindən qınandı. Anlaşılandır, İran böyük və qorxunc dövlətdir, onunla baş-başa gəlmək Azərbaycan üçün yaxşı bir şeylər vəd eləmir. Ancaq alim və sürücüsünün həbsi Elmar Məmmədyarovun İsrail səfərinə, Bakının İsraillə diplomatik əlaqələr qurmasına cavabdır. Gərək Azərbaycan hökuməti bütün bunları göz altına alsın, siyasət yürüdəndə vətəndaşlarını risk altında qoymasın. 

Xalidə Xalidin oğlu haqlı deyilmi? Anasından üç həftəyə yaxındır soraq yoxdur, Təbrizdəki Konsulluq, Xarici İşlər Nazirliyi sadəcə “narahat olmayın, hər şey yaxşı olacaq” deyib gün keçirir. Əgər Tehran Bakının müraciətinə məhəl qoymursa, nədən BMT-yə, Avropa qurumlarına müraciətlər edilmir, çağırışlar ünvanlanmır? Bəlkə Xalidə Xalid, ya köməkçisi sahibsizdir, kasıb adamlardır, məmur-oliqarxlarla qohumluğu yoxdur, ona görə hökumət belə laqeyd yanaşır. 

Nord-Ost fəlakəti yadınızdadırmı? Azərbaycanın məmurlardan birinin də ailə üzvləri çeçen yaraqlıları tərəfindən girov götürülmüşdü. Çevik reaksiya verildi, nə mümkünsə edildi və çox yaxşı ki, Azərbaycan vətəndaşları xilas oldu. İndi nədən belə çeviklik, həssaslıq göstərilmir? Axı ortada iki vətəndaşımızın taleyi var. Axı söhbət azərbaycanlı xanımın, özü də türk millətçisi, vətənpərvər bir ziyalının, ananın zindanda olmasından gedir. Xalidə Xalid AMEA-nın elmi işçisidir, ancaq qurum rəhbərliyinin hələ məsələyə rəsmi münasibəti yoxdur. 

Təbii ki, bu həbs həm də İrana bağlı fəaliyyətdə suçlandırılaraq həbs edilən şəxslərin təqib olunmasının cavabıdır. Onsuz da aqoniya vəziyyətində olan, dünyanın basqıları, Suriya ətrafında baş verənlərlə bağlı gündən-günə aqressivləşən İran bu kimi addımlarla Azərbaycanı cəzalandırmaq istəyir. Xalidə Xalidin həbsi həm də Park.inn otelində Güney Azərbaycan forumuna icazə verən Bakıya sərt mesajdır. Rəsmi Bakı isə bütün bunları ciddi şəkildə araşdırıb ortaya konkret fəaliyyət qoymalıdır. Ötən illərdə İran fizik alim Rəşid Əliyev də casusluqda suçlayaraq aylarla zindanda saxladı. Elə ötən il iki gənc şairi aylarla ETTELAAT-da sorğu-suala çəkdilər. İndi daha iki girovumuz var və dünya bundan xəbərsizdir.

Dünya təcrübəsində başqa nümunələr də var. İranın qəzəbinə tuş gəlsə də deyək: İsrail hökuməti iki il əvvəl Fələstin zindanında saxlanılan Gilad Şalit adlı əsgərinin azad olunması üçün 1027 fələstinli məhbusu azad etdi. Başqa bir nümunə: 781 gün İranda həbsxanada saxlanılan iki amerikalı səyyahın ölkəsinə qaytarılması üçün ABŞ az qala bütün dünyanı ayağa qaldırmışdı. Üçüncü misal: İranda Böyük Britaniyanın Tehrandakı səfirliyinə hücum zamanı girov götürülmüş altı nəfər elə dünyanın işə qarışması ilə azad edildi. Düzdür, Azərbaycan nə İsrail, nə ABŞ, nə də Britaniya deyil. Ancaq Azərbaycan İrana qarşı həmin dövlətlər qədər də aqressiv olmayıb, dostluq, qonşuluq məsələlərini hər zaman əsas sayıb. Üstəlik, heç Bakı öz ərazisini İrana qarşı hərbi əməliyyatlarda istifadə üçün vermək niyyətində də deyil. Deməli, dövlət və millət olaraq biz bir azca çalışsaq, məsələni ictimailəşdirsək, Xalidə xanım da tezliklə azadlığa çıxar.

Düzdür, bu gün Azərbaycan hökuməti Amerika, Avropa ilə müharibə vəziyyətindədir. Bəlkə də İran zindanında saxlanılan iki vətəndaşının məsələsini qaldırmağa ürək eləmir, yəqin düşünürlər ki, ETTELAAT-da saxlanılanların məsələsi qaldırılsa, deyərlər zəhmət çəkin, siz də NİDA-çıları, islamçıları, facebook məhbuslarını, Quba, İsmayıllı, “Binə” aksiyasının məhbuslarını azad edin. Təəssüf ki, hökumətimizin başı içəridə özümüzünküləri tutmağa qarışıb...

Yeri gəlmişkən, bu günlərdə yada düşdü ki, bizim bir əsgərimiz erməni əsirliyindəymiş, Fərəcov Firuz 2012-ci ilin iyulunda Tovuz rayonu tərəfdə azaraq ermənilərə əsir düşüb. Qırmızı Xaç olmasaydı, əsir əsgəri lap unutmuşduq. Bəlkə Qırmızı Xaça deyək Xalidə Xalidi də axtarsın...

Sadəcə deyən gərəkdir...

Bizə qoşulun